Şuşa sakinlərinin ölkə başçısına etdiyi müraciət redaksiyamıza təqdim edilib.
Müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Surətləri: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova Azərbaycan Respublikası Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən RzayevəAzərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi cənab Aydın Kərimova Şuşa əhalisinin
m ü r a c i ə t i
Cənab Prezident, hörmətli Əli müəllim, hörmətli Rövşən müəllim, hörmətli Aydın müəllim,uzun illər düşmən işğalı altında olan vətən torpaqlarımızın, o cümlədən xalqımıızın qürur yeri, mədəniyyət mərkəzi olan Şuşa qalasının azad olunması xalqımızın bir kəsimi olaraq Şuşa əhalisini də təbii ki, olduqca fərəhləndirmiş və bizlərə böyük və əvəzolunmaz qürur hissi yaşatmışdır. Xalqımızın keçməkeşli tarixinə qızıl hərflərlə yazılacaq bu sevincli anları xalqımıza yaşadanları, əlbəttə ki, xalqımız heç vaxt unutmayacaq və əbədiyyən layiqincə dəyərləndirəcəkdir. Məlum olduğu kimi, hazırda azad olunmuş vətən torpaqlarımızda bərpa və quruculuq işləri aparılmaqdadır və hətta məcburi köçkünlərimizin müəyyən qismi də vətənlərinə köçürülərək yaşayış yerləri ilə təmin edilmişlər. Xatırlatmaq istəyirik ki, Şuşa əhalisi cənab Prezidentimizin çıxışlarının birində şuşalıların da təklif və fikirlərinin önəmli olmasını dilə gətirərək “Şuşanı necə görmək istəyirsiniz?” deyə müraciət etməsini olduqca məmnunluq hissi ilə qarşılamışdır və bununla əlaqədar bir neçə dəfə müraciət ünvanlayaraq öz təklif və fikirlərimizi ifadə etmişik. Ancaq indi şəhərimizdə görülməkdə olan bərpa və quruculuq işlərinin hazırkı gedişatına və əhalimizin məskunlaşdırılmasına münasibətdə bəzi gözləntilərimizin hələ də özünü doğrultmadığının şahidi olmaqdayıq.
Verdiyimiz təkliflər sırasında bizi ən çox qayğılandıran Şuşa şəhərində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması məsələsidir. Şuşanın azad olunmasından artıq 4 ilə yaxın vaxt ötür. Lakin ötən bu müddət ərazində müasir standartlara uyğun möhtəşəm mehmanxana və yaşayış kompleksləri, ictimai iaşə obyektləri inşa edilməkdə olsa da və bəzi tarixi abidələrimiz bərpa edilsə də, təəssüflər olsun ki, hələ də şəhidlər məzarlığında abadlaşdırma işlərinə başlanılmamışdır. Hesab edirik ki, Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizə böyük ehtiram əlaməti olaraq ilkin olaraq Cıdır düzü ərazisində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması və orada Şəhidlər Xiyabanının salınması xüsusilə vacib idi.
Əvvəlki müraciətlərimizdə də qeyd etdiyimiz kimi, biz şuşalılar şəhidlər məzarlığında aparılacaq abadlıq işlərinə öz maddi imkanlarımız və işçi qüvvəmiz hesabına dəstək olmaqla bu arzumuzu gerçəkləşdirmək istəyirik. Bunun üçün də şəhidlərimizin mərmər lövhə üzərində barelyeflərini hazırlatmışıq.
Bizim etmiş olduğumuz müraciətlərin müqabilində bizə 1-2 aya şəhidlər məzarlığında işlərə başlanılacağı bildirilsə də verilən bu cavablardan illər ötür, ancaq nə iş başlanılır və nə də ki bizim orada abadlaşdırma işləri aparmağımıza icazə verilir. Əvvəlki müraciətlərimizdə həlli vacib olan ikinci məsələ digər məzarlıqların, Mirzə Həsən və Cıdır düzü məzarlıqlarının abadlaşdırılması və bizə həmin məzarlıqları ziyarət etməyimiznə şərait yaradılması məsələsi olmuşdur. İnsanlarımıza hələ də bu məzarlıqları ziyarət etməyə və abadlaşdırma işləri aparmağa icazə verilmir.
