ABŞ prezidenti Donald Tramp Fransada baş verən etirazlar və iğtişaşlar fonunda ölkənin sərhədlərinin bağlanmasına çağırış edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə “Truth Social”da paylaşım edib.
“Fransa yanır! Tamamilə fərqli dünyadan gələn, qəlblərində nifrət daşıyan insanların miqrasiyası bir vaxtlar böyük olan ölkəni dağıdıb. Sərhədləri bağlayın və vəziyyət çox gec olmadan nəzarətə götürün!”, – deyə ABŞ prezidenti bildirib.
Məlumata görə, Fransanın bir neçə şəhərində yaşayış xərclərinin və yanacağın qiymətinin artmasına qarşı kütləvi etirazlar keçirilib. Aksiyalarda yüz minlərlə insanın iştirak etdiyi bildirilir. Paris, Marsel və Lion şəhərlərində etirazçılarla polis arasında toqquşmalar baş verib. Hadisələr zamanı yanğınlar və qarət halları qeydə alınıb.
Fransanın baş naziri Sebastyan Lekornü iğtişaşlardan sonra böhran qərargahının iclasını çağırıb. İclasda baş verən hadisələrin iqtisadiyyata, ticarətə və sığorta sektoruna mümkün təsirlərinin müzakirə olunacağı bildirilir.