00:00 · 14.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Mövqe

“Qışa yaxşı hazırlaşın, ağır keçəcək” – ŞOK XƏBƏRDARLIQ 

“Avropa ölkələri qarşıdakı qışda ciddi iqtisadi və enerji çətinliklərinə hazır olmalı, buna baxmayaraq, Rusiyaya təzyiqi azaltmamalıdır”.\

Musavat.com xəbər verir ki, bunu Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” forumunda bildirib.

Pauellin sözlərinə görə, Ukraynaya dəstək və Rusiyaya iqtisadi təzyiq strategiyası nəticə verməyə başlayıb və Avropa yaranacaq problemlərə görə geri çəkilməməlidir.

“Bu, bizim üçün real çətinliklər və problemlər yaradacaq. Lakin biz buna dözməli, Ukraynaya iqtisadi, hərbi, siyasi və diplomatik dəstəyi davam etdirməliyik”, – britaniyalı müşavir deyib.

O, Rusiyadan mümkün eskalasiya ilə bağlı xəbərdarlıqların da Qərbin strategiyasının uğursuzluğunu deyil, əksinə, təzyiqin təsir göstərməyə başladığını nümayiş etdirdiyini iddia edib.

Pauellin açıqlaması Avropanın enerji böhranı və qaz ehtiyatlarının azalması şəraitində qışa hazırlaşdığı bir vaxta təsadüf edir.

Avropa İttifaqı son illərdə Rusiya qazından asılılığını kəskin azaltsa da, bu ölkədən tədarük hələ də Aİ-nin qaz idxalının təxminən 12 faizini təşkil edir. Brüssel yanvar ayına qədər Rusiya qazından tamamilə imtina etməyi planlaşdırır. Lakin Avropa Auditorlar Məhkəməsi enerji çatışmazlığı fonunda bu planın həyata keçirilməsində problemlər yarandığı barədə xəbərdarlıq edib.

Ukraynanın özü də müharibənin ağır iqtisadi nəticələri ilə üzləşir. Ölkənin iqtisadiyyat naziri Aleksandr Kravçenko forumda bildirib ki, bu il infrastruktur və digər aktivlərin dağıdılması nəticəsində dəymiş zərər təxminən 10 milyard dollara çata bilər.

Onun sözlərinə görə, dəniz limanlarının blokadası nəticəsində taxıl ixracının azalması Ukraynanın ÜDM-ni əlavə olaraq 1,5 faiz aşağı sala bilər.

Buna baxmayaraq, Conatan Pauell Ukraynanın gələcəyi barədə nikbin danışıb. Onun fikrincə, Ukrayna artıq bir mənada “qalib gəlib”, çünki Rusiyanın bütün ölkəni ələ keçirməsi mümkün olmayacaq və Avropaya istiqamətlənmiş müstəqil Ukrayna öz gələcəyini özü müəyyənləşdirə biləcək.

Britaniyalı müşavir ABŞ prezidenti Donald Trampın mövqeyində də dəyişiklik olduğunu iddia edib. Pauellin sözlərinə görə, Vaşinqton artıq Ukraynanın əvvəlkindən daha yaxşı nəticələr göstərdiyini düşünür və buna görə də ABŞ rəhbərliyinin müharibəyə yanaşması dəyişib.

O həmçinin ötən il Alyaskada keçirilmiş ABŞ-Rusiya görüşündən sonra gündəmə gələn Ukraynanın ərazi güzəştləri və NATO perspektivindən imtinası ilə bağlı əvvəlki razılaşmaların artıq aktual olmadığını söyləyib.

Pauellin fikrincə, indi əsas məqsəd Rusiyaya iqtisadi, hərbi və siyasi təzyiqi elə səviyyəyə çatdırmaqdır ki, Moskva ciddi danışıqlara razı olsun.

Bununla yanaşı, britaniyalı müşavir ABŞ və Avropanı Rusiya rəhbərliyi ilə əlaqə kanallarını açıq saxlamağa çağırıb. Onun sözlərinə görə, bu, tərəflərin “qırmızı xətlər” barədə yanlış hesablamalarının və təhlükəli anlaşılmazlıqların qarşısını almaq üçün vacibdir.