Kamal Kılıçdaoroğlu: "Biz bu ölkəyə ədaləti gətirəcəyik,
9 iyul yeni bir tarix, yeni bir başlanğıcdır”
Türkiyə Xalq Cümhuriyyəti Partiyasının (CHP) sədri Kamal Kılıçdaoroğlunun
iyunun 15-də Ankaradan İstanbula başlayan yürüşü başa çatıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, "Ədalət”
şüarı altında keçirilən və 25 gün davam edən yürüş zamanı 450 km yol qət
edilib.
Yürüş İstanbulun Maltəpə qəsəbəsində meydanda mitinqlə yekunlaşıb. Mitinqdə
çıxış edən K. Kılıçdaoroğlu deyib ki, bu gün - 9 iyul yeni bir tarix, yeni bir
başlanğıcdır. CHP lideri dünyada ən sülhsevər yürüşünü həyata keçirdiklərini
söyləyib: "Bu ölkəyə mütləq demokratiya gətirəcəyik. Biz olmayan ədalət, həbsdəki
millət vəkilləri, jurnalistlər, hərbçilər, qanun hökmündə qərarlarla
universitetlərdən xaric edilən professorlar, qanunsuz işdən çıxarılan dövlət məmurlar,
qazilər arasında ayrı-seçkilik edilməməsi üçün yürüş keçirdik. Biz tək adam
rejiminə, Fətullahçı Terror Təşkilatına, İŞİD, "Əl-Nusra” terror təşkilatlarına
qarşı olduğumuz, məhkəmə siyasi hakimiyyətin nəzarətinə keçdiyi üçün yürüş
keçirdik. Fətullahçı Terror Təşkilatının siyasi qanadının ortaya çıxması, həqiqi
dövlət çevrilişinə cəhd edənlərin mühakimə olunması üçün yürüş keçirdik. 9 iyul
bir yürüşün sonu deyil, yeni bir başlanğıcdır. Bu ölkəyə ədalətin gəlməsi üçün
yürüş keçirdik. Bütün peyğəmbərlər ədalət uğrunda mübarizə aparıb. Ədalətin
olmadığı dövlət yaşaya bilməz”.
CHP lideri bildirib ki, bir ölkədə parlamentin səlahiyyətləri əlindən alınıbsa,
məhkəmələr siyasi hakimiyyətin nəzarətinə keçibsə, ədalət küçədə axtarılacaq:
"Biz sona qədər haqq, hüquq, ədalət deyəcəyik. Bizə deyirlər ki, niyə ədaləti
küçədə axtarırsınız?! 15 iyulda hərbi çevriliş cəhdinin qarşısını küçələrdə,
meydanlarda xalq aldı. Bu xalq da küçələrə, meydanlara axışmaqla bu ölkəyə ədalət
gətirəcək. Keçən il 15 iyul hərbi çevriliş cəhdindən istifadə edərək 20 iyulda
hakimiyyət mülki çevriliş edərək, parlamentin səlahiyyətlərini mənimsədi. Fövqəladə
vəziyyət elan edilərək ölkə parlamentin qəbul etdiyi qanunlarla yox, qanun
hökmündə qərarlarla idarə olunmağa başlandı. Biz bu ölkəyə ədaləti gətirəcəyik”.
K. Kılıçdaoroğlu qeyd edib ki, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı
araşdırmalardan vicdanlı, ədalətli prokurorlar kənarlaşdırılıb: "Siyasi
hakimiyyətdən, prokurorlardan təlimat alanlar prokuror, hakim deyil. Belələri
Türkiyə Cümhuriyyətinin təməlinə dinamit qoyurlar. Hakimlər qərar vermişdilər
ki, millət vəkilləri mühakimə oluna bilər, ancaq həbs edilə bilməz.
Konstitusiya Məhkəməsinin hakimlərini ədalətin tərəfdarı olmağa çağırıram,
qorxmayın. Siyasi hakimiyyətdən qorxmayın, sabah övladlarınızın, nəvələrinizin
üzünə baxa bilməyəcəksiniz. Deyirdilər ki, mən 450 km piyada gedə bilməyəcəm,
50-60 km gedəndən sonra dayanacam. Mən dayanmadım, 80 milyon üçün bu yürüşü
sona çatdırdım. Biz ədalətli Türkiyə quracağımızı bütün dünyaya çatdırdıq.
Artıq hər birimiz Türkiyənin gələcəyi üçün ümidliyik. Biz bir tarix, bir dastan
yazdıq. Bu tarixi hamınız yazdınız. Hər birinizə, 80 milyona hörmətimi,
salamımı göndərirəm. Biz tələb edirik ki, fövqəladə vəziyyət rejimi ləğv
edilsin. Məhkəmələr və ordu siyasətə alət edilməsin. Söz azadlığı, jurnalistlərin
həbsə atılmamasını istəyirik. Universitetləri bağlanan yox, hər zaman açıq olan
universitetlər tələb edirik. Millətin seçdiyi millət vəkillərinin həbsini yox,
parlamentdə fəaliyyət göstərməsini istəyirik. FETÖ ilə formal mübarizə
aparılmasını yox, gerçək mübarizə aparılmasını, siyasi qanadının üzə
çıxarılmasını istəyirik. Gənclərə hörmətlə yanaşılmasını vacibdir. Biz yüz minlər,
milyonlar hər kəs üçün ədalət istəyirik”.
CHP lideri sonda tələblərin yer aldığı bəyannaməni oxuyub.