Bir xahişimiz də o olmuşdur ki, bərpa və quruculuq işlərində Şuşanın yerli mütəxəssislərindən və işçi qrupundan istifadə olunsun. Biz uzun illərdir ki, öz dogma vətənimizdə çalışıb işləməyi arzulamışıq. Bu həm yerli sakin olaraq bizim relyefi daha yaxından bilməyimiz, azad olunmuş vətən torpağında daha həvəslə və şövqlə işləməyimiz üçün zəmin yaranması və eyni zamanda işlə təmin olunaraq məskunlaşmağımız nöqteyi-nəzərdən əhəmiyyətli ola bilərdi. Ancaq görünən odur ki, bizim bu xahişmizə də məhəl qoyan yoxdur.
Şuşada işləyənlərin böyük əksəriyyəti qeyri Şuşa sakinləridir və doğma yurdumuzda hətta fəhlə işləməyimiz üçün də məhdudiyyətlərlə üzləşməkdəyik. Şuşa bu gün fiziki və hüquqi şəxs olaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərimiz üçün də keçilməzdir. Ən müxtəlif bəhanələrlə onların iş qurmalarına imkan verilmir, əvəzində isə Şuşanın təbii coğrafi mövqeyinə görə turizm üçün olduqca əlverişli məkan olmasından istifadə edən qeyri şuşalı müəyyən bir monopolist çevrə vardır ki, ancaq onlar bütün idarəçilik strukturları, mehmanxana, ictimai iaşə və sairə obyektləri ələ keçirməklə özləri üçün faydalanırlar. Yeri gəlmişkən, bu səbəbdəndir ki, orada qiymətlər də kəllə-çarxa qalxır. Digər bir məsələ şuşalı sakinlərin məskunlaşdırılması ilə bağlı məsələdir. Məlumdur ki, şəhərimizdə hökumətimiz tərəfindən hazırlanmış yeni layihələrə müvafiq olaraq tikinti işləri aparılmaqdadır və buna görə də şəhər azad edildikdən sonra dağıntıya məruz qalmış bina və həyət evlərinin söküntüsü ilə yanaşı salamat qalmış xeyli bina və həyət evlərinin söküntüsü də aparılmışdır. Hesab edirik ki, sökülmüş evlərin elə bir qismi var idi ki, həmin evlər müəyyən təmir işlərinin aparılması ilə müasir standartlara cavab verirdi və əhalimizi həmin evlərdə məskunlaşdırmaq olardı. Şəhərimizdə elə evlər də vardır ki, onlar sökülməmişdir və həmin evlərin əsil sahibləri orada məskunlaşdırıla bilərdi. Lakin hələ də həmin evlərdən mehmanxana kimi istifadə olunur və bu evlərin sahibləri və hətta mülkiyyətçiləri evlərinə buraxılmırlar, “mehmanxana sahibləri” onlardan öz qanuni mülkiyyətlərində və istifadələrində olan ev və mənzillərində gecələmələri üçün böyük məbləğdə ödəniş tələb edirlər. Məsələn, Pənah xan 1 ünvanında yerləşən yaşayış evi 56 mənzildən ibarətdir və bu evdə yaşayş qeydiyyatında olan 56 ailə yenidən məskunlaşdırıla bilərdi. Lakin “işbazlar” və mənfəət güdənlər həmin evi mehmanxanaya çevirmişlər və qanuni sahiblərini də qalmaq haqqını almadan oraya buraxmırlar. Əvvəlki müraciətlərimizdə onu da xahiş etmişdik ki, məskunlaşdırılma qanunvericiliyin tələblərinə uyğun və ədalətli olsun. Sakinlərimiz əvvəlki evlərindən və mənzillərindən məhrum olmuşlarsa da əvvəlki ev və mənzillərinin yerində və yaxud ona yaxın ərazilərdə inşa edilmiş ev və mənzillərlə təmin edilə bilərdilər, bu mümkün olmadığı təqdirdə isə sakinlərimizə hökumətimizlə razılaşdırılmış layihələr əsasında ya evlərini bərpa etmələrinə və