Gülşən ŞƏRİF

Mətbuatımızın indiki vəziyyəti qəfəsdə yaşamağa öyrəşmiş quşun azadlığa buraxılması və özünü tam ifadə edə bilməməsi qədər "azad”dır.

 

Azərbaycan mətbuatının inkişaf mərhələsi ilə bağlı bir yazı oxuyurdum. Yazılmışdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyulmuşdu. Ta ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Belə demək olarsa, Azərbaycan mətbuatı azad günlərini yaşamağa başladı.

 

Düzünü demək lazımdırsa, mətbuat sahəsində özünəməxsus yer tutan bir neçə jurnalistdən Azərbaycan mətbuatının 90-cı illərdə ölməsi ilə bağlı fikirlər eşitmişəm. Yəni ki, 90-ci illərdə azad Azərbaycan mətbuatı bir biznes mərkəzinə çevrilməyə başlayıb. Mətbuatın o dövrlərdəki vəziyyəti barədə konkret olaraq, fikir söyləmək yəqin ki, mənə düşməz. Çünki mənim yaşımdan dolayı o dövrkü mətbuatla bağlı bildiklərim ancaq oxuduğum yazılar qədərdir. Oxuduqlarıma və canlı müşahidə edə bildiyim indiki mətbuatımız barədə isə fikir bildirməyə haqqımın çatdığını düşünürəm.

 

İndiki dövrdə Azərbaycan mediasını müstəqil institut kimi qəbul etmək olarmı?

 

Yəqin ki, çox insanın cavabının necə olacağı bəllidir. Mənə elə gəlir ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, sovet illərində yetişən orta və yaşlı nəsil nümayəndələri yeni nəsil gəncləri jurnalistika sahəsində düzgün yönləndirmirlər. Təbii ki, Azərbaycan mətbuatının inkişafı üçün dövlət tərəfindən yüksək qayğı göstərilib və göstərilir. Ancaq bu bizi qane edirmi? Məncə, yox. Əgər mövcud mediamızda mətbuat və söz azadlığının olduğunu deyiriksə, bəs nəyə görə mediamız və jurnalistlər bu qədər sıxışdırılır? Nəyə görə jurnalistikamız mühacirət həyatı yaşayır? Ölkə mətbuatı üçün böyük faydaları ola biləcək onlarla gənc jurnalistlərimiz ölkəni tərk edirlər, təhdidlə üzləşirlər, həyati təhlükə ilə yaşamağa məcbur olurlar. Hətta ən bərbadı - öldürülürlər. Jurnalistlərin "gözüm çıxdı”ya salınması qədər mətbuatın özü də çıxılmaz dalana dirənib.

 

Bu gün mətbuatda gedən xəbərlərin məzmununa baxsaq, görərik ki, mətbuatımız çox cılızlaşıb və ya cılızlaşdırılıb. Mən mediamızın yüksək səviyyədə inkişaf etdiyini deyə bilmirəm. Mövcud vəziyyətdə mətbuatımız xalqa xidmət etməkdən çox, xalqın əsəblərini tarıma çəkmək, hansısa şəxslər barədə yanlış məlumatlar yaymaq və psixoloji sarsıntı verməklə məşğuldur.

 

Sizə yüzdəyüz əminliklə deyirəm, bu cəmiyyətdə intihar etmək istəyib, "adıma min söz çıxaracaqlar, ondansa, intihar etməyib yaşayım” -düşüncəsində olan minlərlə insan var. Demirəm, intihar yaxşı haldır. Sadəcə bu insanlar niyə vedrə qoşmağa belə meyllidirlər? Və ya mətbuatımız niyə bu qədər ucuz həddə çatıb. Ki hansısa məlumatı dəqiqləşdirmədən çəkinmədən tirajlaya bilir? Mətbuatda gedən yanlış xəbərlərdən dolayı, lazım olan yerdə sözünü deməyə qorxanlar tanımadıqları insanların şəxsi həyatının mərkəzində özlərini "söz sahibi” hiss edirlər. Eləcə də, "mətbuat ölüb” deyənlərin yüzdə doxsanı mətbuatı özləri öldürür. Gic-gic, səviyyəsiz mövzularla...

 

Gic-gic mövzular dedim. Yəqin ki, nümunələrlə bunu göstərmək yerinə düşər. Baxın, yaxın zamanlarda mətbuatımızda Gəncədən əminin qardaşı qızını qaçırması ilə bağlı xəbər yayımlandı. Kütlə əmini elədi biqeyrət. Amma sonra nə oldu? Məgər xəbər yazılan kimi deyilmiş. Ondan sonra ağzı köpüklənə-köpüklənə "əxlaq dərsi” keçənlərin səsi-səmiri çıxmadı. Onlardan biri belə KİŞİ KİMİ yazmadı ki, küyə getdim. Tanımadığım adamın günahını aldım.

 

Yenə Gəncədə iki qızı sevgili edib, qaçdığını dedilər. Amma sonradan açıqlama verildi ki, elə deyilmiş. Qəlbi, fikri qara olanlar bu açıqlamaya inanmadı. Niyə? Çünki biz özümüzün formalaşdırdığımız cəmiyyəti səviyyəsiz həddində görmək istəyirik. Və qəlbimiz o qədər qaradır ki, hər şeydə mütləq pozğunluq axtarırıq.

