Elxan Şükürlü
"Strateq.az” saytının baş redaktoru
Mənim sarı saçlı, mavi gözlü, örpəyi başında, duası dilində,
atam yadigarı əziz Anam!
Dünən jurnalistlərə bağışlanan ev siyahısında adımı görə bilməyib, qəzəb, ancaq
eyni zamanda həmişəki kövrəkliyinlə "A bala, axı sən bunlara nə etmisən belə?!
Niyə sənə qənim kəsiliblər?! Niyə hər yerdə önünə daş dığırladır, kötük hellədirlər?!
Gör, neçənci dəfədir ki, səni bu hala salırlar… Kimdir axı düşmənin, de, biz də
bilək da bə, oğul…” deyə sual edir, israrla cavab istəyirdin…
Sənin bərk incimiş o incə, zərif, büsbütün sevgi və mərhəmətdən yoğrulmuş həssas
ana qəlbini həmin an ovundura biləcək söz tapa bilmədiyimdən, hər şeyi zarafata
saldım. Ancaq bu gün qərara gəldim ki, Sənə bəzi gerçəkləri mütləq, qısaca da
olsa, deməli, yazmalıyam…
Əziz Anam! Bəribaşdan deyim ki, özünü, başını yorub düşmən axtarma – mənim düşmənim
mən özüməm! Bəli, bəli, özüm, məhz özüm! Sənin düz 41 il əvvəl bir mart səhəri,
sübh azanında doğub dünyaya gətirdiyin həmin o çirkin və yöndəmsiz Elxan!
Heç ağlına gələrdimi ki, 41 il əvvəl doğduğun o çirkin, arıq və çəlimsiz, ölməsin
deyə başına oğlaq dolayıb qurban kəsdiyiniz körpə yaşayacaq, sağ qalacaq, böyüyəcək
və düz 41 il sonra xəyallarında yaşatdığın paytaxt Bakıdan Sənə məktub
yazacaq?! Özü də nə üstündə – niyə hər dəfə onun haqqını yeyirlər, niyə bir
dövlətin yekə-yekə adamları hər yerdə onun önünü kəsir və niyə o da inadla bu məsələdə
susur, dinmir…
Əziz Anam, axı Sən Allaha, onun qüdrət və hikmətinə səmimi qəlbdən inanan
adamsan! O Allah da deyib ki, sizin yaxşı bildiyinizin arxasında pis, pis
bildiyinizin arxasında isə yaxşı bir iş durar… İnan mənə, Sənin pis xəbər kimi
qarşıladığın bu işin arxasında da gözəl bir hikmət, ibrət və yaxşı bir iş
yatır, o zərif və kövrək qəlbin rahat olsun!
Başa düşürəm, hər dəfə Bakıya gələndə "əli hər yerə çata bilən” oğlunun niyə
kirayələrdə qaldığı sıxır Səni. Utanırsan ki, axı bu boyda kişi niyə illərdir
özgə qapılarda qalıb?! Darıxır, sinirə bilmir, qayıdıb tez kəndə – Ata
Ocağımıza qaçmaq istəyirsən… "Hamıya əl tutursan, üstünə gələnə bir dəfə də
"yox” deməmisən… Bala, bir öz gününə bax da, bir az da özünü, balalarını düşün
da…” – deyirsən. Gəlinini də ürəkləndirirsən, tez Sənə qoşulur: "Ay ana, bilmirəm,
Allah tamah, nəfs verəndə, Sənin bu oğlun haradaymış…”.
