I YAZI

Hazırda Türk dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər vardır. Bu problemləri aşağı-yuxarı Türk dünyasına aid hər bir yazar, araşdırmaçı ya da elm insanı bilməkdədir. Xüsusilə, bu cür problemlərin haradan qaynaqlanması, onun doğurduğu nəticələrlə bağlı bəlkə də on minlərlə məqalələr, yüzlərlə isə kitablar yazılmışdır. Ancaq Türk dünyasının problemlərinə həsr olunmuş yazılarda çatışmayan cəhətlərdən biri sadəcə məsələni ortaya qoymaq olmuş, yəni həll yolları ya göstərilməmiş ya da əsasən bilərəkdən bilməyərəkdən, Türk insanına yanlış bilgilərlə təqdim olunmuşdur.
Türk dünyasının bu günü və gələcəyi Türkçülüyün hansı istiqamətdə inkişafından asılıdır. Əgər Türklük təxminən 2-3 əsr bundan öncəki həqiqi, gerçəkçi bütövlüyünü, birləşdiriciliyini bir sözlə, İnsanlıq fəlsəfəsini ortaya qoyarsa o zaman yeni bir sivilizasiya yaranacaqdır. Bizcə, dünyada yeni bir güc olmağın ilk yolu Türklüyü, Türkçülüyü yenidən, yeni ruhla bərpa etməyimizdir.
Hazırda Türk Dünyasının, Türk xalqlarının gələcəyi ilə bağlı mövcud dörd siyasi seçim vardır: 1) Türk-İslam məfkurəsi, 2) "Türk-Avropa” ya da "Türk-Qərb” ideyası, 3) "Türk-Rus” ya da Türk-Slavyan birliyi (Avrasiyaçılıq), 4) Türkçülük-Türk birliyi.

Türk-İslam məfkurəli birlik...

Türk xalqlarının (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Krım, İraq türkmənləri, Suriya türkmənləri, Uygurustan və b.) özləri üçün aydınlaşdırmalı olduğu ilk məsələ Türklüyün, Türkçülüyün İslam dini, İslam mədəniyyəti bir sözlə İslam dünyasıyla hansı anlamda, mahiyyətdə bütövlük təşkil etməsidir. Əslində bu gün Türk müsəlman xalqları özünü əsasən İslam dünyasında görürsə (hər halda xristian, buddizm, şamançı və digər dini inanclı türklər də vardır), o zaman bütün problemlərinə də ilk növbədə bu yöndən yanaşmaq, eyni zamanda İslam dünyasının bütün məsələlərini də öz məsələləri kimi dəyərləndirmək və həll etmək məcburiyyətindədir. Bu heç də göründüyü qədər sadə deyildir. Ona görə də, bütün Türk aydınları İslam dünyasının məsələlərinə mürəkkəbdən sadəyə doğru deyil, tam əksinə sadədən mürəkkəbə doğru cavab verməlidir. Türk aydınları ilk öncə, İslam dini inanclı Türk xalqlarının çağırışlarına cavab verməli, problemlərinə həll yolları göstərməli, amma müsəlman olmayan digər dini inanclı Türk-Turan xalqları (qaqauzlar, macarlar, bolqarlar, yakutlar, tuvalılar və b.) da unutmamalı¬dırlar. Ancaq bundan sonra İslam dünyası xalqlarının, dünya xalqlarının problemləri və həll yolları gündəmə gələ bilər. Atalarımız demişkən, "öncə evin içi, sonra çölü”.
Konkret olaraq Türkiyə Cümhuriyyəti nümunəsində, burada yaşayan Türk aydınları birinci növbədə "evin içi” olan Türk toplumunun ya da Türk-Müsəlman toplumunun, daha sonra Türkiyə xaricindəki Türk-Müsəlman toplumlarının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran İslam Respublikası, İraq, Suriya və b.) və qeyri-müsəlman toplumlarının problemləriylə bağlı araşdırmalar aparmalı, bu Türk toplumlarının birlik və bərabərliyini əngəlləyən amilləri aradan qaldıraraq onu gücləndirəcək həll yolları göstərməlidir. Yəni Türkiyəni təmsil edən bir Türk aydını ölkəsinin yalnız İslam dünyasının bir parçası deyil, eyni zamanda Türk dünyasının da bir parçası olduğunu unutmamalıdır. Bu anlamda Türkiyənin problemlərini İslam dünyasının deyil, ən azından başlanğıc olaraq Türk dünyasının problemləri olaraq görməli, daha sonra İslam dünyası çərçivəsində Türk-İslam xalqları və onların problemləriylə maraqlanmalıdır. Ancaq bir Türk aydını bunun etmək əvəzinə, daha çox İslam dünyası düşüncəsiylə türk, qeyri-türk bütün müsəlman xalqlarının problemlərini həll etməyi üstünə götrürsə, o zaman işini çox qəlizləşdirmiş olur.
