
Əhli-beyt şairi Ehtiram Fəna (Gözəlov) vəfat edib.
Uluyol.info xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə Ehtiram Gözəlov Rusiyada çalışırmış. Orada kəskin virusa yoxulub və aprelin 23-ü komadan ayılmayıb. Məhrumun nəşi aprelin 25-i Azərbaycana gətirilib. Neftçala rayonu I Qaralı kənd qəbiristanlığında dəfn edilib. Yas məclisi Aşağı Qaramanlı kəndində keçirilir.
Xatırladaq ki, Ehtiram Fəna yaradıcılığın əsas hissəsini “Əhli-Beyt” mövzusu təşkil edirdi. Peyğəmbərimizin övladları, nəvələri haqqında yazırdı. Digər mövzularda da onlarla şeirləri var. Əruzun demək olar ki, əksər vəznlərində yazırdı. Uluyol.info olaraq Şairin yaradıcılığını zamanla yayımlayacağıq.
Ehtiram Fənadan bir neçə şeiri təqdim edirik:
CANLI ÖLÜM
Biri var cansız həyatdır, biri var canlı ölüm
Qan içən qansız adamlar törədir qanlı ölüm.
Nə qədər dahi seçibdir özünə şanlı ölüm.
Yenə təqvalı ömürdən doğar imanlı ölüm.
Dadacaq, vəd olunub, hər yaranan canlı,
ölüm.
Ömrün hər anına əqrəbləri sancdıqca saat,
Olur aqil kişilər dövri-zamançün narahat.
Sənə bu dəhr evi qoy gəlməsin, ey dil,
zarafat
Biri var cansız ölümdür, biri var canlı həyat.
Biri var cansız həyatdır, biri var canlı ölüm.
Haqqın uğrunda adam var yanıb,
odlanmadadır,
Var adam haqqı da inkar eləyib danmadadır.
Fələyin çərxi kimi tərsinə fırlanmadadır,
Özü qansızdı vəli, qanla qidalanmadadır.
Qaniçən qansız adamlar törədir qanlı ölüm.
Həqqə can bəxş edəsən həqq pozulan bir
anda,
Onu tərk etməyəsən ki, qala tək meydanda.
Verəcək əcr Xuda lazım olan ünvanda,
Yaşamaqdansa gözü kölgəli bu dövranda,
Nə qədər dahi seçibdir özünə şanlı ölüm.
Yoxluğun bağrını vəhdətdə dələr ibni-bəşər,
Doğulub, pak bu dünyayə gələr ibni-bəşər,
Sonra ömr etdiyitək bir də ölər ibni-bəşər,
Necə ölmüşsə həmən cür dirilər ibni-bəşər,
Yenə təqvalı ömürdən doğar imanlı ölüm.
Bu fəna mülkünü dərk eyləsə, hər kim
düzgün,
Ola nəfsindən əgər bir kəsin əqli üstün,
Ruzi-məhşərdə o kəs olmayacaqdır üzgün,
Sən də dərk et ki, Fəna, axırı gec-tez bir gün,
Dadacaq, vəd olunub, hər yaranan canlı,
ölüm.
ŞƏHİDSƏN SƏN
Halal olsun vətən oğlu, boş qoymadın meydanları,
Xar elədin ölümünlə nankor yağı düşmanları.
Xoşbəxtliyə can atarkən bütün dünya insanları,
Sən qazandın bu məqamı, nə xoşbəxtsən, səidsən sən,
Ucaldınsa bu əlçatmaz zirvələrə, Şəhidsən sən.
Halal olsun o kişiyə, halal olsun o qadına,
Ömrü boyu halal çörək yedizdirib evladına,
Və söyləyib bu vətənin yet hər zaman imdadına,
Düşmənlər də görsün necə yenilməzsən, igidsən sən.
Yurd uğrunda şirin candan kemisənsə, Şəhidsən sən.
Məğlubiyyət şübhələrdən alır qida gəlir cana,
Şübhələrsə ümidsüzlük damarıyla axır qana,
Belə isə içində bir inam odu gərək yana,
Alovlana, bu alovla şübhələri əridsən sən,
Ölümsüzlük ismi ilə müjdələnmiş Şəhidsən sən.
Görürsən ki, yağı düşmən vətənini edir talan,
Gen sinəni sipər edib keşiyində möhkəm dayan.
Ey Fəriddən, Mübarizdən yol götürüb ibrət alan,
Bizlər üçün, elə eynən Mübarizsən, Fəridsən sən,
Xoş halıva, vətən sənə oğul deyir, Şəhidsən sən.
Ulu-ulu babaların davam elə gərdişini,
Arzuları nakam qalan oğulların hər işini,
Bu gününü qorumaqla sən qorudun keçmişini,
Şah İsmayıl Xətaidək dahilərə müridsən sən,
Qılıncıyla top lüləsi kəsən şahtək Şəhidsən sən.
Sən meydan da cəng edəndə, düşmən bağrı parçalanır,
Sayəndə bu bayrağımız zirvələrdə dalğalanır,
Dar günündə vətən oğlu, vətən sənə arxalanır,
Çün dağ kimi əzəmətli, vüqarlısan, məcidsən sən,
Bu inamla döyüşlərdə həlak olsan, Şəhidsən sən.
Sən olmasan bu vətənin vətəndaşı batar qəmə,
Ölməmisən, nur saçırsan günəş kimi bu aləmə,
Məhşər günü sən Fənadan şəfaətin əsirgəmə,
Çün, iznin var şəfaətçün, ağasan sən, seyidsən sən,
Şəhadətin mübarəkdir, vətən oğlu, Şəhidsən sən.
OLMASIN
Yox elə aşiq ki, dərd içrə giriftar olmasın,
Dərd(lər) ey dil xoşdu, vay oldur ki, dildar olmasın.
Olsa həmdəm könlünə,aşiq bəladan zövq alar,
Dərd onunçün çarədir, tainki, əğyar olmasın.
Bəzmi-eşqdə nuş(i) qıl dərdi-bəla peymanəsin,
Eybi yox ol zövqdən biganə huşyar olmasın.
Vəslin ətrin duyduğumçün nəhri-dərddən məmnunam,
Var təvəqqem, nola qərq olsam xilaskar olmasın.
Gər xilas olmaq ölümdür aşiqə, çün yarı yox,
Yar yanında heç rəvadır ey könül, yar olmasın?
Bircə misra bəsdi arifçün, fəqət cəhl-əhlinə,
Xeyri olmaz hər nə yazsan, ta xridar olmasın.
Sən yazan əşari səndən öncə ustadlar yazıb,
Tap Fəna, bir öylə əşar indi təkrar olmasın.
Uluyol.info xəbər portalı olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Yaradandan səbr diləyirik.
Allah rəhmət eləsin!