yaxud da ki yenisini tikmələrinə icazə verilə bilərdi. Bizdə olan məlumata görə şəhərin ən cazibədar yerlərində sökülmüş bina və həyət evlərinin yerində tikilən və tikilməkdə olan evlərin yüksək bazar qiymətlərinə satışa çıxarılması nəzərdə tutulmuşdur ki, bu kimi məlumatlar da bizi narahat etməyə bilmir. Yəni belə görünür ki, qanun və ədalət naminə həmin ərazilərdə məskunlaşdırılmalı olan sakinlərin əvəzinə vətəndaşlığından, yerli sakin olub-olmamasından, sosial mənsubiyyətindən və sairə asılı olmayaraq istər satan və istərsə də ki alan olsun, maddi imkanı yetənlər bu yaşayış yerlərindən bəhrələnəcəklər. Yaxın vaxtlarda şəhərin yuxarı hissəsində məcburi köçkün olan Şuşa əhalisinin məskunlaşdırılması üçün inşa edilən yaşayış binalarına köç olmuşdur. Həmin binalarda məskunlaşdırılan sakinlərin bir qismi istisna olmaqla əksəriyyəti qeyri Şuşa sakinləridir, Şuşada qeydiyyatı və yaşayış sahəsi olmayanlardır və onlar tərəfindən də əldə edilən yaşayış sahələri kirayəyə verilməkdədir. Orada pasport yoxlanılması aparılması ilə faktın doğruluğu təsdiqini tapa bilər. Bunu kimlər etmişdir və niyə etmişdir, bu sual da öz cavabını gözləyir. Hazırda yaşayış üçün olduqca əlverişsiz yerlərdə hələ də qalmaqda olan sakinlərimiz, o cümlədən vətənimiz üçün canını fəda etmiş şəhid və qazi ailələri vardır ki, onlar ilk növbədə kirayəyə verilməkdə olan yaşayış sahələri ilə təmin edilməli idilər.
Həlli vacib bildiyimiz ən önəmli məsələlərdən biri də tikilməkdə olan mehmanxanalar qədər və həcmində olmasa da müharibə iştirakçıları və onların ailələri üçün dövlət hesabına və yaxud güzəştli şərtlərlə müalicə almalarına və istirahət etmələrinə xidmət edən sanatoriya və istirahət evlərinin tikilməsidir. Hesab edirik ki, Şuşa daxil, torpaqlarımızın müdafiəsində və işğaldan azad olunmasında iştirak etmiş bütün insanlarımızın buna haqqı vardır. Dəfələrlə etdiyimiz xahiş və müraciətlərimizə baxmayaraq biz hələ də dogma yurdumuza sərbəst gedə bilmirik. Elələrimiz vardır ki, bir dəfə də olsun gedə bilməyibdir. Portal rejiminin qalması da anlaşılan deyildir. Nəhayətdə bizim istəyimiz nədir? Biz Şuşamızın özünə qayıtmasını, ölkəmizə və hətta bütün dünyaya dahilər bəxş etmiş yurdumuzda bu dahiləri yenidən verə biləcək əvvəlki yaşam tərzinə və mədəni dəyərlərə söykənən yurd qurmaq istəyirik. Bunun üçün də şəhərimizdə aparılan bərpa-quruculuq işləri daxil onun idarəçiliyində, iqtisadiyyatının və xidmət sahələrinin qurulmasında, eləcə də mədəni-kütləvi tədbirlərində iştirakımızın yetərincə təmin olunmasını, qanunamüvafiq və ədalətli şəkildə məskunlaşdırılmağımızı, bu yöndə şəhidlərimizin xatirəsinin əziz tutulmasını, şəhid və qazi ailələrinə xüsusi diqqət ayrılmasını istəyirik. 29.08.2024 Bu müraciəti bütün Şuşa əhalisinə imzalatdırmaq imkanımız xaricində olsa da bütövlükdə əhalimizin ictimai rəyini əks etdirdiyinə əminik.
Xahiş və təkliflərimizin lazımınca dəyərlədiriləcəyinə və nəzərə alınacağına ümid hissi ilə”.
Basta