Əlbəttə, öncəlliklə müsəlman Türk xalqlarının problemlərinin ələ alınması məsələsini ortaya atmaqla İslam dünyasını hansısa hissələrə bölmək fikrimiz yoxdur. Sadəcə, məqsədimiz odur ki, İslam dünyasının istər-istəməz parçaları olanlar arasında məntiqə və məqsədəuyğun olaraq daha ağıllı, soyuqqanlı bütövləşmə baş versin. Şübhəsiz, bu gün İslam dünyasının önəmli birisi olan, bəlkə də mərkəzini təkşil edən bir qüvvət varsa o da müsəlman türklərdir. Hər halda ərəblərin, farsların, pakistanlıların və digər müsəlman xalqlarının İslam dünyasının mərkəzi olması istəyi olsa da, faktiki olaraq bu gün onların arzuları gerçəkçi görünmür. Bunu, zaman zaman bütün müsəlman xalqlarını incələyən Qərb institutları və onların alimləri də yaxşı bilirlər. Əslində son iki əsrə yaxındır ki, Avropada Qərb-Xristian dünyasına İslam dünyasının alternativliyi daim diqqət mərkəzində olmuşdur. Ancaq Qərb-Xristian dünyasına alternativ olmaq üçün İslam dünyasına aid dövlətlərdən ya da millətlərdən biri avanqard rolunu oynamalıdır. Qərb də həm keçimş tarixdən, həm də bugünkü vəziyyətdən nəticə çıxararaq İslam dünyasında avanqard, super güc olacaq bir dövlətin-xalqın ortaya çıxmasına yol vermək istəmir. Biz bu kimi nümunələri bir qədər fərqli formada 150-100 il bundan öncə İslam dünyasına aid Osmanlının, Qacarların çöküşü və həmin çöküşdən sonra yeni yaranan dövlətlərin (Türkiyə, "İran”, Suriya, İrak və b.) Qərb ideyalarına yoluxdurulmasında görmüşük.
Bu baxımdan son iki əsrdə Qərbdən müsəlman Şərqinə gələn ideyalar geniş anlamda "məzhəbçilik” və "milliyyətçilik” olmuşdur. Bununla da uzun müddət Şərq, o cümlədən İslam şərqi dünyasının lideri olmuş müsəlman türkləri və onların dövlətlərini-imperiyalarını çökdürdükdən sonra Qərb siyasətində hər hansı müsəlman xalqının İslam dünyasında yeni bir gücə çevrilməməsi məsələsinin həlli də iki əsas üzərundə qurulmuş¬dur: 1) İslam dünyasını Qərbin ixrac etdiyi demokratiya, kommunuzm, tolerantlıq, vətəndaş cəmiyyəti, multikulturalizm kimi ideyalarla zəhərləmək; 2) İslam dünyası xalqaları arasında super güc olmaq istəyən dövlətləri ya da millətləri daima birbirinə qarşı qoymaq, bunun üçün milliyyət¬çilik və dini məzhəbçilik hisslərindən maksimum istifadə etmək. Şübhəsiz, Qərbin "zəhərləmək” istədiyi həmin müsəlman dövlətləri arasında birinci yeri Türkiyə tutur.
