18 oktyabr 2015-ci ildə yaranan Uluyol.info ictimai-siyasi onlayn qəzetinin fəaliyyətə başlamasından 11 il ötür.
2015-ci il oktyabrın 18-də — Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd etdiyi əlamətdar tarixdə fəaliyyətə başlayan Uluyol.info ictimai-siyasi onlayn qəzet olaraq özünə müəyyən bir istiqamət seçdi: cəmiyyətin səsini eşitdirmək, ictimai-siyasi prosesləri işıqlandırmaq, həqiqətə xidmət etmək, yaradıcı insanlara meydan açmaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq və dini dəyərləri xurafatdan ayıraraq həqiqi İslamın mahiyyətini təbliğ etmək.
Uluyol.info fəaliyyət göstərdiyi illər ərzində demokratiya, insan hüquqları, ictimai-siyasi proseslər, dini dəyərlər, yaradıcılıq və şəhidlik mövzularına xüsusi diqqət ayırıb.
Bizim üçün demokratiya yalnız siyasi anlayış deyil. Demokratiya insanın sözünü sərbəst ifadə edə bilməsi, fərqli düşüncələrin eşidilməsi, cəmiyyətin problemlərinin açıq müzakirəsi və insanların öz gələcəkləri barədə fikir söyləmək imkanına malik olmasıdır.
İctimai-siyasi proseslərdə iştirak edən şəxslərin, ziyalıların, yaradıcı insanların və cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərinin işıqlandırılması gələcək fəaliyyətimizin əsas istiqamətlərindən biridir. İstəyimiz budur ki, Uluyol.info cəmiyyətlə ictimai-siyasi proseslər arasında daha əlçatan, daha operativ və daha etibarlı informasiya körpüsünə çevrilsin.
Biz inanırıq ki, cəmiyyətin inkişafı üçün yalnız hadisələri izləmək kifayət deyil. Onları anlamaq, suallar vermək, müxtəlif mövqeləri dinləmək və həqiqətə mümkün qədər yaxınlaşmaq da vacibdir.
Uluyol.info-nun fəaliyyətində Türk dünyası xüsusi yer tutur. Fəaliyyət göstərdiyimiz illər ərzində müxtəlif ölkələrdə yaşayan ziyalılarla, aydınlarla, elm və təhsil nümayəndələri ilə əlaqələr qurmağa, ortaq tariximizi, zəngin mədəniyyətimizi, milli kimliyimizi və Türk xalqlarını birləşdirən mənəvi dəyərləri işıqlandırmağa çalışmışıq.
Doğu Türküstandan Kərkükə, Təbrizdən Dərbəndə, Borçalıdan Anadoluya, Şimali və Cənubi Azərbaycandan Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Türkmənistana, Şimali Kipr Türk Cümhuriyyətinə və Türk dünyasının digər bölgələrinə qədər uzanan bu geniş coğrafiya bizim üçün sadəcə xəritədəki məkanlar deyil. Bura ortaq tarixin, dil və mədəniyyətin, milli yaddaşın, adət-ənənələrin və mənəvi bağlılığın yaşadığı böyük bir dünyadır.
İstəyirik ki, Türk dünyasının bir bölgəsində baş verən mühüm hadisə digər bölgələrdə də tanınsın, bir ziyalının fikri başqa bir ölkədə oxucuya çatsın, ortaq problemlərimiz müzakirə edilsin, mədəniyyətimiz və tariximiz gələcək nəsillərə daha dolğun şəkildə ötürülsün.
Bu istiqamətdə məqsədimiz əlaqələrimizi genişləndirmək, müxtəlif dillərdə fəaliyyət göstərmək, Türk dünyasının hər guşəsindən xəbərlərə, araşdırmalara və dəyərli fikirlərə yer verməkdir.
Uluyol.info-nun diqqət yetirdiyi mühüm istiqamətlərdən biri İslamın mahiyyəti, mənəvi dəyərlər və dini maarifləndirmədir.
Bizim məqsədimiz dini xurafatdan, insanları parçalamağa xidmət edən yanaşmalardan və dini anlayışların şəxsi maraqlar naminə təhrif edilməsindən ayıraraq təqdim etməkdir.
İslamın mahiyyətində dayanan ədalət, mərhəmət, dürüstlük, insan ləyaqəti və məsuliyyət kimi dəyərlərin cəmiyyətə çatdırılması mühüm vəzifələrimizdəndir. Dini mövzuların araşdırılmasında əsas istinad nöqtəmiz Allahın buyurduqlarını, Qurani-Kərimin mesajlarını və bu mesajların mahiyyətini anlamaq olmalıdır.
Biz dinin qorxu, ayrı-seçkilik və xurafat vasitəsinə çevrilməsini deyil, insanın mənəvi inkişafına, əxlaqına və vicdanına töhfə verməsini istəyirik.
Çünki həqiqi inanc insanı həqiqətdən uzaqlaşdırmamalı, əksinə, onu düşünməyə, öyrənməyə, ədalətli olmağa və məsuliyyət daşımağa sövq etməlidir.
Uluyol.info-nun fəaliyyətində şəhidlərimizə həsr olunan yazıların və layihələrin xüsusi yeri var.
