Tarix yalnız uzun ömür sürən insanları deyil, qısa ömürlərinə böyük mənalar sığdıranları da yaşadır. Elə insanlar var ki, ömürlərinin uzunluğu ilə deyil, əqidələri, mübarizələri və cəmiyyətə buraxdıqları izlərlə xatırlanırlar.
Elnur Fərəcov da belə insanlardan idi. O, 1987-ci il iyulun 30-da Neftçala rayonunun Mirqurbanlı kəndində dünyaya göz açmışdı. Cəmi 31 il ömür yaşasa da, geridə bir insanın yaşından daha böyük iz buraxdı.
Onun həyatı doğulduğu torpağın, ailəsinin və mənsub olduğu nəslin yaddaşı ilə sıx bağlı olub. Elnur sadəcə öz dövrünün hadisələri ilə yaşayan bir gənc deyildi. O, ailəsindən gələn dəyərləri, mərdlik və ləyaqət anlayışını öz xarakterində yaşadan, həyatının müxtəlif mərhələlərində qarşılaşdığı çətinliklərə geri çəkilmədən sinə gərən insan kimi tanınırdı.
Elnur Fərəcovun ailə kökləri də onun həyat hekayəsinin mühüm hissəsidir. Ailə şəcərəsinə görə, o, Neftçala bölgəsinin bəy nəslinə mənsub olub, Məşədi Hüseynqulu bəyin nəvələrindəndir. Bu nəslin keçmişi və ailədə qorunub saxlanılan xatirələr Elnurun dünyagörüşünün formalaşmasında xüsusi yer tuturdu.
Uşaqlıq və yeniyetməlik illəri Mirqurbanlı kəndində keçib. Orta təhsilini Tofiq İsmayılov adına məktəbdə alıb. Məktəb illərindən etibarən idmana böyük maraq göstərib. Boks, güləş və futbol kimi müxtəlif idman növləri ilə məşğul olub. İdman onun üçün yalnız fiziki hazırlıq vasitəsi deyildi. İradə, dözümlülük, mübarizə və komanda ruhu onun xarakterinin formalaşmasına da təsir göstərirdi.
Orta məktəbi başa vurduqdan sonra ali təhsil almaq üçün Bakı Biznes və Kooperasiya Universitetinə qəbul olur. Gənc yaşlarından həm təhsilini davam etdirir, həm də idmanla məşğul olurdu. İctimai-siyasi prosesləri izləyir və aktiv fəaliyyəti olan gənc idi.
Futbol isə onun həyatında xüsusi yer tuturdu. Elnur uzun illər Neftçala futbol klubunda çıxış edib. Meydanda yarımmüdafiəçi kimi oynayıb və rayon futbolunun tanınan simalarından birinə çevrilib. Onu tanıyanların xatirələrində Elnur fiziki cəhətdən sağlam, çevik, enerjili və mübariz gənc kimi qalıb.
Gəncliyinin növbəti mühüm mərhələsi hərbi xidmət olub. Elnur Fərəcov hərbi xidmətini Murovdağ istiqamətində, Gülüstan kəndi ərazisində keçirib. Hərbi xidmət zamanı ağır şəraitlə üzləşib və aldığı yaraların izlərini ömrünün sonuna qədər daşıyıb. Boğaz nahiyəsində iki qəlpənin qaldığı və onların çıxarılması mümkün olmamışdı. Buna baxmayaraq, o, sonrakı həyatında idmanla məşğul olmağa və fəal həyat sürməyə davam edib.
Hərbi xidmətdən sonra əmək fəaliyyətinə başlayıb. Müxtəlif sahələrdə öz halal zəhməti ilə çalışıb. Sonuncu iş yeri Neftçala Yod-Brom Zavodu olub. Əmək fəaliyyəti ilə yanaşı, ölkədə gedən ictimai-siyasi proseslərə də biganə qalmayıb. Mitinqlərdə və ictimai tədbirlərdə fəal iştirak edib. Siyasi fəallığı onun iş həyatına da təsir göstərib və zavodda işlədiyi dövrdə bu fəaliyyətinə görə işdən çıxarılıb.
Elnur Fərəcovun xarakterində diqqət çəkən əsas xüsusiyyətlərdən biri insanlarla münasibət qurmaq və ətrafına insan toplamaq bacarığı idi. O, inandığı fikri yalnız özü ilə məhdudlaşdırmır, ətrafındakı insanları da həmin fikrə inandırmağa çalışırdı. Meydanlara çox vaxt tək getmirdi. Özü ilə birlikdə onlarla insanı aparmağı bacarırdı. Onu tanıyanların xatirələrində bu xüsusiyyət onun təbii liderlik qabiliyyətinin göstəricisi kimi xatırlanır.
İctimai-siyasi fəaliyyəti onun həyatında getdikcə daha böyük yer tutmağa başladı. Bu fəaliyyət sonralar həbslərlə müşayiət olundu.
