“Mossad”ın keçmiş rəhbəri biznesə keçdi: ABŞ konserninə prezident təyin olundu
Musavat.com xəbər verir ki, İsrail Xarici Kəşfiyyat Xidmətinin (“Mossad”) keçmiş rəhbəri David Barnea Amerikanın “Ondas” müdafiə konserninin Direktorlar Şurasının sədri və prezidenti vəzifəsinə təyin olunacaq.
“Ondas” şirkətindən bildirilib ki, Barneanın təyinatı “Mossad”ın hüquqi məsləhət orqanı tərəfindən yoxlanılıb və tam təsdiqini tapıb.
ABŞ-yə məxsus bu gənc konsern 2025-ci ilin əvvəlində investorlardan 2 milyard dollar vəsait cəlb edərək müdafiə startaplarını, xüsusən də İsrail şirkətlərini fəal şəkildə almağa başlayıb. Şirkət Amerika mənşəli olsa da, baş qərargahı İsraildə yerləşir və rəhbər heyətinin əsasını həmdirektor Oşri Luqasi başda olmaqla israillilər təşkil edir.
Kəşfiyyat xidmətinə rəhbərlik etmiş Barnea üçün bu, özəl sektorda ilk təcrübə olacaq. “Ondas” yeni prezidentin alacağı qonorarın məbləğini açıqlamayıb.