Şəhidlərimizin həyat yolunun araşdırılması, onların xatirələrinin yaşadılması, ailələrinin yaşantılarının cəmiyyətə çatdırılması və gələcək nəsillərin bu insanları tanıması bizim üçün sadəcə jurnalist fəaliyyəti deyil, həm də mənəvi borc və məsuliyyətdir.
Hər bir şəhidin arxasında bir ömür, bir ailə, bir taleyin hekayəsi və xalqın yaddaşına həkk olunan bir fədakarlıq dayanır. Bu hekayələr unudulmamalı, onların həyatları yalnız müəyyən günlərdə xatırlanmamalıdır.
Bu istiqamətdə həyata keçirdiyimiz “Şəhidlərimizi hər gün anaq”, ” Şəhidimdən danış” layihələri bu gün də davam edir.İnanırıq ki, şəhidlərimizin xatirəsinə xidmət edən hər bir araşdırma, hər bir sənədli məlumat və hər bir səmimi yazı milli yaddaşımızın qorunmasına töhfə verir.
Cəmiyyətin inkişafı yalnız siyasi hadisələrlə ölçülmür. Ədəbiyyat, elm, mədəniyyət, sənət və yaradıcı düşüncə də xalqın gələcəyini müəyyənləşdirən əsas amillərdəndir.
Uluyol.info yaradıcı insanların, qələm sahiblərinin, araşdırmaçıların və öz fikirlərini cəmiyyətlə bölüşmək istəyən şəxslərin səsinə daha geniş meydan açmağı qarşısına məqsəd qoyur.
Biz istəyirik ki, yaxşı fikir itib-batmasın, dəyərli araşdırma oxucusuna çatsın, gənclərin yaradıcılığı üçün yeni imkanlar yaransın.
Hər bir insanın düşüncəsini ifadə etmək, biliklərini bölüşmək və cəmiyyətin mənəvi həyatına töhfə vermək imkanı olmalıdır.
Müasir informasiya dövründə xəbərin vaxtında çatdırılması onun düzgün çatdırılması qədər əhəmiyyətlidir.
Gələcək fəaliyyətimizdə xəbərlərin, araşdırmaların və analitik materialların ardıcıl, sistemli və operativ şəkildə yayımlanmasına xüsusi diqqət ayırmaq istəyirik. Saatların və dəqiqələrin əhəmiyyət daşıdığı informasiya məkanında oxucularımızın etimadını qorumaq üçün daha çevik iş prinsipləri formalaşdırmaq niyyətindəyik.
Bununla yanaşı, operativlik heç vaxt dəqiqliyi üstələməməlidir. Məlumatın yoxlanılması, faktla fikrin fərqləndirilməsi, insan ləyaqətinə hörmət və qanunlara riayət jurnalistikanın əsas prinsipləri olaraq qalmalıdır.
Uluyol.info fəaliyyət göstərdiyi bu 11 il ərzində əxlaqa, insanlığa və qanuna zidd materiallara yer verməməyi özünün əsas prinsiplərindən biri hesab edib.
Bizim üçün informasiya yaymaq yalnız yazı hazırlamaq və onu oxucuya təqdim etməkdən ibarət deyil. Hər bir materialın cəmiyyətə təsirini düşünmək, insanlara hörmətlə yanaşmaq və sözün məsuliyyətini dərk etmək də bu fəaliyyətin ayrılmaz hissəsidir.
Mətbuatın gücü yalnız tənqid etməkdə deyil, həqiqəti axtarmaqda, cəmiyyətin problemlərini göstərməkdə, insanları məlumatlandırmaqda və ictimai düşüncənin inkişafına töhfə verməkdədir.
Bu prinsiplərə sadiq qalmaq, fəaliyyətimizin keyfiyyətini daha da yüksəltmək və oxucularımızın etimadını qorumaq gələcək yolumuzun əsas şərtlərindəndir.
Bütün bunların həyata keçirilməsi üçün qarşımızda görüləsi çox iş var. Ancaq böyük məqsədlərə doğru irəliləmək üçün ilk növbədə inam, iradə və ardıcıl fəaliyyət lazımdır.
Bizim də xəyallarımız, ümidlərimiz və istəklərimiz böyükdür.
Uluyol.info-nun 11 illik yubileyi münasibətilə bu yolda bizimlə olan bütün oxucularımıza, müəlliflərimizə, yaradıcı insanlara, əməkdaşlıq etdiyimiz şəxslərə və fəaliyyətimizi izləyən hər kəsə təşəkkürümüzü bildiririk.
Geridə qalan illər bizə bir daha göstərdi ki, hər bir ideyanın yaşaması üçün onu daşıyan insanların inamı və əzmi vacibdir.
Biz yolumuza yalnız keçmişin xatirələri ilə deyil, gələcəyin məsuliyyəti ilə davam etmək istəyirik. Həqiqətə, ədalətə, insanlığa, mənəvi dəyərlərə və xalqımızın gələcəyinə xidmət etmək niyyətindəyik.
Amalımız olan şeylərə ümid etmirik, İNANIRIQ!