Gürcüstan Rusiyanı Tsxinvali bölgəsində ilhaq siyasətini genişləndirməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib ki, Rusiya Tsxinvali bölgəsində işğal rejimini möhkəmləndirməyə davam edir və Gürcüstan ərazilərini ilhaq etməyə çalışır.
Onun sözlərinə görə, may ayında Rusiya ilə bölgənin de-fakto hakimiyyəti arasında imzalanmış “Müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında müqavilə” beynəlxalq hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, Gürcüstan torpaqlarının faktiki ilhaqına yönəlmiş növbəti addımdır.
Samxaradze vurğulayıb ki, Tiflis ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasını qəbul etmir və bu məsələni beynəlxalq platformalarda gündəmdə saxlamaqda davam edəcək.