 

Əminəm, heç kim göydən düşmüş mələk deyil və heç kim deyə bilməz ki, mən əxlaq nümunəsiyəm. Doğru və ya yanlış səhvlərimiz mütləq olub. O halda, niyə özünüzü əxlaqlı, başqalarını əxlaqsız, cinsi azlıq nümayəndəsi kimi qələmə verməyə can atırsınız? Çoxmu əxlaqlısınız?! Məsələn, başqalarının şəxsi həyatına burun soxacaq qədər əxlaqlı?! Tutaq ki, həqiqətən cinsi azlıq nümayəndəsi idilər. Cinsi azlıq barədə heçmi məlumat oxumamısınız? Demirəm e, ölkədə hamı imam övladıdır. Sadəcə bu cür mövzuları tirajlamaqla nə qazanırsınız? Hələ də tirajlanan xəbər yalan çıxanda heçmi narahat olmursunuz?

 

Əslində birmənalı şəkildə medianı günahlandırmaq da olmur. Çünki bu vəziyyətə yaradılan şərait yarıbayarıdır. Əgər bu ölkənin mətbuatında maarifləndirici, ciddi müzakirəyə açıq xəbərlər azdırsa, deməli xalqın marağı ciddi mövzulardan çox uzaqda qalıb.

 

Bir neçə gün öncə evlənən polkovnikin toyunun sensasion xəbər kimi saytlarda tirajlanması məsələsi də vardı. Məsələn, mən yaş fərqi çox olan evliliklərə qarşıyam. Bu, əlbəttə subyektiv fikirdir və heç bir halda obyektivlik daşıya bilməz. Bu cür mövzularda subyektiv yanaşma olan hansısa hadisə ictimaiyyətə "Şok” xəbər adı altında çatdırıla bilməz. Məsələn, 60 yaşlı polkovnik 24 yaş kiçik qızla evləndi xəbəri niyə tirajlanmalıdır? Adamın məhz polkovnik olmasına görə? Bu haqq qazandırmır axı, kiminsə şəxsi seçiminə burun soxasan. Ki, polkovnikin də maşallahı varmış. Bəzi subaylar evlənməyə bir qız tapammır. Nəysə ki, adam şou-biznes insanı deyil.

 

Niyə onun həyatı saytların manşetində olmalıdır? "Flash”da yer tutmağa layiq görülməlidir?! Bu azmış ki, evləndiyi qızın adi günlərdə çəkilmiş şəkilləri yayılmalı, polkovnikin keçmiş həyat yoldaşı danışdırılmalı və şou yaradılmalıdır?!

 

Xalqın marağı nəyədirsə, müzakirəsi də o cür olur. Amma mənə elə gəlir ki, xalqın marağını formalaşdıran da mətbuatdır. Məsələn, biz Fransanın yeni prezidenti ola biləcək E. Makronun Minsk Qrupu həmsədri kimi Qarabağ münaqişəsinin həllində təsiri ola bilərmi məsələsini müzakirə etməkdənsə, adamın arvadını müzakirə edirik.

 

Yadımdan çıxmamış bunu da deyim. Mətbuatımız kimi, cəmiyyətimiz də ciddi mövzulardan qaçmağa meyllidir. Məsələn, biz itlərin toyunu, hansısa ailədaxili məsələləri, Makronun şəxsi həyatını çox gözəl müzakirə obyekti edə bilirik. Ağıla gəlməyən təhlillərlə baş sındırırıq. Lakin bir neçə gün öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir etməsinə biganə yanaşırıq.

 

Rəsmi nümayəndə Azərbaycan mətbuatında bəzi önəmli yazıları "kobudluq, qanmazlıq, ədəbsizlik” adlandırır, jurnalistləri və dolasıyla mətbuatımızı təhqir edir. Ancaq xalq olaraq biz buna susuruq və reaksiyanın yalnız Mətbuat Şurasından, sayt rəhbərlərindən, rəsmi qurumlardan gəlməsini gözləyirik. Olmaz ki, cəmiyyət olaraq "it toyu”nu müzakirə etdiyimiz qədər mətbuatımız və jurnalistlərimizin təhqir edilməsini də müzakirə edək, etirazımızı bildirək. Hamıdan hər şey gözləyib, özünü kənara çəkmək doğru deyil axı.

 

Ola bilər ki, Azərbaycanda medianın inkişafı üçün göstərilən diqqətə dünyanın inkişaf etmiş ölkələrində rast gəlinir. Ancaq mətbuatımızın indiki vəziyyəti qəfəsdə yaşamağa öyrəşmiş quşun azadlığa buraxılması və özünü tam ifadə edə bilməməsi qədər "azad”dır.

 

Mətbuatımızın indiki halı hörmətə layiq görülməyən qeyri-ciddi insan təsirini bağışlayır. Bəlkə yavaş-yavaş mətbuatı şoudan çıxaraq və əsl mətbuatı formalaşdıraq?!

(pia.az)

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300