“Dünyada ənənəvi media qarşısında böyük bir çağırış var. O çağırış da sosial medianın çox böyük sürətlə inkişafı ilə bağlıdır”.
Mia.az xəbər verir ki, bunu İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov “Real TV”də yayımlanan Media Masası proqramında deyib.
Onun sözlərinə görə, uzun illər televiziya və ənənəvi medianın bir monopoliyası var idi: “Bu gün isə artıq o monopoliya yoxdur və televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir, çünki ənənəvi olaraq tamaşaçı televiziyalara etibar edir”.
Onun fikrincə, ənənəvi televiziya formatı artıq özünün son onilliyini yaşayır: “Bu, tək Azərbaycan televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya Titanik gəmisi kimi batır. İndi iki yol var, ya Titanikdəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq”.