
Bu klinikanın xidmətini alan da pulundan olur, almayan da…
İlhamə Rəsulova
Telefonuma tanımadığım nömrədən zəng gəldi. Açan kimi bir xanım məni estetik klinikalarında keçirilən kampaniyadan pulsuz yararlanmağa dəvət elədi. Bu kimi zənglər müxtəlif klinika və mərkəzlər adından demək olar ki, həftədə 10 dəfə gəlir və mən “yox” deməkdən bezmişəm. Bu dəfə də eyni cavabı verəcəkdim, amma şeytan yoldan çıxardı. Bir qədər kəskin şəkildə “bilirəm nə xidmət edirsiniz, çətini aldadıb tora salana qədərdir” dedim. Deməz olaydım. Xanım şirin dilini elə işə saldı, elə danışdı, elə vədlər verdi, dedim yəqin, klinikaya 40 yaşda girib, 20 yaşda çıxırlar. Hətta məsələnin iç üzündən xəbərdar olan mən, peşəkar jurnalist də aldandım. Ən azından orada nələr baş verdiyini öyrənmək üçün maraq üstün gəldi. “1 gün sonra gələcəyəm” dedim. Gedən saata qədər bəlkə 20 dəfə müxtəlif nömrələrdən zəng gəldi, harada yerləşdiklərini izah etdilər. Qapıdan içəri ayaq basana qədər “gəlirsinizmi?” deyib soruşdular. Nəhayət, üz tutdum özlərini alman klinikası adlandıran “Asthetik Lab”a. Üz tutdum və burada dönən fırıldaqçılığı öz gözlərimlə gördüm. Səliqə-sahmanı ilə göz boyayıb, ?iddi təsir buraxan mərkəzdə müştərini tilsimləyib tora salana qədər yüz cürə şirin dil tökürlər, çətini müqaviləni bağlayana qədərdir. Ondan sonra üzləri dönür nə dönür.
Klinikada guya Afrikadan gətirilmiş bahalı ilbizlərlə, RF-Liftinq (dərinin əməliyyatsız dartılması), mezoterapiya ilə cavanlaşdırma və üzün ultrasəs təmizlənməsi əməliyyatı aparılır. Ən azından hamını bu adla dartıb gətirirlər. Əsas məqsəd 100-200 qramlıq qablara yerləşdirilmiş “Kedma Gold” krem dəstini 300-400 dollara müştəriyə sırımaq, uydurma bir kampaniya daxilində böyük vədlər verib, 1200-3000 manat qoparmaqdır.
Deməli, kosmetoloqun üzünə baxan kimi ilk dediyi budur: “Ay aman, sən nə gündəsən, qırışlar baş alıb gedir, dərin qocalıb, quruyub, çirklənib…”
O qədər psixoloji təcavüz edirlər ki, özünü həkim adlandıran şəxsin (doğrusu həkim olub-olmadıqları da sual altındadır) qarşısında duran xanım da istər-istəməz özünə baxmaq arzusuna düşür. Əlbəttə, qadınların qarşısıalınmaz cavanlıq və gözəllik arzularından çox böyük ustalıqla sui-istifadə edirlər. İlk dəfə pulsuz baxım dedikləri o prosedur üzə hansısa bir kremin çəkilməsindən ibarətdir. Bəzən müxtəlif bəhanələrlə bu baxımı da etməyib, əllərini, sadəcə parafin vannasına salmaqla kifayətlənirlər. Əsas məsələ baxımdan sonrakı “ovlama” prosesidir. “Bizdən bu xidməti al, 2 aya olacaqsan su sonası kimi. Sonra 10 il heç bir baxıma ehtiyacın olmayacaq. 5000 manatlıq xidməti sizə 1200 manata təklif edirik. Almaniyadan mütəxəssislər gələcək. Onlara əl işimizi göstərmək üçün. Yoxsa bu aparatlar ən bahalı, ən son texnologiyadır” deyib nağıl oxuyurlar.
Mənim orada olduğum müddətdə narazılıq edən pasiyentlərdən birinin dediklərini eşitdim: “Mən sizə gələndə gözaltı torbalardan şikayətçi olduğumu dedim, 600 manat vermişəm, indiyə qədər heç bir fayda yoxdur, müqaviləni pozuram”.
Sonrakı prosedurlardan birində elə oranın öz əməkdaşlarından eşitdiyimə görə, gözaltı torbalar cərrahi əməliyyat olmadan getmir. Yalan yerə zəhmət çəkməyə dəyməz. Halbuki, müqavilə imzalananda heç kimə bu barədə bir kəlmə deyilmir.
