Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümü ilə əlaqədar Ankaradakı Anıtqəbirdə çoxsaylı insan toplaşıb.
Uluyol.info info xəbər verir ki, noyabrın 10-da keçirilən rəsmi mərasimlər başa çatdıqdan sonra məqbərənin ziyarətinə icazə verilib. Soyuq və qarlı havaya baxmayaraq, vətəndaşlar əllərində Türkiyə bayraqları, Atatürkün portretləri və gül dəstələri ilə onun məzarını ziyarət ediblər.
Ziyarətçilər məqbərənin önündə dua edib, ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut saxlayıblar. Atatürk və Qurtuluş Savaşı Muzeyinə daxil olmaq istəyənlər isə pilləkənlərdə uzun növbələr yaradıblar.
Anıtqəbirdəki səsgücləndiricilər vasitəsilə Atatürkün məşhur “10-cu il nitqi”nin audioyazısı da səsləndirilib.
Məqbərəni ziyarət edənlər arasında ölkənin müxtəlif bölgələrindən gələn gənclər də olub. İstanbuldan gələn 18 yaşlı Egemen Akyüz buranı ziyarət etməyi vətən borcu kimi qiymətləndirdiyini bildirib. O, hər bir türk gəncinin bu hissləri yaşamalı olduğunu deyib.
19 yaşlı Kadir Erdoğdu isə Atatürkün məzarını gördükdə duyğulandığını, onunla bağlı hisslərini sözlə ifadə etməyin çətin olduğunu söyləyib.
Avstraliyadan gələn Saras Selva da qrup şəklində Anıtqəbiri ziyarət etdiklərini bildirib. O, Atatürkün dünyada tanınan lider olduğunu vurğulayaraq, məqbərədə olmaqdan məmnunluğunu ifadə edib.//qaynarinfo