Hesab edirik ki, bu gün Türkiyə Türk Dünyasının sözün həqiqi mənasında aparıcı dövləti olub dünyanın da super güclərindən biri olmaq istəyirsə, hədəfini dörd mərhələdən ibarət olaraq müəyyənləşdirməlidir: 1) Türkiyə daxilində islamlıq və türklük ideyaları dəqiqləşməli; 2) Müsəlman və qeyri-müsəlman Türk Dünyasına hesablanmış hədəflər müəyyənləşməli; 3) İslam dünyasındakı hədəflər bəlirlənməli; 4) Dünyanın hansı simada super güclərindən biri olmaq istəyi konkretləşməli. Biz eyni sözləri Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan haqqında da deyə bilərik. Ancaq bu günün gerçəkliyi daha çox Türkiyənin üzərində dayanmağımızı ortaya qoyur. Təbii ki, bu günün Qazaxıstanı da sabah Orta Asiya və Qafqazda güclü bir dövlətə çevrildiyi halda, təxminən 20-30 ildən sonra Türk dünyasının, ardınca da İslam dünyasının da lideri ola bilər. Yaxud da iki əsr bundan öncə (1828-ci il) bir hissəsi çar Rusiyası tərəfindən işğal olunan və yenicə müstəqilliyini qazanan Şimali Azərbaycan, digər hissəsi isə bir əsr bundan öncə sözdə "İran İslam Cümhuriyyəti” adlanan molla-fars rejiminin hakimiyyəti altında qalan Cənubi Azərbaycan bir-vahid Azərbaycan olacağı təqdirdə Türk dünyasının və İslam dünyasının lider dövləti olmaq gücündədir. Sadəcə, bu günün gerçəklikləri Qazaxıstanın, Azərbaycanın ya da digər bir müsəlman türk dövlətinin deyil, daha çox Türkiyənin Türk dünyası və İslam dünyasının lideri olmasını önə çıxarır.
Ancaq bu gün Türkiyənin özü də müsəlman türklər olaraq təkbaşına İslam dünyasının yenidən mərkəzi olmaqda çətinlik çəkir. Çünki Osmanlı yerinə qurulan Türkiyə Cümhuriyyətinin (1923) İslam dünyasının, Türk dünyasının belə öncülü olması məsələsində doğru yol xəritəsi cıza bilməmişdir, ya da belə bir yolu cızmağa imkan verməyən iç və xarici qüvvələr olmuşdur. Bu baxımdan təxminən son bir əsrdə Türkiyənin digər Türk-İslam xalqlarıyla istənilən münasibətləri qura bilməməsi təsadüfi deyildir. Osmanlını İslam dünyasından, Türkiyəni isə Türk dünyasından uzaqlaşdırılması üçün antitürk qüvvələr nə lazımdırsa etməyə çalışmışlar. Hələ, antitürk qüvvələr 1920-ci illərdə Türkiyə türklərinə yalnız Cümhuriyyət daxilində türkçülük və islamçılıqla məşğul ola biləcəklərini açıqca ifadə etmişlər. Bunun nəticəsi olaraq da Atatürklər, Ziya Gökalplar, Xalidə Ədib Adıvarlar Turançılıq məfkurəsini Türkiyəçiliklə məhdudlaşdırmaq zorunda qalıblar. Xüsusilə, 1923-cü ildə yazdığı "Türkçülüyün əsasları” kitabında Ziya Gökalp Türkçülük (Türk Birliyi) və Turan ülküsünü yenidən dəyərləndirmişdir.Ziya Gökalp yazırdı ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önəmlidir. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklərin gələcək idealları idi. Əslində bütün bunları Gökalpın Türk birliyi, Turançılıq ideyasından vaz keçməsi kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla Turan ülküsünə bağlı olan Gökalp, Türkiyə Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu naminə türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Aşağı-yuxarı bu proses Türkiyənin dövlət siyasəti olaraq 20-ci əsrin sonlarına qədər davam etmiş, hətta, son zamanlara qədər Türkiyənin dövlət başçıları, bir çox bilginləri Türkiyəçilkdən qurtula bilməmişlər. Yalnız 1960-cı illərdən başlayaraq Alparslan Türkeş yenidən bütün türklər üçün keçərli olan Türk birliyini irəli sürmüşdür ki, onun bu Türk birliyi ideyası da Türk-İslam məfkurəsinə əsaslanmışdır.

II YAZI

1990-cı illərdə yeni Türk dövlətləri meydana çıxdıqda məlum oldu ki, Türkiyədə Türk-İslam məfkurəli Türk birliyinin özündə də konkretlik yoxdur. Hər halda Türkiyə Türk aydınları, Türk liderləri İslam dini və Türklük məsələsində hansı yol xəritəsini cızıblar, bütün bunlara aydınlıq gətirilməsi əsas məsələ olaraq qalmaqdadır. Yəni Türkiyə öncəlliklə, İslam dünyası adı altında Türk müsəlman xalqlarınmı, yoxsa bütün İslam xaqlarınınmı ya da bir bölgəninmi super gücü olmaq niyyətindədir?! Bizcə, Türkiyə öncə qeyri-müsəlman türk xalqlarını da gözardı etmədən, hər şeyi Türk müsəlman xalqlarıyla əməkdaşlıqdan başlamalıdır. Bu zaman da Türkiyə ilk növbədə, öz içindəki islamlıq və türklük ya da Türk-İslam ideolojisinə aydınlıq gətirməlidir ki, Türkiyə xaricindəki türk-müsəlman xalqlarıyla münasibətdə də hədəflərini doğru müəyyənləşdirə bilsin. Başqa sözlə, Türkiyə daxilində dövlət siyasəti olaraq türklük və islamlıq ya da Türk-İslam məfkurəsi aydınlığa qovuşmadan, bu ölkənin digər Türk müsləman xalqları ya da dövlətləriylə münasibətləri dostluqdan vahid birliyə doğru yüksəlişini gözləmək mənasızdır. Bu baxımdan Türkiyə dövlətinin islamlıq və türklük məsələsində dəqiq, aydın hədəfi olmalıdır.
