00:00 · 04.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk Dünyası

Dörd milli fəala 40 il həbs cəzası verildi

Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi dörd milli-mədəni fəal Abbas Lisani, Yusif Kari, Behzad Dəşti və Əli Xeyrcuya həbs cəzası verib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Hökmə əsasən, Abbas Lisani “milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ona rəhbərlik etmək” və “milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamları ilə ümumilikdə 15 il həbs cəzasına məhkum edilib.

Yusif Kari və Behzad Dəşti “milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrupa üzv olmaq” və “milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamları ilə hər biri 10 il həbs cəzasına məhkum ediliblər.  

Əli Xeyrcu isə”milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə beş il azadlıqdan məhrum edilib.

Bu fəallara qarşı ittihamlar üzrə dinləmə 30 may 2026-cı ildə yuxarıda adı çəkilən şöbədə keçirilib və Abbas Lisani, Əli Xeyrcu və Yusif Kari məhkəməni ədalətsiz adlandırdıqlarına görə dinləmədə iştirak etməkdən imtina etmişdilər.

Qeyd edək ki, Abbas Lisani, Əli Xeyrucu, Behzad Dəşti və Yusif Kari 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyrcu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də Abbas Lisani və Yusif kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.

Adı çəkilən fəalların hamısı bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.

GünAzTv