00:00 · 12.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Mövqe

“Rus NATO-su” Ermənistanı cəzalandırdı

KTMT-yə üzv dövlətlər Ermənistana qarşı təşkilat nizamnaməsinin 25-ci maddəsini tətbiq etmək qərarına gəliblər. Musavat.com-un məlumatına görə, bu barədə noyabrın 11-də keçirilən toplantıda ümümi qərar qəbul edilib. Sözügedən qərar üzvlük haqlarının ödənilməməsi səbəbindən səsvermə hüququnun dayandırılmasını nəzərdə tutur. Bu barədə Kremlin saytında dərc olunmuş sənədlər siyahısında qeyd olunub. Sənəd “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Ermənistan Respublikasına münasibətdə KTMT nizamnaməsinin 25-ci maddəsinin tətbiqi haqqında qərarı” adlanır.

Təşkilat Nizamnaməsinin 25-ci maddəsinə əsasən, əgər üzv dövlət KTMT büdcəsinə olan üzvlük haqları üzrə borcunu iki il ərzində ödəməzsə, Kollektiv Təhlükəsizlik Şurası həmin dövlətin kvota əsaslı vəzifələrə namizəd irəli sürmək hüququnu dayandıra və onu səsvermə hüququndan məhrum edə bilər. Bu məhdudiyyətlər borc tam ödənilənə qədər qüvvədə qalır.

Ermənistan ödənilməmiş üzvlük haqları məsələsini həll etdiyi təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini bərpa edə bilər, lakin bu qərar ölkə rəhbərliyindən asılıdır.

Musavat.com-un “RİA Novosti”-yə istinadən yaydığı məlumata görə, bu barədə təşkilatın Baş katibinin müavini Taalatbek Masadıkov bildirib. “Ermənistan borclarını ödəmək qərarına gələn kimi, onun təşkilatdakı iştirakı – həm şəxsi heyətinin göndərilməsi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakı – bərpa oluna bilər. Qərar rəhbərliyin əlindədir”, – deyə o, Moskvada keçirilən KTMT sammitindən sonra jurnalistlərə bildirib.

Masadıkovun sözlərinə görə, Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi təşkilatın sammitində gündəmdə olmayıb.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Moskvada keçirilən KTMT sammitinin iştirakçıları Ermənistanı təşkilat daxilində səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul ediblər.

Qeyd edək ki, “Rus NATO-su”nun Ermənistanı cəzalandırdığı saatlarda baş nazir Nikol Paşinyan Antalyada keçirilən COP31 Sammitində iştirak edirdi. Hələlik Paşinyanın məsələyə münasibəti bəlli deyil.

Cavid Turan, musavat.com