Demək istədiyimiz odur ki, Türk-Turan xalqlarının Tanrı yolunda yürüməkləri (yəni Türk əxlaqı, estetikası, adət-ənənələri, törələri, həyat tərzi, dövlətçiliyi və s.) İslamlıqla başlamadığı üçün, onu həddən artıq ideallaşdırıb Türk kimliyini arxa plana keçirmək doğru deyildir. Doğrudur ki, Şamançılıq, Xirstianlıq, Buddizm, Yəhudiliklə müqayisədə Türklər özlərini daha çox İslamlıqda tapmışlar. Məhz Türk özünü İslamlıqda daha çox tapdığı üçün də Tanrıya gedən yolda 13 əsrdir İslamla birlikdədir. Bununla yanaşı onu da idrak etməliyik ki, Türklərin İslam dinini qəbul etməyi sadəcə, Tanrı yolunda yürüməyin ən uğurlu davamıdır. Ancaq bu heç də İslamdan kənarda başqa yollarla (xristianlıq, buddizm, şamançılıq, yəhudilik və b.) Tanrı yolunda yürüməyə davam edən Türk soydaşlarımızı inkar etmək anlamına gəlməməlidir.
Ona görə də, burada diqqət etməli olduğumuz əsas məsələ yalnız müəyyən bir dinin daşıyıcısı olan millətin, həmin dinə tapınmış olan digər xalqlarla birlikdə mövcud problemləri və onun həlli yollarını düşünməsi deyil, eyni zamanda dini həssaslıqlarını qorumaqla yanaşı digər ideyalara (dini, ya da siyasi-ideoloji) tapınan daxildəki soydaşlarıyla da bu və ya başqa məsələlərin həllində bir araya gələ bilməsidir. Bir toplum daxilindəki dini birlik inam və inanc birliyidirsə, milli birlik isə milli qədər və milli dövlət yaratmaq, inkişaf etdirmək, yaşatmaq yoludur. Bu məsələnin çox sadə həll yolu var. Belə ki, milliyyətçiliyimizə Qərb milliyyətçiliyi, İslamçılığa isə Sami dinçiliyi mövqeyindən yanaşmaqdan əl çəkməliyik. Hər halda, biz belə hesab edirik ki, Qərb (ingilis, fransız, alman və b.) milliyyətçiliyi Türk milliyyətçiliyini, Sami-Yəhidi dinçiliyi isə İslamçılığı olduğu kimi ifadə etmir. Ona görə də, Türk-İslam dünyası məsələləri adına hər iki məsələnin ciddi şəkildə izahlarına ehtiyac vardır.
Bizcə, bu anlamda Türk xalqlarının həyatında mühüm rol oynamış, həmin rolu oynamağa davam edən istər İslamçılığa, istərsə də türkçülüyə münasibət ilk növbədə, bir Türk dini-fəlsəfi dünyagörüşünün və Türk milliyyətçiliyinin çərçivəsində olmalıdır. Əlbəttə, bu o anlama gəlmir ki, hər bir millət İslam dininə öz kimliyindən yanaşaraq onun əsil mahiyyətindən uzaqlaşmalıdır. Ancaq eyni şəkildə öz milli dəyərlərini, adət-ənənələrini, mədəniyyətini tamamilə dinin, konkret İslam mədəniyyətinin içində əritməyi də doğru hesab etmirik. Hər bir şey ölçüsündə, əndazəsində və qədərində olmalıdır. Bir din hər hansı millətin dəyərləri içində assimliyasiya olunanda zahiri xarakter daşıdığı kimi, bir millət də hər hansı dinin içində əriyəndə millətin yalnız adı qalır, özü və özülü isə məhv olur.
