"Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini bir daha nümayiş etdirib"
"İyulun 4-də Ermənistan silahlı qüvvələri qoşunların
təmas xəttində növbəti irimiqyaslı təxribat həyata keçirərək Füzuli rayonunun
Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə
yaşlı qadın olmaqla, iki nəfər qətlə yetirilib, bir nəfər yaralanıb, əhalinin
mülkiyyətinə xeyli ziyan dəyib. Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi
rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq
şəkildə bütün dünyaya nümayiş etdirib".
Musavat.com-un"Azərtac"a istinadən verdiyi məlumata görə, bunu
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan
silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatla
bağlı deyib.
"Son illər Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli
istiqamətində səylərini daha da gücləndirib. Prezident İlham Əliyevin qətiyyətli,
prinsipial və düşünülmüş siyasəti sayəsində dövlətimiz həm diplomatik, həm də hərbi
sahədə mühüm üstünlüklər əldə edib. 2016-cı ilin aprelində Ermənistan ordusunun
davamlı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata
keçirdiyi uğurlu əks-hücum əməliyyatı minlərlə hektar torpağın, strateji yüksəkliklərin
işğaldan azad olunması ilə nəticələnib. Tarixi aprel qələbəsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş nöqtəsi olub, danışıqlar
prosesində ölkəmizin mövqeyini əsaslı şəkildə möhkəmləndirib.
Bu gün işğaldan azad olunmuş və təhlükəsizliyi təmin edilmiş ərazilərimizə
yenidən həyat qayıdır. Prezident İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə bərpa olunub və kənd sakinlərinin
istifadəsinə verilib. Cocuq Mərcanlı öz yurdlarından didərgin düşmüş bir
milyondan artıq azərbaycanlı, bütün cəmiyyətimiz üçün əzəli torpaqlarımıza
qayıdışın simvoluna çevrilib.
Uzun illərdir regionun siyasi və iqtisadi həyatından təcrid olunmuş, iqtisadi tənəzzül,
sosial gərginlik şəraitində yaşayan Ermənistan indi həm də siyasi və hərbi sahədə
ardıcıl məğlubiyyətlə üzləşir. Mövcud vəziyyət S.Sarkisyan cinayətkar rejiminin
ölkə daxilində və xaricdə dayaqlarını ciddi şəkildə sarsıdıb. Görünür,
Sarkisyan dinc azərbaycanlı əhaliyə qarşı davamlı şəkildə qanlı cinayətləri
sanksiyalaşdırmaqla bir tərəfdən daxildə ona qarşı olan təzyiqləri
neytrallaşdırmağa və hakimiyyətinin ömrünü uzatmağa, digər tərəfdən isə
qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı əhalidə vahimə,
psixoloji gərginlik yaratmağa çalışır.
Əslində, bu, uzun illərdir Ermənistanın cinayətkar rejiminin dinc azərbaycanlı əhaliyə
qarşı terror və soyqırımı siyasətinin davamıdır. 1992-ci ildə Malıbəyli, Yuxarı
və Aşağı Quşçular, Qaradağlı kəndlərində, Xocalı şəhərində həyata keçirilmiş
soyqırımları, habelə Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı
terror aktları Ermənistan dövlətinin soyqırımı və terror siyasətini, əsl faşist
mahiyyətini ifşa etmiş faktlardır. Sonrakı illərdə də bu siyasət ardıcıl şəkildə
davam etdirilmişdir. 2016-cı ilin aprelində Ermənistan hərbi birləşmələri cəbhə
xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə
5 dinc sakin qətlə yetirilmiş, 30-dan artıq insan yaralanmışdır.
Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının
tələb və çağırışlarını qulaqardına vurur, beynəlxalq qanunvericiliyi pozur, 25
ildir ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Təəssüf ki, beynəlxalq
birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri
bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması
istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif
nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi,
işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq
edilməsinə dair çoxsaylı faktlar mövcuddur.
Azərbaycana qarşı bu dərəcədə açıq ikili standartların səbəbi nədir? Nəyə görə
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın getdikcə azğınlaşan terror və
soyqırımı siyasətinə, dinc insanlara qarşı amansız davranışına göz yumur və
adekvat reaksiya vermirlər? Hansı səbəbdən bu ölkəyə qarşı sanksiyalar tətbiq
olunmur, məcburetmə tədbirləri həyata keçirilmir?
Hər fürsətdə insan hüquq və azadlıqlarını əlində bayraq edərək müstəqil dövlətlərə
qarşı kampaniya həyata keçirən dairələrin, onların təsiri altında olan
hüquq-müdafiə təşkilatlarının qadın və uşaqların qəddarcasına qətlə yetirilməsinə
biganəliyi, laqeyd və susqun münasibəti nə ilə bağlıdır?
Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi
rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin
qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların
qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq
humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə
konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları
haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə
pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir.
Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Ermənistanın
işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq
üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata
keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün
region üçün ciddi fəsadlar törədə bilər.
Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt
barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan
verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün
bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz
mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın
cinayətkar rejimi bu reallığı dərk etməlidirlər", - deyə PA rəhbəri qeyd
edib.