Dövlət büdcəsindən nə qədər vəsait ayrılsa da, bölgələrdə sosial-iqtisadi problemlər bitib-tükənmək bilmir. Büdcədən ayrılan pullar rayona çatan kimi mənimsənilir, görülməli olan işlər isə növbəti illərə təxirə salınır. Sosial-iqtisadi problemlərin məngənəsində boğulan rayonlardan biri də Lerikdir. Dövlət büdcəsindən ayrılan pullar əksər rayonlarda olduğu kimi Lerikdə də bir qrup məmur tərəfindən mənimsənilir, problemlərin həlli yolunda isə heç bir addım atılmır.
Lerikdən verilən məlumatlarda bildirilir ki, hazırda rayonun əsas problemi enerji ilə bağlıdır. Havalar soyuyandan sonra işığın verilişində ciddi problemlər yaranıb. Bəzi kəndlərə elektrik enerjisi günün sadəcə bir neçə saatında verilir. Son illərdə rayonun infrastrukturunun qurulması yönündə rəhbərlik heç bir addım atmayıb. Dövlət büdcəsindən yolların təmiri üçün dəfələrlə pul ayrılmasına baxmayaraq, heç bir iş görülməyib. Rayonun əksər yolları indi keçilməz bataqlıqları xatırladır.


Çarəsiz qalan vətəndaşlar isə hara şikayət edəcəklərini belə bilmirlər. 2010-cu ildən rayonun deputatı olan İqbal Məmmədov onların harayına çatmır. Artıq 6 ilə yaxındır Lerikdən deputat seçilən bu şəxsin üzünü seçiciləri indiyədək demək olar ki, görməyib. Seçicilər onun üzünü sadəcə seçkidən əvvəl gələcəklə bağlı yalan və boş vədlər vermək məqsədi ilə onların qarşısına çıxanda görür. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili onların problemləri ilə maraqlanmır, şikayətlərini dinləmir.
Əvəzində isə öz biznesini genişləndirməyə, deputat mandatının verdiyi üstünlüklərdən yararlanmaqla var-dövlətini artırmağa çalışır.
Rayon sakinlərinin verdiyi məlumata görə, "Kaspi Yıldız” və "Relax” kimi şirkətlərin sahibi olan millət vəkili Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərüfat qurub. Rayonun icra başçısı Rövşən Bağırovla yaxın münasibətləri olan deputat Lerikin əksər gəlirli sahələrini öz nəzarətinə keçirib.
 
Millət vəkili vətəndaşın torpağına göz dikib
 
Hətta vəziyyət o yerə çatıb ki, İqbal Məmmədov vətəndaşın 60 sot torpaq səviyyəsinə belə göz dikib. Belə ki, bir müddət əvvəl Lerik rayon sakini Eldəniz Quliyev mətbuata müraciət edərək 60 sot torpağının icra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alındığını bildirmişdi. Rayonun Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Quliyev bildirib ki, bütün şikayətləri nəticəsiz qalıb: "Rayonun deputatı İqbal Məmmədov bir müddət əvvvəl mənimlə telefon əlaqəsi yaradaraq "səni aradan götürərəm” deyə təhdid etdi. Hətta nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər. 15 ailə üzvümüz var. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım – 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Onun qohumları icra hakimiyyətində və polisdə işləyir. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər. Əgər bu təzyiqlər davam edərsə, özümü azyaşlı körpələrimin gözü qarşısında İcra Hakmiyiyyətinin qarşında yandıracam”.
 
Eldəniz Quliyev
 
Deputatın qardaşı adam döyür
 
Bu İqbal Məmmədovun adının qarışdığı yeganə qanunsuz əməl deyil. Bir neçə ilə əvvəl rayonun Piran kəndi ərazisindəki beton zavodunda sürücü işləyən Elsevər İbrahimov deputatın qardaşı Çingiz Məmmədov tərəfindən döyülmüşdü. Zərərçəkən bu barədə özü açıqlama vermişdi: "Məni göndərdilər "Relaks”a, yük göndərməyə. Saat 3-ə işləmiş qayıdıb gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz məni yanına çağırır. Mən də gəldim. Gördüm bir nəfərlə söhbət edir, gəldim, qaldım onun yanında. Birdən mənə tərəf dönüb "Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda” deyərək, qəfildən bir sillə vurdu, sonra da boğazımdan tutub yıxdı yerə. Sonra ətrafdakılar bizi zorla ayırdı, mən də çıxıb getdim evə”.
 
Deputatın "balon biznesi”
 
Yuxarıda qeyd etdiyimiz kimi məmurların, millət vəkillərinin biznes fəaliyyəti ilə məşğul olması qanunlarla qadağan edilsə də, İqbal Məmmədov bu qadağaları kobud şəkildə pozan deputatlardan biridir. Məlum olduğu kimi bu ilin əvvəlindən avtomobillərdə qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı ciddi tədbirlər başlayıb. Yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri də "Kaspi-Yıldız” Azər-Türk MM” – yəni İqbal Məmmədovun şirkətidir. Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi "Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları illərdir bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır. Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb. Məhz qaz balonlarının satışından küllü miqdarda gəlir əldə etdiyi məlumdur. Maraqlı olan bir digər məqam isə "Kaspi-Yıldız”ın qaz balonlarının DYP-nin tələb etdiyi normalara uyğun olması və bunun deputatın məlum biznesi üçün daha geniş imkanlar yaratmasıdır.
 
 
İqbal Məmmədov devalvasiyadan nə qədər qazandı?
 
Deyilənə görə, İqbal Məmmədov Lerikdəki biznesini bir az da genişləndirmək qərarına gəlib. Rayonda "Relax” istirahət mərkəzinə, "Piran Broyler”ə və başqa çox sayda biznes sahəsinə sahib olan millət vəkili indi də mineral sular istehsal edən zavod inşa etdirir.
 
Yeri gəlmişkən, İqbal Məmmədovun manatın ikinci devalvasiyasından da yaxşı pul qazanması barədə iddialar var. Deyilənə görə, bir çox məmur və millət vəkili kimi Lerikin deputatı da devalvasiyadan əvvəlcədən xəbərdar olub. Buna görə də bir neçə gün əvvəldən külli miqdarda manatı dollara çevirərək cibini doldura bilib. Onun təxminən 3 milyon dollar aldığı iddia olunur.
 
"Relax”
 
İqbal Məmmədovun keçmişinə gəlincə, onun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaxın münasibətlərinin olduğu deyilir. Elə deputatın keçmiş nazirin yaratdığı imkanlar hesabına var-dövlətini artırdığı deyilir. Hətta İqbal Məmmədovun 2005-ci ildə parlamentə düşmək istədiyi də bildirilir. Amma həmin vaxt Fərhad Əliyevin "vurulması” onun istəyini 2010-cu ilə qədər təxirə salması ilə nəticələnib. Sonradan hakimiyyətin başqa qanadında özünə yer edən biznesmen-deputat ardıcıl iki seçkidə mandatı cibinə qoya bilib.
 
Qeyd edək ki, İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov da uzun illər vəzifə başında olub. O, 2006-2011-ci illərdə Balakənin, 2011-2013-cü illərdə Şamaxının icra başçısı vəzifəsini tutub. 2013-cü ilin 15 fevralında prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun rəhbərliyi dövründə rayona ayrılmış 42 milyon manatın "yoxa çıxması” barədə məlumatlar var idi. Hətta həbsi də gündəmə gəlmişdi. Lakin sonradan bu məsələ gündəmdən düşdü.(azinforum.az)
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300