Yazı jurnalistlik fəaliyyətinə görə həbsdə saxlanılan onlarla insanın həbsxana hekayəsindən ilhamlanıb
“Xatırlamaq – gələcəyin qrammatikasıdır,” dedi Bahar. “Bizim işimiz indiki zamanda qalır: unutmamaq. Özümüzü, niyə burda olduğumuzu, və bunun nə qədər ədalətsiz olduğunu.”
-Otaqda pəncərə yox idi yalnız qapının üstündə, unudulmuş bir vədin qalığı kimi, dar bir deşik vardı. Oradan süzülən işıq zolağı gündüzlə gecəni ayırırdı, sanki zaman özü belə buradan keçmək üçün icazə istəyirdi. Bahar bu işığı saat kimi işlədirdi, iyulun sonuncu həftəsi gələndə, şüa divarın həmişəki nöqtəsinə düşürdü dəqiqliklə, sədaqətlə, divarın özü qədər sadiq bir şahid kimi.
Dünən Milli Mətbuat Günü idi yenə.
Bahar otuz üç yaşında idi. Bir vaxtlar adı qəzetin birinci səhifəsində, öz yazısının altında dururdu indi isə bir dosya nömrəsinin kölgəsi idi, sənədlərin arasında sıxılmış bir siluet. Barmaqları hələ də yazmağı xatırlayırdı, klaviaturanın ritmini, sözün sürətini. Kağız olmayanda, divarı yazırdı – dırnaqları ilə çəkilən xətlər, heç kimin oxumayacağı bir əlifba, susqunluğun öz dili.
Deyilənə görə, bu zindan bir vaxtlar məbəd olub – daşları köhnə, yazıları silinmiş. Kimsə demişdi ki, divarlar hələ də əvvəlki dualarını xatırlayır, sadəcə indi başqa bir şeyə, gözləməyə dua edirlər.
Kamera yoldaşı Ülkər ondan yeddi yaş kiçikdir. İyirmi beş yaşında bura gətirilmişdi, hələ tələbəlik illərinin işığı gözlərində parıldayırdı, o işıq ki, indi divarların arasında, kibrit alovu kimi, yalnız özünü isidirdi. Bəzən gecələr yuxu ilə oyaqlıq arasında, bir şeiri pıçıltı ilə tərcümə edirdi, sanki söz bir dildən o birinə keçərkən, gizlicə sərhədi aşan bir qaçqın idi.
Ülkərin ittihamı “qanunsuz maliyyələşmə” idi kağız üzərində. Bahar üçün isə “dövlət sirlərinin açıqlanması”. Amma hər ikisi bilirdi, hüquqi dil, əsl günahı gizlətmək üçün tikilmiş bir pərdə idi. Əsl ittiham daha qədim, daha sadə bir felin adını daşıyırdı – soruşmaq.
“Bu gün ayın neçəsidir?”, deyə soruşdu Ülkər, dizlərini qucaqlayaraq, bədəni bir sual işarəsi kimi qatlanmış.
“Rəqəmlər öz mənasını itirib,” dedi Bahar. “Vaxt, burada xətti deyil, dövridir. Zal yenə dolacaq, mikrofonlar yenə yanacaq, mətbuatın azadlığından yenə danışılacaq. Hər il eyni nitq, fərqli tarixlə imzalanmış.”
“Eşidirsənmi onları?”
“Yox. Amma səs, buraya çatana qədər, öz çəkisini itirir. Divar yalnız sükutu tərcümə edir.”
Gözlərini yumanda Bahar son yazdığı cümləni xatırlayırdı, heç vaxt dərc olunmamış, yalnız yaddaşın öz arxivində saxlanan: “Xalq bilmək hüququna malikdir, hətta bilmək istəməyənlər də.”