Bax, əziz Anam, bir kişini ən yaxşı tanıyan onun qadınıdır. Gəlinin də Sənə
deyirsə ki, "oğlunun birinci düşməni tamahsızlığındadır”, buna inan – çünki mən
ömrümü kitablar arasında keçirdim və hələ bir yerdə oxumadım ki, tamahkar, nəfsinə
qul olan adamlar böyük ola, böyük ideyalar uğrunda çarpışa, vuruşa, mübarizə
apara biliblər… Ona görə də tamahı özümə düşmən elan edib, onun məni çəkdiyi,
dartdığı yerlərdən və işlərdən uzaq qaçmışam! Bunun hansı çətinliklərə başa gəldiyini
çox az adam bilər, əksəriyyəti heç anlamaz və hətta bəzən arxanca "ağılsız
adamdır” ifadəsiylə deyinərlər də…
Ancaq bax, Ana, məgər biz böyük-böyük sarayların, topdağıtmaz səltənətlərin necə
xarabalıqlara, bayquşlar oylağına çevrildiyini, içində insan hənirtisinə, körpə
qığıltısına necə həsrət qaldığını görməmişikmi?! Görmüşük, Ana, görmüşük…
Görmüşük ki, insanın canı ağrıyında nə mal-mülk yadına düşər, nə ev-eşik, nə sərvət…
Milyonların-milyardların bir insanı xilas etməyə, geri qaytarmağa gücünün yetmədiyini
də görmüşük, pulun, qızılın insan qüruru və ləyaqəti qarşısında necə sındığı,
utandığı, aciz qalıb xəcalət çəkdiyi anları da…
İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sxımağına, Ana?! Övladların, nəvələrin
başında, çox şükür, bundan böyük nemətmi olar?! Birinin evi, malı-mülkü var, Sənin
də başını həmişə uca edəcək gözəl, tərbiyəli və sağlam övladların, nəvələrin…
Bilirəm, Səni daha çox "şanlı hökumətimiz”in mənə münasibəti sıxır. Hələ də
qavraya bilmirsən ki, axı mənim bu arıq və çəlimsiz oğlum niyə hər dəfə
qos-qoca hökumətin qəzəbinə gəlir: br gün yazıla bilməyənləri yazmasın deyə,
qurub-yaratdığı qəzetdən uzaqlaşdırırlar; bir gün əlinə silah keçər deyə, çənəsini
qırıb Ordudan kənara atırlar; başqa gün mühüm bir dövlət orqanında işə götürüləcək
vədi verib üzərində min oyun qurur, sonra imtina edirlər; o biri gün
partiyasında onun olacaq yerinə "cavandır, hələ gözləsin” deyib qoca və çuğul
birisini dürtürlər; bir gün dövlət səviyyəsində böyük bir qanunsuzluğa gedib
MSK-ya düşməsinin qarışısını kəsirlər; başqa bir gün istintaqa dartıb qarşısına
"yazma” şərti qoyurlar; bir gün parlamentə yolunu bağlayırlar; bir gün də də
içində yaşamağa çoxlarından çox haqqı çatan mənzilini vermirlər…
Nə edim, Ana, indi mən də ev davası açanların xoruna, haray-həşirinə, müti və
iyrənc yalvarışlarınamı qoşulum?! Torpağının yarısı getmiş, şəhidinin
arvadı-övladı küçədə qalan, ehtiyac içində çapalayan, haqq-ədalətin hər yerdə
ayaq altına atıldığı, at izinin it izinə qarışdığı, ləyaqətsiz və şərəfsiz
yollarla "yüksəliş”in, alçala-alçala "ucalmağın” meyara çevrildiyi bir məmləkətdə
durub ev davasımı aparım?! Bunu özümə, qüruruma sığışdıra bilmərəm, Ana! Yoxsa,
Sən hamıdan yaxşı bilirsən ki, məni haqqımı kimsəyə yedirən və mənə olan hörmətsizliyi
də cavabsız buraxan şəkildə böyütməmisən!
…Yadındamı, rəhmətlik qonşumuz Məməd dayı – "Ovçu Mamed” nə deyirdi? Vurub gətirdiyi
qurdların dərisini soyanda ürəyini çıxarıb çiy-çiy qonşu uşaqlarla bərabər, mənə
də yedirər və hamıya da deyərdi ki, bax, içinizdəki bu arıq oğlan böyüyəndə
qurd kimi ürəkli və tələyədüşməz olacaq… Görünür, Sən indi həmin o qurd ürəyi
yemiş, ağzı qurd qanına bulaşmış, bir andaca kükrəyib coşa, yanıb hər tərəfi
alova bürüyə biləcək oğlunun neçə ildir niyə belə sakit və səbrlə durmasını,
ona çəkilən sitəmlərə dözməsinin səbəbini anlamaqda şətinlik çəkirsən…
Yazım, bil, Ana! Bil ki, daha bir də bu məsələdə dartışmayaq!