2010-cu il noyabrın 2-də Mirqurbanlı kəndində AXCP-Müsavat blokunun seçicilərlə görüşü zamanı Elnur Fərəcov polis tərəfindən saxlanıldı. Hadisə zamanı polis müdaxiləsinin baş verdiyi, Elnurun atasını müdafiə etmək üçün irəli çıxdığı və polis tərəfindən aparıldığı barədə məlumatlar yayıldı. 3 noyabr 2010-cu ildə Mirqurbanlı kəndinin sakinləri Neftçala Rayon Prokurorluğunun qarşısına toplaşaraq Elnur Fərəcovun saxlanılmasına etiraz ediblər. Etirazçılar prokurorluqdan hadisənin araşdırılmasını tələb ediblər. Prokurorluq nümayəndələri aksiya iştirakçılarını qəbul edib və onlara Elnur Fərəcov barəsində iki günlük həbs-qətimkan tədbiri seçildiyini bildirmişdilər. Bu hadisə Elnurun ictimai-siyasi fəaliyyətinin ilk illərində yadda qalan hadisələrdən biri oldu.
Sonrakı illərdə onun adı müxtəlif ictimai-siyasi tədbirlərlə bağlı yenidən mətbuatda görünməyə başladı.
Elnur Fərəcov ictimai-siyasi fəaliyyətini davam etdirirdi. 2016-cı ilin sentyabrında Milli Şuranın mitinqində iştirakından sonra onun inzibati qaydada 5 sutka həbs edildiyi barədə məlumat yayıldı.Bu hadisədən sonra onun ictimai-siyasi fəaliyyətinin qarşısında yeni maneələr yarandı. Həmin hadisədən sonra onun iş həyatında da problemlər yarandı. Neftçala Yod-Brom Zavodu Elnurun aktiv siyasi fəaliyyətinə dözümsüzlük göstərdi və işdən çıxardı.
Lakin 5 sutkalıq həbs Elnurun mübarizəsini dayandırmadı.
2016-cı il dekabrın 9-da onun həyatı daha ağır bir mərhələyə qədəm qoydu. Elnur Fərəcov saxlanıldı. Hadisə həmin günlərdə geniş ictimaiyyətə açıqlanmadı və onun həbsdə olması barədə məlumat bir müddət sonra mətbuata çıxdı.
Ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürüldü. Müdafiə tərəfi ittihamı qəbul etmədi. Vəkil və yaxınları hadisənin qurulmuş ittiham olduğunu, Elnurun siyasi fəaliyyətinə görə təqib edildiyini bildirdilər.
2017-ci il mayın 5-də Neftçala Rayon Məhkəməsi Elnur Fərəcov barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxardı.
Vəkil Nemət Kərimlinin mediaya açıqladığı mövqeyə görə, Elnur Fərəcov tanış olduğu bir şəxslə rayonda biznes qurulması barədə söhbət etmək üçün çayxanaya gedib. Müdafiə tərəfinin təqdim etdiyi versiyada bildirilirdi ki, polis həmin vaxt əməliyyat keçirib, narkotik vasitə həmin şəxsin üzərindən aşkar olunub və o, narkotiki Elnur Fərəcovdan aldığını iddia edib. Vəkil bunu təxribat adlandırmış və həmin şəxsin istintaqa yardım etdiyi əsas gətirilərək məsuliyyətdən azad edildiyini bildirmişdi.
Beləliklə, 29 yaşlı Elnurun həyatının qarşısında yeni və daha ağır bir mərhələ başladı.
Həbsxana onun sağlamlığına da ağır təsir göstərdi. Vaxtilə müxtəlif idman növləri ilə məşğul olmuş, futbol oynamış, fiziki cəhətdən sağlamlığı ilə seçilən gənc insanın səhhəti həbsdə olduğu müddətdə getdikcə pisləşməyə başladı.
Əvvəlcə onun vərəm xəstəliyindən müalicə aldığı barədə məlumatlar yayıldı. Daha sonra aparılan müayinələr zamanı boğaz nahiyəsində şiş aşkarlandığı bildirildi. Sonradan bunun xərçəng xəstəliyi olduğu məlum oldu.
Xəstəliyin müəyyən edilməsi və müalicə prosesi Elnurun ailəsi və yaxınları üçün ağır sarsıntıya çevrildi. Xüsusilə əvvəlcə vərəm diaqnozu ilə müalicə olunması, daha sonra isə xərçəng xəstəliyinin üzə çıxması ciddi suallar doğurdu. Ailə və onu tanıyan insanlar xəstəliyin vaxtında müəyyən edilməməsi və müalicədə gecikmə ehtimalından narahat idilər.
