Niyə rüşvətə yox, hicaba qarşı tədbirlər görülür…
Mustafa Hacıbəyli
Ay hökumət, bu necə olur?
Məktəblərdə rüşvətin və digər qanunsuzluqların qarşısını almırsız, amma hicabın qarşısını alırsız??
Direktorların müəllimlərdən aylıq pul yığması, işə qəbul üçün rüşvət alması, dərs saatlarının pulla satılması, valideynlərdən sinif və məktəb ehtiyacları adı ilə pul yığılması problem deyil, amma kimlərinsə dərsə hicabla gəlməsi problemdir??
Ay camaat, bəs sizə nə olub?
Ölkədə bu qədər haqsızlığa, ədalətsizliyə, işsizliyə, kasıbçılığa, korrupsiya və rüşvətxorluğa yox, 6 ildir quru sərhədlərin sıravi vətəndaşların üzünə bağlı olmasına yox, hicab məhdudiyyətinə etiraz edirsiniz?
Azərbaycanda xalqın seçki yolu ilə hakimiyyəti dəyişmək və sərbəst toplaşmaq hüquqları əlindən alınıb. Sözün düzünü bir az uca səslə deyən hər kəs hədəfə gəlir – ayrıseçkilik və təzyiqlə üzləşir. Ölkədə minlərlə müsavatçı və cəbhəçı, özləri bir yana, övladları atalarının partiya mənsubiyyətinə görə büdcə təşkilatlarında işə götürülmür. Yəni böyük bir təbəqə 30 ildən artıqdır ki, öz ailə üzvünün siyasi inancına görə diskriminasiya ilə üzləşib. Hələ onu demirəm ki, ölkədə yüzlərlə müxalif siyasətçi və ictimai fəal, onlarla jurnalist, o cümlədən qadın jurnalistlər həbs edilib. Bütün bunlara göz yumub, indi hicabla dərsə getmək hüququnun məhdudlaşdırılmasına etiraz edirsiniz??
Etiraz hər kəsin hüququdur, lap yaxşı, amma gərək bunu edənlər özləri də ədalətli olsun. Bir qadın efirə çıxıb hicab qadağasına etiraz edir, başı açıq gəzənləri əxlaqsız, onların ərlərini biqeyrət adlandırır. Bəziləri qısa geyinmiş məsum məktəbli qızın, yaxud şortik geyinən qadının şəklini, videosunu paylaşıb onları əxlaqsız adlandırır. Sizin hicab geyinənləri cahil adlandıranlardan fərqiniz nə oldu? Rəhmətlik Hikmət Hacızadə belə yerdə deyirdi – Adam kişi olar, amma kişi də gərək adam olsun.
Biz hər zaman olduğu kimi, indi də əzilənin, haqqı tapdalanın tərəfindəyik. İnsanların Konstitusiyada təsbit edilmiş hüquqları təmin edilməlidir.
Dövlət hər kəsin qanun çərçivəsində öz inancını, həyat və geyim tərzini sərbəst seçmək hüququnu təmin etməlidir. İdeoloji ekspansiya və xarici təsirlərlə bağlı narahatlıqlar insan hüquqlarının məhdudlaşdırılması üçün bəhanəyə çevrilməməlidir. Bu sahədə dövlətin müdaxiləsi ehtimal olunan təhlükələrə yox, yalnız qanun pozuntularına əsaslanmalı, zəruri və mütənasib olmalıdır.