Ona görə də, Türk-İslam məfkurəli birlikdən bəhs ediriksə, ilk növbədə Türk xalqlarının burada maraqları nəzərə alınmaldır. Əgər bu gün dünyada 7 müstəqil Türk dövləti varsa, onların hamısı da müsəlman ölkələridirlərsə, o zaman türklüyün və islamlığın bir-birini tamamladığını düşünə bilərik. Ancaq bütün hallarda 7 Türk dövlətinin birliyi birinci türklüklərinə, ikinci müsəlmanlıqlarına əsaslanmalıdır. Çünki milli birlik qədərimiz, dini birlik seçimimizdir.

"Türk-Avropa” ya da "Türk-Qərb” birliyi...

Son iki əsrdə "Qərb mədəniyyəti”, "Qərb milliyyətçiliyi”, "Qərb demokratiyası” yenidən bərpa etmək istədiyimiz Türklük ruhumuzu zədələməklə, yaralamaqla qalmamış, onların yerinə bizlərə öz ideyalarını (praqmatizm, marksizm, həyat fəlsəfəsi, freydizm, ekzistensializm vəb.) aşılamışdır. Bizlər də bu yad ideyalara qapılaraq istənilən məsələyə "Qərb mədəniyyəti”nin, "Qərb fəlsəfəsi”nin, "Qərb demokratiyası”nın gözü ilə görməyə, anlamağa və yaşamağa başlamışıq. Bizim şüurumuza zor-xoş yeridiblər ki, dünyanı yalnız "demokratik və sivil Qərb”dən idarə etmək mümkündür, çünki yalnız onlar buna qadir və layiqdirlər. Maraqlıdır ki, biz Türk dünyasının insanları bunu vaxtilə şüurumuza yeridənlərə də, bu gün yeritməyə davam edənlərə də az qala büt kimi sitayiş edirik.
Biz də o fikirə qatılırıq ki, inkişaf yolunu tutan, ayaq üstə qalmaq istəyən hər hansı toplum tərəqqi dövrünü yaşayan millətin mədəniyyətindən yararlana bilər. Bu Avropa da, Asiya da, Amerika da ola bilər. Əgər onların inkişafında müsbət cəhətlər varsa bu hökmən dəyərləndirilməlidir. Ancaq burada önəmli olan kənar toplumların ideyalarından yalnız yararlanmaq olmalıdır, onları yamsılamaq yox. Yəni toplumun inkişafının nüvəsində öz düşüncəsi, öz fəlsəfəsi önəmli olmalıdır. O, kənar ideyalardan yalnız "öz”ü gücləndirmək üçün istifadə etməlidir. Məsələn, ağacın nüvəsi var və onun əsasında boy atır, qollu-budaqlı olur. Amma onun bu inkişafında kənar amillər də (suvarma, budaqlama, gübrələmə vəs.) mühüm rol oynayır. Deməli, istənilən cəmiyyətin də əsasında "öz” olmaldır.
Örnəyi qərblilər bunu 17-18-ci əsrlərdə, yaponlar 19-cu əsrdə, Güney Koreya və Çin 20-ci əsrdə çox yaxşı şəkildə həyata keçirərək yeni bir dönəmə qədəm qoydular. Türklər, ərəblər, farslar bu məsələdə başarlı olamadılar. Ərəblər və farslar gah "Qərb”, gah da ənənəvi yolayrıcında çırpındılar. Hələ də, bunun ikisi arasında qalıblar. Türklər isə Türkiyənin və Azərbaycanın (zorla sovetləşdirmə dövrünü nəzərə almasaq) timsalında bir əsrdir "Qərb”, Avropaya inteqrasiya yolunu tutmaqla müəyyən uğurlar əldə etsələr də, amma onlar da "öz”ə əsaslanmadıqları üçün ciddi problemlərlə üz-üzədirlər. Çünki başqasının "öz”ü bizim "öz” ola bilməz. Biz türklər heç vaxt romalı, yunan, ingilis, amerikalı ola bilmərik. Bu analmda Toynbilərin, Fukuyamaların, Hantiqtonların türklərlə bağlı nədən ziddiyyətli mövqe nümayiş etdirmələrini anlayır, bunu məntiqsizlik kimi qiymətləndirmirik. Çünki onlar hansı xətti, yəni "Qərb” yolunu, yoxsa ənənəvi yolu tumasından asılı olmayaraq türklərdən ehtiyat edirlər.
