Qlobal geosiyasi və geoiqtisadi proseslər yeni risklər yaradan vahid prosesin elementləri kimi görünməyə başlayıb.
Enerji marşrutlarının təhlükəsizliyi, strateji neft ehtiyatlarının istifadəsi, mühüm dəniz keçidlərinə nəzarət uğrunda mübarizə, Avropanın siyasi xəritəsi ilə bağlı müzakirələr, Rusiya-Ukrayna müharibəsinin mümkün yeni mərhələsi və Cənubi Qafqazın bu qarşıdurmaların təsir dairəsinə çəkilməsi eyni vaxtda baş verən proseslərdir. Hörmüz boğazı, Bab əl-Məndəb və alternativ neft nəqli marşrutları üzərində yaranan təzyiqlər enerji bazarında qiymət formalaşmasının klassik modellərini dəyişdirərkən, strateji ehtiyatlardan genişmiqyaslı istifadə imkanlarının məhdudlaşması qeyri-müəyyənliyin daha uzun müddət davam edə biləcəyi barədə siqnal verir. Eyni zamanda, Avropada siyasi parçalanma ehtimalları və Rusiyanın hərbi-siyasi davranışında müşahidə olunan dəyişikliklər təhlükəsizlik arxitekturasının əvvəlki çərçivələr daxilində izah edilməsini çətinləşdirir.
İqtisadçı Elman Sadıqov da hesab edir ki, neft qiymətlərinin artımına təsir edən amillər sürətlə və kəskin şəkildə artıb: “Gündəlik 7 milyon barel neft nəql edərək Hörmüz boğazının bağlanması nəticəsində neft bazarında yaranan çatışmazlığın bir hissəsini kompensasiya edən, Səudiyyə Ərəbistanına məxsus Şərq-Qərb neft kəmərinin vurulması və Bab əl-Məndab
boğazına husilərin nəzarət etməyə başlaması neft qiymətlərinin proqnozlaşdırılmasında təsiredici amillərin sayını və təsir dərəcələrini kifayət qədər dəyişib.
Beynəlxalq Enerji Agentliyi 400 milyon barel strateji ehtiyatlardan istifadə çağırışı etmişdi. Həmin ehtiyatların 397 milyon barelindən istifadə olunub. Bu rəqəm qlobal strateji ehtiyatların 20%-i civarındadır. Növbəti tranşdan istifadəni gözləsəm də, qeyri-müəyyənliyin müddətinin uzanacağı ehtimalı daha ehtiyatlı və səbrli addımlara sövq edir. Böyük Britaniyanın parçalanma ehtimalı və ABŞ-nin vahid İrlandiyanı (Şimali İrlandiyanın İrlandiya ilə birləşməsi) dəstəklədiyini bildirməsi isə ciddi proseslərin hələ irəlidə olduğunu göstərir.
Ötən il demişdim ki, Rusiyanın önünü açacaqlar. Digər ölkələrə də hücumunu təşviq edəcəklər. Bu baş versə, proseslərin axarı nisbətən daha da aydınlaşacaq. Təəssüf ki, bu proses baş verir. Amma Ukrayna bataqlığına düşən Rusiyanın bu dəfə daha dərinə gedəcəyi rasional addım olmaz. Cənubi Qafqazı proseslərin tərkib hissəsinə çəkmək cəhdlərinin qarşısının alınacağına ümid edirəm. Çünki qarşılıqlı olaraq oyunpozma siyasəti daha da güclənir”, deyə ekspert vurğulayıb.
Nigar Həsənli
Musavat.com