“Hazırda insanlar mütləq xərclərinə diqqət yetirməli və maliyyə ehtiyatı (təhlükəsizlik yastığı) yaratmalıdırlar”.
Bunu “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.
Ə. Həsənov vurğulayıb ki, qarşıdakı dövr üçün ehtiyatlı davranmaq vacibdir:
“Ümumiyyətlə, insanlara tövsiyə edirəm ki, çox ehtiyatlı olsunlar. Azərbaycanı iqtisadi baxımdan qarşıda ağır illər gözləyir və bu proses artıq başlayıb. Kimsə vəziyyətin tezliklə düzələcəyinə ümid etməsin. Buna görə də gəlir və yığım məsələsində bədxərcliyə yol vermək olmaz”.
İqtisadçı Rəşad Həsənov Musavat.com-a məsələ ilə bağlı qeyd edib ki, orta və uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatının artım tempinin zəif olması proqnozlaşdırılır.
Onun sözlərinə görə, bu, təbii ki, əhalinin rifah göstəricilərinə öz təsirini göstərəcək:
“Bunu şərtləndirən müxtəlif faktorlar var. Birincisi, hazırda davam etdirilməkdə olan ənənəvi mühafizəkar iqtisadi siyasət artıq iqtisadiyyatın inkişafına hər hansı töhfə verə bilmir, bu istiqamətdə mümkün resurslar bitib. Yeni iqtisadi modelin-liberal iqtisadi modelin tətbiqi ilə bağlı çox ciddi çağırışların olmasına baxmayaraq, hələlik bu istiqamətdə müqavimətin davam etdiyi ilə bağlı ciddi siqnallar var. Ən azından yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatı ilə bağlı fundamental islahatların aparılması, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiya axınlarının təmin edilməsi, qeyri-neft iqtisadiyyatının sürətli inkişafı və iqtisadiyyatın şaxələnməsi istiqamətində ciddi nailiyyətlərin əldə olunması və rəqabətli iqtisadi modelinin ortaya qoyulması ilə bağlı ciddi siyasətin olacağını demək çox çətindir.
İkinci məsələ Azərbaycan iqtisadiyyatının mövcud siyasətlər kontekstində yeni çağırışlara uyğunlaşması istiqamətində gecikmələrdir. Xüsusilə iqtisadiyyatının rəqəmsallaşması, süni intellektin iqtisadiyyatda sürətli tətbiqi və bu texnologiyaların istehsalı və tətbiqi ilə bağlı ekosistemin təkmilləşdirilməsi sahəsində ciddi artımlar baş vermir, ciddi siyasət ortaya qoyulmur. Bu konyukturda Azərbaycan iqtisadiyyatı təbii olaraq rəqabət qabiliyyətini daha da itirən iqtisadiyyata çevrilməklə və əmək bazarında məşğulluq riskləri ilə ciddi şəkildə üzləşmiş, dolayısı ilə sosial siyasətlərin həyata keçirilməsi imkanları məhdudlaşmış, lakin buna ehtiyacı olan şəxslərin sayının çoxaldığı konyukturla üz-üzə qalacaq.
Belə olduğu halda da, yəni, bir tərəfdən iqtisadiyyatın zəif inkişafı, yaxud zəifləməsi, digər tərəfdən sosial müdafiə mexanizmlərinin genişləndirilməsi ilə bağlı çağırışlar bu istiqamətdə müdafiə mexanizmləri üzrə orta göstəricilərin həcminin artırılması imkanlarını məhdudlaşdıracaq. Nəzərə alsaq ki, növbəti bir neçə il üçün hələ ki, yüksək inflyasiya riskləri mövcuddur, geosiyasi konyuktur proqnozlaşdırılan deyil, belə bir şəraitdə düşünürəm ki, inflyasiya yüksək olaraq qalacaq”.