HÜNƏRİN VAR, YAŞAT, GÖRÜM
Məzlum olmaq qədər deyil,
Çalıb – çapmaq zəfər deyil,
Öldürmək də hünər deyil,
Hünərin var, yaşat, görüm!
Sözdə igid, asıb – kəsən,
Bilirsənmi, özün nəsən?
Dərəyə daş atmaq asan,
Sən zirvəyə daş at, görüm?
Zülüm, zillət qəzadımı,
Ya zalımın əzabımı?
Hirs – hikkəni , qəzəbini
Ürəyindən boşalt, görüm?
ÇIXIM GEDİM BU ŞƏHƏRDƏN
Nə yaman artıb, çoxalıb,
Bu şəhər dopdolu adam.
Heç kim mənə tanış deyil,
Adamlara mən də yadam.
Hamı qəribdir, deyəsən,
Qəriblər şəhəri yoxsa?
Ona təəccüblə baxır,
Kimsə kimə isti baxsa.
Nahaq qayıtdım buraya,
Ayrılıb getdiyim deyil!
Küçə – küçə, dalan – dalan
Yorulub getdiyim deyil!
Hey baxıram kimsə yoxdur,
Görüşəm, hal – əhval tutam.
Çıxıb gedim bu şəhərdən,
Bu şəhərə özgə, yadam.
Bir anlayan, duyanım yox,
Nə olsun ki, çoxdur adam!
Nə tanış yer, nə də bir dost,
Bir mərhəm dəymir gözümə.
Ya dəyişən şəhər deyil,
Bəlkə, elə mən özüməm?..
DƏNİZ DƏ DARIXIR
Beş – altı qağayı, daha kimsə yox,
Sular da dalğasız, dəniz darıxır.
Dəniz də insansız tənha olurmuş,
Sahildə kədər var, yalqız darıxır.
Barı külək əsə, coşa dalğalar,
Vəfasız “dostların” izini yuya.
Ondan uzaq düşən qayaya çata,
Toz – torpağa batmış ” üzünü” yuya.
Sakit zamanlarda görkəmi qəmli,
Sular kükrəyəndə dəniz yaşarmış.
Kədərli görkəmi qəlbimi sıxdı,
Yəqin dənizin də gözü yaşarmış…
Baxıram sulara dəniz masmavi,
Havası ürəyə, ciyərə məlhəm.
Sən ki əbədisən, sənə ölüm yox,
Mənim kədərimmi sənə verən qəm?
Hava da qaralır, kədər gətirir,
Sulardan Ay baxır, ulduzlar baxır.
Burada darıxan tək mən deyiləm,
Bəlkə də, məndən çox dəniz darıxır!..
BU YAŞDA
Bəzən ürək istəyir,
atasan çiynindən
Yaşın ağırlığını,
illərin yorğunluğunu,
Ömrü yenidən yaşayasan.
Saat kimi təzədən
qurulasan…
Qəlbində hicrana
dözümünü,
Vüsalın hər üzünü
daşıyasan!
Çıxasan seyrə
bir bulaq axarınca.
Sanki bu gəzinti
ömründə sonuncu,
axırıncı!..
Bulağın nəğməsin dinləyib,
ğüllərin ətrini iyləyib
Sən də sular kimi
axasan, durulasan!..
Qaçasan uşaqlar kimi
dərədən yuxarı,
təpədən aşağı…
Qaralmaya
gözünün işığı,
Tövşüməyə ürəyin,
qovuşmaya kürəyin,
Nə təntiyəsən, nə yorulasan!
Bir də ki, nəbadə bu yaşda
kimisə sevəsən,
kiməsə vurulasan!..
Gecikmiş sevgilərin
açdığı”güldən” həzər!
Ətrafı tikan dolu
qanqal gülünə bənzər…
Dəli könül dəli qaldı
Şükür eylə qalanlara,
Olacağa, olanlara.
Çox qəmlənmə solanlara,
Hansı bağın gülü qaldı?
*
Dağları da uçan gördük,
Hər kəs qonaq, köçən gördük.
Od sönməyə, haçan gördük?!
Ocaq söndü, külü qaldı.
*
Könül kövrək- sarı simli,
Göz gah dalğın, gah da nəmli.
Ömür bitir, ancaq qəmli
Ayı qalır, ili qalır.
*
Xatirələr nağıllandı,
Duyğularım sığallandı.
Ruh xəstəsi ağıllandı,
Dəli könül dəli qaldı…
ULUYOL.İNFO