Əziz Anam, Sənin o gözəl gözlərin yaşara-yaşara barəsindəki hekayətləri dinlədiyin
Həzrəti Əli çox cəsur, igid, bilgili və ədalətli adam sayılsa da, həmişə haqqı
yeyilən insan olub. İlk dəfə onun hakimiyyət haqqını yeyəndə cəmi-cümlətanı
32-33 yaşı vardı. Hətta xanımı olan Peyğəmbər qızı Fatimə də onun bu səbrinə məəttəl
qalmışdı. Həzrət Əlinin susma səbəbi isə biriydi – onun haqqını yeyənlər
özününkülər idi və həmin vaxt haq davası açmağa qalxsaydı, indi Sənin hər gün 5
dəfə sevə-sevə oxuduğun o azan səsi çoxdan kəsilmişdi…
Əziz Anam, mən qətiyyən özümü Həzrəti Əliyə oxşatmaq niyyətində deyiləm, ancaq
biləsən ki, onun yolunda yürüyən çoxları kimi, mənim də hər addımda haqqımı yeyənlər,
önümü kəsənlər, məni "özgə” bilənlər məhz özümüzünkülərdir!!! Ordan – Sənin
yaşadığın Naxçıvandan Bakıya gəlib rəhmətlik Heydər Əliyevin əzəmətli kölgəsinə
sığınan, vəzifə alan və sonra da bu vəzifə hesabına həşarat kimi millətin
canına daraşıb var-dövlət, sərvət sahibi olan bəzi acgöz, görməmiş və tamahkar
həmyerlilərimiz hər yerdə məni və mənim kimi insanları özlərinə təhlükə, düşmən
sayıblar!
Xatırlayırsansa, rəhmətlik babam bu sayaq "vəzifəliləri” görəndə, tez "Yetim
quzudan qoç olmaz” məsəlini çəkərdii. İndi biləsən ki, mən – Sənin oğlun, heç
vaxt qoç ola bilməyəcək bu "yetim quzular”ın gözünə həmin qurd ürəyi yeyən,
ağzı qurd qanlı Elxan kimi göründüyümdən, məndən qurd qoxusu aldıqlarından, bu
"yetim quzular” sürüsünün canına həmişə vəlvələ düşüb, Ana! Ona görə hər yerdə
önümə daş, kəsək, kötük diyirlədiblər, vurmağa, sındırmağa, ləkələməyə, adımı,
izimi silməyə çalışıblar ki, dirçəlməsin, ayağa dura bilməsin, güclənməsin,
itib-batıb getsin…
Və onu da biləsən ki, neçə ildir mən doğulduğumuz və çox sevdiyimiz o gözəl
Naxçıvanımıza, bu dövlətin qurulmasında və qorunmasında əvəzsiz xidmətləri olan
qeyrətli həmyerlilərimizə və bir də rəhmətlik Atamın "təəssübün olsun, öz
el-obana qarşı gəlmə” nəsihətinə, ona verdiyim sözə görə, susur, dinmir, üzərlərinə
qurd kimi yürüyüb o heç vaxt qoç ola bilməyəcək "quzular”ın leşlərini yan-yana
düzmürəm, əziz Anam! Anla məni!
Ancaq əminəm ki, belələri, gec-tez, acgözlüklə topladıqları o sərvətlərini, vəzifələrini
qorumaq üçün bir gün doğulduqları o torpağa da üz çevirəcəklər, onu da
satacaqlar! Bax, mən onda danışacam, Ana! Onda çökəcəm belələrinin namərd sinəsinə!
Mənim ən rahat və ən gözəl yerim Sənin bətnində keçirdiyim 9 ay olub, gedəcəyim
ən rahat ev də, şübhəsiz, kəndimizdəki qəbristanlıqda uyuyan ata-bablarımın
ayaqlarının altı olacaq! Taleyin işinə, Tanrının hikmətinə bax ki, məhz mən Sənin
bətnində olan aylar ərzində Sən palçıq-su daşımısan, müəllim Atam da kənddəki o
gözəl evimizi tikib… Deməli, mən də öz evimi Atam kimi – alın təriylə, zəhmətlə,
öz əllərimlə tikməliyəm, daha hökumətdən ummamamlı, gözləməməli, kimdənsə
mükafat olaraq almamalıyam, Ana! Səhvim onda oldu ki, bunu bilə-bilə, yanlış
adamlardan ədalət gözlədim, bir ev üçün hökumətə müraciət etdim, gərək bunu etməyəyədim,
Ana! Buna görə, mən özümü bağışlaya bilmirəm, ancaq gəl, Sən bağışla məni!
Bu səhvi düzəltmək üçünsə mən gəlininin və nəvələrinin yanında Sənə söz verirəm,
sağlıq olsa, inşallah, qarşıdakı 2 ilin tamamında Bakıya gələndə, Səni nəvələrinlə
birgə öz evimizdə qarşılayacağıq! Söz!!!
Görüşənədək, mənim sarı saçlı, mavi gözlü, başı örpəkli, dili dualı, atam
yadigarı əziz Anam! Təki Sən sıxılma və səbrli ol! Mən hələ sağam, ölməmişəm, həyat
isə davam edir…