Hesab edirik ki, "Qərb mədəniyyəti”, "Qərb liberal-demokratizm”i və "Qərb millətçiliyi” sözün həqiqi mənasında "qərblilərin” boynuna biçilmişdirsə, o zaman "Qərb sivilizasiyası”nın qeyri-qərblilərə heç bir aidiyyəti yoxdur. Sadəcə qeyri-qərblilər "Qərb sivilizasiyası”nın basqısından dolayı onunla təmas halındadır. İki əsrdən çox çəkən bu təmas İslam-Türk dünyası üçün bir təhdid yaratmaqla yanaşı, yeni bir sivilizasiyanın yaranmasını da sürətləndirmişir. Artıq bizlər "Qərb” mədəniyyəti, "Qərb” liberal-demokratizmi, "Qərb millətçiliyi”nə Əli bəy Hüseynzadələrdən, Ziya Gökalplardan, Əhməd Ağaoğlulardan daha fərqli və diqqətli yanaşmaq zorundayıq. İslam-Türk mədəniyyətinin "Qərb mədəniyyəti”, "Qərb liberal-demokratizmi”, "Qərb millətçiliyi”nə qovuşması ilə qurtulduğumuz düşünmək çox yanlışdır. Əksinə, öz milli kültürünə, milli mədəniyyətinə, özgürlüklərinə, hürriyyətinə, ulusalığına əsaslanmayan heç bir millət tarix səhnəsində qalmamışdır. Başqa sözlə, öz kültürü, öz mədəniyyəti, öz vicdanı, öz fəlsəfəsi, öz aydınları, öz özgürlükləri, öz hürriyyəti olmayan istənilən millət, cəmiyyət məhvə məhkumdur.
Xüsusilə, Qərb ziyalılarının 1923-cü ildən sonrakı Türkiyə haqqındakı fikirləri ilk baxışda Türk milləti üçün xoş təsir bağışlasa da, əslində onları zorla "Qərb”ə yönəltmə və "Qərb”i daima ideal görmə istəyi var. Çünki vaxtilə dünyaya meydan oxuyan türklər "Qərb”ə üz tutmaqdan başqa çarə görmürdülərsə, bu "qərblilər”cə böyük bir uğur idi. Bu anlamda hərb savaşlarında əsasən türklərə yenilən Xristian-Qərb dünyasının, amma düşüncə dünyasında Türkləri yenməsi onlar üçün böyük bir qələbə idi. Halbuku vaxtilə Əli bəy Hüseynzadə yazırdı ki, bir türkün avropalaşması artıq onun türklükdən uzaqlaşması, deməkdir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəq¬qisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyil-dir!». Gökalp da "Türk mədəniyyəti tarixi” əsərində yazırdı ki, vaxtilə Çin mədəniyyətini mənimsəyən türklər bunun nəticəsində məhv olmaqla üzbəüz qalmış, bundan qurtulmaq üçün başqa torpaqlara köç etməli olmuşlar: "Türklər nə zaman milli kültürə önəm verməyərək yabançı kültürə önəm vermişlərsə və öz millətlərini bəyənməyib başqa millətlərin təqlidçisi və taparcasına sevəni olmuşlarsa, belə bir köç fəlakətinə uğramışlardır”.
Bir məqamla razıyıq ki, türklərin "qərbləşmə” yolunda gəldiyi nəticələr Türk aydınları qədər Qərb aydınlarını da maraq¬landırır. Necə ki, Qərb bir vaxtlar Rusiyaya marksizmi qəbul etdirərək sonra nəticəni gözləyirdilər. Eyni məsələ bir qədər fərqli şəkildə Türkiyədə də baş verir. "Qərb” Rusiyadan umduğunu bulmasa da, ən azından marksizmin nələrə yol açacağnı əyani şəkildə gördü. Indi də Qərb müsəlman olan, vaxtilə dəfələrlə avropalıların ayaqlarını titrədən türklərin "Qərb liberal-demokratiyası” və "Qərb mədəniyyəti” ilə hansı şəkilə girəcəyinə, hansı nəticəyə gəlinəcəyinə çox maraq edirlər. Yəni türklər sona qədər "qərbləşmə”yə davam edəcəklərmi? Əgər davam edərsə nələr baş verəcəkdir? Yoxsa, türklər "qərbləşmə”yə "dur” deyəcəkdir? Əgər "dur” deyərsə nələr olacaqdır? Bunu yaxşı anladıqları üçün qərblilər bir tərəfdən türkləri ənənəvi milli-dini yola qayıtmasını istəmirlər, digər tərəf¬dən "qərbləşmə” yolundakı hər addımına da nəzarət edirlər.

Dos., dr. Faiq ƏLƏKBƏRLİ

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300