Əzmin yüz on beş illik salnaməsi
-Oktyabr ayı Müsavat Partiyası üçün təqvimdə sadəcə bir ay deyil, 1911-ci ildə Bakıda atılan ilk addımın ildönümüdür. O gündən 115 il keçib və bu müddətdə Müsavatı dayandırmaq üçün hər şey sınaqdan keçirilib: gizli fəaliyyət, imperiya təzyiqi, işğal, qadağa, sürgün. Amma partiya hər dəfə yenidən ayağa qalxıb.
-Müsavatçılar siyasətə rahat şəraitdə gəlməyiblər. 1911-ci ildə çar rejimi altında müsəlman ziyalısının təşkilat qurması riskli idi. Rəsulzadə və silahdaşları bunu bilirdilər, yenə də bu yolu seçdilər. Bu, Müsavatın ilk dərsidir: şərait əzmi deyil, əzmin şəraiti dəyişdiyi.
-1918-ci il mayın 28-də Müsavatın önündə getdiyi Milli Şura Azərbaycanın istiqlalını elan etdi. Şərqdə ilk parlamentli respublika yarandı – qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili oldu, universitet açıldı, çoxmillətli parlament işə başladı.
Bu fəaliyyətlər ən çətin vaxtda sübut olunmuş bacarıqdır. Müsavatçılar dağılmış imperiyanın xarabalıqları üzərində dövlət qurmağı bacardılar.
– Partiyanın tarixi onu dövlət quruculuğu təcrübəsi olan siyasi qüvvə kimi fərqləndirir və bu təcrübə bugünkü hər müsavatçının mənəvi sərmayəsidir.
-1920-ci ildə işğaldan sonra sıralar dağıldı, amma ruh dağılmadı. İstanbulda, Ankarada, Avropada müsavatçılar qələmlə, mətbuatla, konfranslarla Azərbaycanın səsini ucaltdılar. Rəsulzadə ömrünün sonuna qədər, 1955-ci ilə qədər bu yolda dayanmadı. Onlar vətənə dönə bilmədilər, amma vətəni yaddaşda yaşatdılar.
-Bu sədaqət sonradan bəhrəsini verdi – Sovet İttifaqının son illərində Cümhuriyyət ideyası millətin yaddaşından yenidən ucaldı və Müsavat bərpa olundu.
-Müsavatın bugünkü üzvləri də əzmkarlığın bu tarixi estafetini daşıyır. Çətin siyasi mühitdə belə fəaliyyətini davam etdirmək, ideyalara sadiq qalmaq, hər seçkiyə, hər mübarizəyə yenidən çıxmaq həmin ruhun davamıdır. Müsavatçı üçün qələbəyə inam şüar deyil, tarixin öyrətdiyi təcrübədir. 1911-də də, 1918-də də, sürgündə də, 1990-da da çətin görünən yol sonda açılıb.
Müsavatın gücü üç şeydədir.
-Tarixi legitimlik: Cümhuriyyətin varisi olmaq iddiası.Bərpa qurultayı, 1992-ci ildə İsa Qəmbərin rəhbərliyi bu varisliyin canlı sübutudur.
-Dövlət idarəetmə təcrübəsi: 1918-1920-ci illərin təcrübəsi və 1990-cı illərdə hakimiyyət strukturlarında iştirak.
-İdeya bütövlüyü: milli istiqlal, demokratiya və hüquq bərabərliyi üzərində qurulmuş aydın dəyər sistemi.
-Müsavatçı olaraq inanırıq ki, gün gələcək, xalqın dəstəyi bütünlüklə bu dəyərlərə yönələcək və dövlət quran partiya yenidən idarəetmənin sükanı arxasında dayanacaq. Tarix bizə bu inamı verir, bir dəfə qurmuş olan yenə qura bilər, quracağıq.
-115 yaş bir partiya üçün yaşdan çox, təcrübədir. Bu gün müsavatçılara ən layiqli arzu budur – əzmləri sönməsin, sıraları genişlənsin, ideyaları xalqın qəlbinə daha da yaxın olsun. Bayramınız mübarək, dostlar!
Könül ALI
