Milli Məclisin uzunmüddətli deputatı İmamverdi İsmayılovun ailə üzvləri ilə əlaqələndirilən şirkətlər illərdir media araşdırmalarının diqqətindədir. Bu şirkətlərdən biri dövlət tenderinin qalibi olub, digəri isə bankla məhkəmə mübahisəsində adı hallanan şirkətlər sırasındadır.
İmamverdi İbiş oğlu İsmayılov uzun illərdir Azərbaycan parlamentində təmsil olunur. O, hazırda 125 saylı Zəngilan–Qubadlı seçki dairəsinin deputatıdır, İnsan hüquqları komitəsinin üzvü və Azərbaycan–Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Amma İmamverdi İsmayılov ən susqun millət vəkillərindən biri hesab edilir. Mütamadi olaraq Zəngilana qayıdan insanlar öz problemlərini qabartsada nədənsə bu problemləri İmamverdi İsmayılov Milli Məclisin tribunasından dilə gətirməyə çəkinir. Daha bir maraqlı məqam isə sosial şəbəkələrdə İmamverdi İsmayılovun topdağıtmaz əmlakları ilə bağlı olan informasiyalardır. Millət vəkili parlamaentdə susqun olsa da, biznes yolunda böyük addımlar taraq sərvət qazanmağa nail olub.
İmamverdi İsmayılova bağlı olan ən böyük şirkətlərdən biri “MİR HOLDİNQ” MMC-dir. Şirkət 2009-cu ildə qeydiyyatdan keçib. Şirkətin təsisçisi və qanuni təmsilçisi kimi deputatın oğlu İlmir İsmayılov göstərilib.
Digər şirkət – “MİR GROUP HOLDİNQ” MMC – 2017-ci ildə qeydiyyata alınıb və onun da təsisçisi və qanuni təmsilçisi kimi İlmir İsmayılovun adı çəkilib.
Deputatın həyat yoldaşı Bağdagül İsmayılova “İKO” MMC ilə, gəlini Pərvanə İsmayılova isə “SUPER KİDS KLUB” MMC şirkətlərinin sahibidir. “MİR GLOBAL LOGİSTİCS” MMC-nin qanuni təmsilçisi kimi isə Fuad Qibləli oğlu Bünyadov göstərilir.
Ailə ilə əlaqələndirilən şirkətlərdən “MİR GROUP HOLDİNQ” MMC-nin adı 2021-ci ildə dövlət tenderi ilə bağlı gündəmə gəlib.
Bakı Turizm İnformasiya Mərkəzinin “Baku City Tour” ikimərtəbəli avtobus turu üçün xidmətlərin göstərilməsi ilə bağlı keçirdiyi tenderin qalibi “MİR GROUP HOLDİNQ” MMC olub.
Xəbərdə tenderin məbləği 128 865 manat göstərilib. Həmin vaxt şirkətin qanuni təmsilçisi kimi İlmir İsmayılovun adı qeyd olunub.
Tender çərçivəsində yeni xətt üçün mətnlərin hazırlanması, mövcud xətlər üzrə mətnlərin yenilənməsi, yeni marşrutların hazırlanması, materialların 12 dilə tərcüməsi və səsləndirilməsi kimi xidmətlər nəzərdə tutulub.
Digər diqqətçəkən məsələ “MİR HOLDİNQ” MMC ilə bağlıdır.
2020-ci ildə yayılan məlumatda “Bank Standard”ın ləğvetmə prosesində olduğu dövrdə İlmir İsmayılov və Pərvanə İsmayılovla bağlı məhkəmə mübahisəsi medianın gündəmindən düşmürdü.
Məlumata görə, bank “MİR HOLDİNQ” MMC-dən kredit öhdəliyinin qaytarılmasını tələb edib və məsələ məhkəmə instansiyalarına qədər gedib.
Daha yeni məlumatlarda isə “MİR HOLDİNQ” MMC-nin qanuni təmsilçisinin dəyişdiyi bildirilir.
2025-ci ilin noyabrında yayılan media məlumatına görə, şirkətin qanuni təmsilçisi İlmir İsmayılovun yerinə Cəfər Şərbətov təyin edilib. Həmin xəbərdə Cəfər Şərbətovun da İmamverdi İsmayılovun oğlu olduğu qeyd olunur.
Eyni materialda “MİR GROUP HOLDİNQ” MMC-nin qanuni təmsilçisinin isə İlmir İsmayılov olaraq qaldığı bildirilir.
Bu dəyişiklik şirkətlərin hazırkı hüquqi və maliyyə vəziyyətinin ayrıca araşdırılmasını zəruri edir.
“MİR HOLDİNQ” və “MİR GROUP HOLDİNQ” MMC-lərin hazırkı təsisçiləri kimlərdir?
Şirkətlərin son illərdəki nizamnamə kapitalı və maliyyə göstəriciləri necə dəyişib?
Bu şirkətlər dövlət satınalmalarında neçə dəfə iştirak edib və ümumi neçə manatlıq müqavilə əldə edib?
2021-ci ildəki 128 865 manatlıq tenderdən başqa hansı dövlət qurumları ilə müqavilələr bağlanıb?
Şirkətlərin hazırda hansı daşınar və daşınmaz əmlakları var?
Ailə üzvlərinin digər şirkətlərdə payları mövcuddurmu?
“MİR HOLDİNQ”in bankla məhkəmə mübahisəsinin yekun nəticəsi necə olub?
2025-ci ildə şirkətin qanuni təmsilçisinin dəyişdirilməsinin səbəbi nədir?
Suallar çox, cavab isə yoxdur…(“Korrekt”)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Uluyol.info