Bütün dövrlərin ən yaxşı futbolçusu adına “Qızıl top” mükafatına namizədlər açıqlanıb.
Oxu.az “Sport-Express”ə istinadən xəbər verir ki, mükafatın 70 illiyinə həsr olunan xüsusi nominasiyada qalib azarkeşlərin səsverməsi ilə müəyyənləşəcək.
Namizədlər siyahısına karyeraları ərzində “Qızıl top” mükafatını ən azı iki dəfə qazanan futbolçular daxil edilib. Siyahıda ispaniyalı Alfredo Di Stefano, argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldu, niderlandlı Marko van Basten və Yohan Kroyff, almaniyalı Karl-Haynz Rummenigge və Frans Bekkenbauer, fransalı Mişel Platini, braziliyalı Ronaldo, eləcə də ingiltərəli Kevin Kiqan yer alıblar.
“Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bazar ertəsi məlum olub ki, mərasimə Fransanın sabiq futbolçusu Tyerri Anri və britaniyalı jurnalist Keyt Skott aparıcılıq edəcəklər.