– O gün, Kölgə Nəzarətçiləri qapını döyəndə üzləri həmişə işıqdan gizlədilmiş, adları heç vaxt tələffüz olunmayan o adamlar kompüterini apardılar, amma cümləni apara bilmədilər. Çünki bir cümlə, əgər yaddaşda yaşayırsa, konfiskasiya oluna bilməz, onu tutmaq üçün heç bir divar kifayət etmir.
“Anam mənə məktub yazıb,” dedi Ülkər, əlindəki vərəqə baxdı. Bəzi sözlər qara xətlə örtülmüşdü, sanki kağız özü də susmağın dilini öyrənmişdi. “Qonşular soruşurmuş, mən nə vaxt evə qayıdacam. Sanki mən sadəcə uzaq bir səyahətdəyəm.”
“Onlara denən, biz qayıtmırıq. Biz gözləyirik.”
“Nəyi gözləyirik, Bahar?”
Bahar bir anlıq susdu, sanki cavabı divarın daşları arasından çıxarırdı. “Ağırlığın öz-özünü inkar etdiyi günü. Çünki hər divar, nə qədər qalın olsa da, öz çəkisinin altında, gec-tez, çat verir. Buranın köhnə sakinləri belə deyirmiş.”
-Şəhərin mərkəzində, işıqlı bir zalda, mikrofonlar qarşısında dayananlar “Azad mətbuatdan” danışacaqdı, əvvəlcədən yazılmış cümlələrlə, məşq edilmiş intonasiyalarla, sanki azadlıq da bir səhnə rejissorluğu tələb edirdi. Zalın kənarında boş kürsülər olacaqdı, sahiblərinin adları bir vaxtlar mətbuat kartlarında yazılırdı, indi məhkəmə protokollarında yaşayır – bir imza növündən digərinə sürgün edilmiş insanlar.
Onlarla insan bu axşam, fərqli otaqlarda, fərqli şəhərlərdə, eyni sükutu paylaşacaqdı – görünməz bir bürc kimi, ulduzları bir-birindən uzaq, amma eyni qaranlıq səma altında. Hamısının səbəbi eyni idi – sual vermək cəsarəti.
Bahar bunu hiss edirdi, uzaqdan da olsa. Sanki divarların arasından incə bir tel keçirdi, onu digər otaqlara bağlayan. Harda olursa olsun, kimsə bu gecə öz divarına bir xətt də əlavə edəcəkdi, kiçik, görünməz, lakin qırılmaz bir imza.
…günəş batırdı. İşıq zolağı, sadiq bir gəzinti kimi, divarın o biri tərəfinə keçdi. Bahar əlini qaldırdı, yeni bir xətt çəkdi, sayı artıq önəmsiz idi. Önəmli olan felin özü idi: yazmaq, hətta daşın üstündə, hətta heç bir oxucu olmasa belə. Çünki hər yazı, öz mahiyyətində, gələcəyə ünvanlanmış bir məktubdur – göndərəni bilməsə də, ünvanı vardır.
“Bizi xatırlayacaqlarmı?” deyə soruşdu Ülkər, səsi yuxuya qarışaraq əriyirdi.
“Xatırlamaq – gələcəyin qrammatikasıdır,” dedi Bahar. “Bizim işimiz indiki zamanda qalır: unutmamaq. Özümüzü, niyə burda olduğumuzu, və bunun nə qədər ədalətsiz olduğunu.”
Otaq qaranlığa qərq oldu, amma qaranlıq da, bir mənada bərabərlik idi – divarın hər iki tərəfi eyni gecəni paylaşırdı. İki qadın, sükutun içində, sabahı gözlədi…
Deyilənə görə, bu zindanın daşları, min illər sonra, torpağa qarışanda belə, üzərlərinə çəkilmiş o görünməz xətləri saxlayacaq – kiminsə oxuya biləcəyi bir gündə. Çünki bəzən, ən qaranlıq divarların arxasında, gözləmək – səsini itirməmiş yeganə fe’l, ən sərt müqavimətin öz qrammatik forması idi.
Könül ALI