DAYAQ İDİ ELİMDAR
Aprel şəhidimiz Elmdar Səfərovun əziz xatirəsinə
Qanlı aprel gecəsi sipər oldu yurduna,
Şərəf-şöhrət gətirdi şanlı Milli orduma,
Çaqqal bata bilərmi Azərbaycan qurduna,
Vətənin keşiyində sayıq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar,
Vətən eşqi vermişdi “Get irəli!” əmrini,
Çünki qurban demişdi yurda cavan ömrünü,
Düşmənin göz dikdiyi yerdə qazdı qəbrini,
Hər təltifə, hər ada layiq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar.
Vətən dardadır deyə üzü gülmürdü bir an,
Qisas üçün ürəyi çırpınırdı hər zaman,
İlk fürsətdə vermədi xain düşmənə aman,
O günü gözləyirdi, ayıq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar.
Sığallayıb basmışdı bağrına bu torpağı,
Yandırırdı içini yurd dərdi, Vətən dağı…
Bilirdi ki, hücuma qəfil keçəcək yağı,
Daim əli tətikdə, duyuq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar.
İgidliyi, mərdliyi nəsldən-soydan aldı,
Yaxşı əməllərilə el gözündə ucaldı,
Zirvələrə aparan onu tutduğu yoldur,
Elinə-obasına dayaq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar.
ŞƏHİDİM
Ölümə yaşın çatmırdı,
Şəhidlik böyütdü səni.
Keçmişini ötüb keçdin,
Gələcəyin ötdü səni.
Üzündə Allahın nuru,
Qəlbində xalqın qüruru,
Məqamın göylərdən duru,
Məramın var etdi səni.
Qalib oldum sayəndə mən,
Sən boyda ucaldı Vətən!..
Yaşadacaq, əyilməyən,
Ata-ana qəddi səni.
Ömür sürdün şərafətlə,
Ləyaqətlə, sədaqətlə…
Yurda, elə məhəbbətlə,
Babəklər öyütdü səni.
RƏVANIM
Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən 2-ci Vətən müharibəsində şəhid olmuş Rəvan Quliyevin əziz xatirəsinə…
İlk baharda açan qönçə gül idin,
Düşdün ağuşuna qışın, Rəvanım.
Nə yaşın vardı ki, nə gün görəsən?
Özündən böyükdür yaşın, Rəvanım.
Orduya gedəndə fərəhlənmişdin,
İntiqam hissiylə silahlanmışdın,
Ana sığalıyla zirehlənmişdin,
Necə qıydı sənə qurşun, Rəvanım?
Əsl oğul kimi, mərd əsgər kimi,
Durdun ön cərgədə müzəffər kimi,
Dayandın keçilməz bir səngər kimi,
Gəlsə də üstünə qoşun, Rəvanım.
Tale ulduzundur alışıb-sönən…
Hər “Vətən”-deyəndə qabardı sinən,
Cəsurluq şan-şöhrət gətirdi sənə,
Göylərə ucaldı başın, Rəvanım.
Yurdun otuz illik öcünü aldın,
Xalqın ürəyində əbədi qaldın,
Vətən torpağıyla qol-boyun oldun,
Çalındı şəhidlik marşın, Rəvanım!
CAMALIM
Neftçala rayonunun Həsənabad qəsəbəsindən ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən müharibəsi Qəhrəmanı
Camal İsmayılovun əziz xatirəsinə...
Baxıram rəsminə kövrəlir könlüm,
Nə şirin gülürsən üzə, Camalım.
Məğrur vüqarına güvəndi elim,
Düşdün bir əbədi izə, Camalım.
Tanrı dərgahında məqamın uca,
Layiqsən ən ali təltifə, taca,
Ey cəsur ürəkli qəhrəman qoçaq,
Düşməni gətirdin dizə, Camalım.
Vətənə sevgiylə könül bağladın,
İntiqam hissiylə coşdun, çağladın,
Mənfur düşmənləri əzdin, dağladın,
Qoymadın yurdumda gəzə, Camalım.
Təkcə sinə gərdin neçə qoşuna,
Adını həkk etdin Suqovuşana,
Çatdın əməlinlə şöhrətə, şana,
Düşdün nəğmələrə, sözə, Camalım.
Ay körpə fidanım, qönçə çiçəyim,
Cənnət göylərində uçan mələyim,
Adın çəkiləndə titrər ürəyim,
Dönər baxışlarım közə, Camalım.
Hər gün həsrətinlə yolları yorum,
Önündə baş əyim, səcdənə durum…
Sayəndə qorundu milli qürurum,
Haqqını halal et bizə, Camalım.
MÜBARİZ
Milli qəhrəmanımız, şəhid Mübariz İbrahimovun əziz xatirəsinə…
Sən verdin ümid müjdəsini xalqı var etdin,
Yurd sevgini öz ömrün ilə yurda car etdin,
Düşmənlərə gen dünyanı əzminlə dar etdin,
Mən-mən deyəni cümlə-cahan içrə xar etdin,
Tənha gül idin, qış Vətəni ilk bahar etdin,
Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz,
Qalxdıqca umudlandı, cana gəldi, Mübariz.
Qorxmazlığını xalqımızın gördü bu aləm,
İllərlə zülüm çəkdi könül, gəlmədi naləm,
Torpaqlarıma çən kimi çökmüş bu kədər, qəm,
Səntək igid oğlanlarımız xalqı edir cəm,
Millət dağılar bir-birinə olmasa həmdəm,
Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz,
Düşmənləri qeyrət silahın dəldi, Mübariz,
Allah verir hər insana rəhmət ilə bir can,
Bizdən ötəri eyləmisən canını qurban,
Qarşında qürurla baş əyir Azərbaycan,
Ellər adına qoşdu məhəbbət ilə dastan,
Tezliklə zəfər müjdəsidir ruhuna dərman,
Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz,
Şad oldu şəhid ruhları da güldü, Mübariz.
1990-cı il Yanvar hadisələri, “Səadətdir azadlıq” poemasından…
Misli görünməmiş qırğındı , qırğın,
Bakı qan içində çabalayırdı.
Düşmən bir günahsız , silahsız xalqın,
Sınmaz inamını bombalayırdı.
Ələk-vələk edib tanklar şəhəri,
Ölüm gəzdirirdi tırtıllarında.
Atdılar üstünə böhtanı , şəri,
Qəzəbdən titrəyən oğulların da.
O gecə sübhəcən insan qırdılar,
Xalqın qırmaq üçün iradəsini.
Bütün keçidlərə tələ qurdular,
Güya batırdılar haqqın səsini.
Bu ölüm durmadan gəzdi hər yanı,
Neftçala , Lənkəran qana boyandı.
Susdura bilmədi Azərbaycanı,
Düşmən qəzəbindən odlara yandı.

Müzəffər MƏZAHİM