Elnurun həbsdə xəstələnməsi cəmiyyətdə də uzun müddət müzakirə edildi. Çünki onu yaxından tanıyanların yaddaşında o, sağlam, idmanla məşğul olan, fiziki cəhətdən güclü və həyat eşqi yüksək bir gənc kimi qalmışdı.
Elnurun səhhəti ağırlaşdığı bir vaxtda onun azadlığa buraxılması məsələsi də gündəmə gəldi. 2018-ci il mayın 24-də imzalanmış əfv sərəncamı ilə Elnur Fərəcov azadlığa buraxıldı. Lakin azadlığa çıxması onun sağlamlığına əvvəlki vəziyyətini qaytara bilmədi. Xəstəlik artıq ağır mərhələyə çatmışdı. Müalicə davam etdirilsə də, onun vəziyyəti ağır olaraq qalırdı.
Həbsdən çıxandan sonra onun ailəsi və yaxınları Elnurun müalicəsi üçün bütün imkanlardan istifadə etməyə çalışdılar. Lakin xəstəliyin ağırlığı onun vəziyyətinin yaxşılaşmasına imkan vermədi.
2018-ci il avqustun 9-da Elnur Fərəcov vəfat etdi.
Onun ölümü ailəsi, dostları, onu tanıyanlar və ictimai-siyasi fəaliyyətini izləyən insanlar üçün ağır itki oldu. Azərbaycanının müxtəlif bölgələrindən insanlar onun dəfn mərasiminə gəlmişdilər. Onların bir qismi Elnuru şəxsən tanımırdı. Lakin onun apardığı mübarizəyə, həyat yoluna və əqidəsinə hörmət etdikləri üçün son mənzilə yola salmağa gəlmişdilər.
Dəfn mərasimi ilə yanaşı, sonrakı yeddi gün ərzində keçirilən yas məclisləri də böyük izdihamla yadda qaldı. Müxtəlif bölgələrdən insanların Neftçalaya gəlməsi onun cəmiyyətin müəyyən təbəqəsində yaratdığı hörmətin göstəricisi kimi qəbul edilirdi. Həmin günlərdə rayon ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və polis əməkdaşlarının mərasimləri izləməsi barədə də məlumatlar və şahid xatirələri səslənirdi.
Elnurun vəfatından sonra onun xatirəsinin yaşadılması da müəyyən çətinliklərlə müşayiət olundu.Dəfn zamanı bayraqların yığışdırılması yadda qalan utancveici hal idi. Doğum günü münasibətilə keçirilməsi planlaşdırılan anım tədbirinə maneələr yaradılması barədə ailəsi və yaxınları tərəfindən məlumatlar verilirdi.
Bütün bunlara baxmayaraq, Elnur Fərəcov onu tanıyanların yaddaşından silinmədi.
Onun həyatı yalnız həbs, xəstəlik və vəfatdan ibarət deyildi. O, bir ailənin övladı, bir nəslin nümayəndəsi, dostları üçün yaxın insan, idmançı, futbolçu, işçi, hərbi xidmət keçmiş əsgər və ictimai-siyasi fəaliyyət göstərən gənc idi.
Onun həyatında sevinc də vardı, uğur da, dostluq da, ailə də, övlad sevgisi də. Elnur Uğurun atası idi. Onun arxasında yalnız yarımçıq qalmış bir ömür deyil, həm də böyüməkdə olan bir övlad, ailə xatirələri və onu sevən insanların yaddaşı qaldı.
Elnuru tanıyan dostları onu istiqanlı, qohumcanlı, dostlarına bağlı, mərd və mübariz insan kimi xatırlayırlar. Onun ən böyük xüsusiyyətlərindən biri də insanları ətrafına toplamaq, onları inandırmaq və birlikdə hərəkətə gətirmək bacarığı idi.
Bəlkə də buna görə onun ölümündən sonra da adı yalnız ailəsində deyil, onu şəxsən tanımayan insanların arasında da yaşamağa davam etdi.
Tarix boyu Elnur kimi haqq uğrunda mübarizə aparan insanların taleyi bəzən yarımçıq qalıb. Lakin onların başladığı yol həmişə davamçılarını tapıb. İllər keçir, nəsillər dəyişir, əsrlər bir-birini əvəz edir. Amma xalqı və milləti üçün əməli olan, öz həyatını inandığı dəyərlərə həsr edən insanlar unudulmurlar.
Elnur Fərəcovun ömrü yarımçıq qaldı.
Amma onun haqqında danışanların, onu xatırlayanların və həyat yolunu gələcək nəsillərə çatdıranların yaddaşında həmin ömür davam edir.
Çünki tarix yalnız yaşayanların deyil, iz qoyanların da yaddaşıdır.
Elnur Fərəcovun həyatı və mübarizəsi isə hələ yazılmaqdadır.
Allah rəhmət eləsin.
Ruhuna sayqılar…






Saday Fərəcov