Qısası, klinikada eşitdiklərim bu oldu ki, bu klinika ortaya bir siyahı qoyub. 10-a qədər estetik əməliyyatdır, hamısının ümumi xərci 5000 manat edir. Mən kampaniya çərçivəsində 1200 manatlıq layihəyə düşmüşəmmiş və bu güzəştdən mütləq istifadə etməliyəmmiş.
Guya xəstəyə baxım etdikləri aparatların hər birində müayinə 200 manat təşkil edir. Bütün personalın da əzbərlədiyi 1 cümlə var: Dəri 3 qatdan ibarətdir, biz ən dərin qat üzərində işləyirik. Təcili müqavilə bağlayırlar və o müqavilədə əlinlə verdiyin pulu, fələk də gəlsə, geri ala bilmirsən. Deyir, pulun əvəzində ya xidmət, ya da kremlərimizdən birini almalısan. Xidmət dedikləri üzünə krem çəkib masaj etməkdir. Krem dedikləri də balaca bir tubikdə nə olduğu bəlli olmayan bir şey. Üzü üzünə qarşı bu qədər yalan fırıldaqla səni aldadan klinika, sizcə, o krem qablarının içinə keyfiyyətli, bahalı nəsə yığıb? Mən inanmıram. Yəni öncədən 100, 200, 300 manat vermisənsə, ağıllanıb geri almaq istəyəndə əvəzində, sadəcə masaj xidməti alırsan, ya da krem. Dəyərmi? Əlbəttə, yox.
Ata-babadan söz var: havayı pendir ancaq tələdə olur. Səni durmadan öz ayağına çağırıb, müştəri yığan bu klinikanın elə bircə bu əməli şübhələnməyə əsas verir. Klinikanın əməlindən narazı olan Zöhrə Şeydayeva “Yeni Azərbaycan”a deyib ki, mənə xidmət göstərəndən sonra “20 xanımın nömrəsini verməsən, səni buradan buraxa bilmərik” dedilər. “Məcbur olub 20 tanış nömrə verdim”.
Məqsəd nömrə sahiblərinə zəng edərək pulsuz aksiyalara dəvət edib, ardınca isə dəyəri üç min manat olan kremləri satmaqdır. Bu arada mütləq şəkildə xidmətlərinə dair anket də doldururlar və səndən yaxşı xidmət etdiklərinə görə yazılı rəy alandan sonra üzləri dəyişir. Bu rəy də yəqin sonra işlər polisə, məhkəməyə gedib çıxarsa, əllərində özlərini haqlı çıxarmaq üçün “alibi” olsun deyə lazımdır.
Bu klinikanın sahibi hər kimdirsə, tez-tez ad və ünvan dəyişməklə iz itirir. Məsələn, bir müddət öncə “VIP Style Estetik Klinika” adı altında eyni qaydada fırıldaqlıqla məşğul olublar. Maraqlıdır ki, klinika sərt karantin günlərində də eyni qaydada müştəri yığmaqla məşğul idi. Kimə güvənirdi?
Tanınmış blogger və yazıçı Aysel Əlizadə də bu klinikanın fırıldaqçı əməllərindən ziyan çəkənlərdəndir.
Evdar xanım Elmira Fərəcullayeva pulsuz prosedurdan sonra heç bir vədə inanmadığına görə klinikadakıların onunla kobud rəftar etdiyini deyib.
Maisə Muradlı deyir ki, 2 ay gedib-gəlib pullar tökməsinə baxmayaraq, vəd olunan heç bir nəticəni əldə etməyib, 1500 manatını da geri ala bilməyib.
Arifə Sadıxova: “Bu şəbəkə dələduzluqla məşğuldur. Müqavilə bağladım, prosedurlara doğru-dürüst yerinə yetirmədilər, müqavilədə də hər şeyi öz xeyirlərinə yazıblar. Məni aldatdılar”.
Bir sözlə, “Asthetik Lab”ın xidmətini alan da peşmandır, almayan da.
Bax belə. Siz siz olun, əlaqədar qurumlar bu fırıldaqçı klinikanın əməllərinə qiymət verib qarşısını alana qədər tora düşməyin. Cavanlıq və gözəllik hər kəsin arzusudur. Bu qarşısıalınmaz duyğudan istifadə edib cibinizin istismar olunmasına imkan verməyin. Sağlığınızı əsl peşəkarlara həvalə edin. Üz tutduğunuz klinikaların xidmətlərindən istifadə etməzdən öncə ən azından sosial şəbəkələrdəki rəylərdən, onlar haqqında bildirilmiş fikirlərdən yararlanın. Hərçənd, belə klinikalar trollar vasitəsilə özləri haqqında yaxşı rəylər yazmağı da bilirlər.