00:00 · 02.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşduAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşdu
Ədəbiyyat

“Hünərin var, yaşat görüm”-Fərhad Əzizbəyli (şeirlər)

HÜNƏRİN VAR, YAŞAT, GÖRÜM

Məzlum olmaq qədər deyil,

Çalıb – çapmaq zəfər deyil,

Öldürmək də hünər deyil,

Hünərin var, yaşat, görüm!

Sözdə igid, asıb – kəsən,

Bilirsənmi, özün nəsən?

Dərəyə daş atmaq asan,

Sən zirvəyə daş at, görüm?

Zülüm, zillət qəzadımı,

Ya zalımın əzabımı?

Hirs – hikkəni , qəzəbini

Ürəyindən boşalt, görüm?

ÇIXIM GEDİM BU ŞƏHƏRDƏN

Nə yaman artıb, çoxalıb,

Bu şəhər dopdolu adam.

Heç kim mənə tanış deyil,

Adamlara mən də yadam.

Hamı qəribdir, deyəsən,

Qəriblər şəhəri yoxsa?

Ona təəccüblə baxır,

Kimsə kimə isti baxsa.

Nahaq qayıtdım buraya,

Ayrılıb getdiyim deyil!

Küçə – küçə, dalan – dalan

Yorulub getdiyim deyil!

Hey baxıram kimsə yoxdur,

Görüşəm, hal – əhval tutam.

Çıxıb gedim bu şəhərdən,

Bu şəhərə özgə, yadam.

Bir anlayan, duyanım yox,

Nə olsun ki, çoxdur adam!

Nə tanış yer, nə də bir dost,

Bir mərhəm dəymir gözümə.

Ya dəyişən şəhər deyil,

Bəlkə, elə mən özüməm?..

DƏNİZ DƏ DARIXIR

Beş – altı qağayı, daha kimsə yox,

Sular da dalğasız, dəniz darıxır.

Dəniz də insansız tənha olurmuş,

Sahildə kədər var, yalqız darıxır.

Barı külək əsə, coşa dalğalar,

Vəfasız “dostların” izini yuya.

Ondan uzaq düşən qayaya çata,

Toz – torpağa batmış ” üzünü” yuya.

Sakit zamanlarda görkəmi qəmli,

Sular kükrəyəndə dəniz yaşarmış.

Kədərli görkəmi qəlbimi sıxdı,

Yəqin dənizin də gözü yaşarmış…

Baxıram sulara dəniz masmavi,

Havası ürəyə, ciyərə məlhəm.

Sən ki əbədisən, sənə ölüm yox,

Mənim kədərimmi sənə verən qəm?

Hava da qaralır, kədər gətirir,

Sulardan Ay baxır, ulduzlar baxır.

Burada darıxan tək mən deyiləm,

Bəlkə də, məndən çox dəniz darıxır!..

BU YAŞDA

Bəzən ürək istəyir,

atasan çiynindən

Yaşın ağırlığını,

illərin yorğunluğunu,

Ömrü yenidən yaşayasan.

Saat kimi təzədən

qurulasan…

Qəlbində hicrana

dözümünü,

Vüsalın hər üzünü

daşıyasan!

Çıxasan seyrə

bir bulaq axarınca.

Sanki bu gəzinti

ömründə sonuncu,

axırıncı!..

Bulağın nəğməsin dinləyib,

ğüllərin ətrini iyləyib

Sən də sular kimi

axasan, durulasan!..

Qaçasan uşaqlar kimi

dərədən yuxarı,

təpədən aşağı…

Qaralmaya

gözünün işığı,

Tövşüməyə ürəyin,

qovuşmaya kürəyin,

Nə təntiyəsən, nə yorulasan!

Bir də ki, nəbadə bu yaşda

kimisə sevəsən,

kiməsə vurulasan!..

Gecikmiş sevgilərin

açdığı”güldən” həzər!

Ətrafı tikan dolu

qanqal gülünə bənzər…

Dəli könül dəli qaldı

Şükür eylə qalanlara,

Olacağa, olanlara.

Çox qəmlənmə solanlara,

Hansı bağın gülü qaldı?

*

Dağları da uçan gördük,

Hər kəs qonaq, köçən gördük.

Od sönməyə, haçan gördük?!

Ocaq söndü, külü qaldı.

*

Könül kövrək- sarı simli,

Göz gah dalğın, gah da nəmli.

Ömür bitir, ancaq qəmli

Ayı qalır, ili qalır.

*

Xatirələr nağıllandı,

Duyğularım sığallandı.

Ruh xəstəsi ağıllandı,

Dəli könül dəli qaldı…

ULUYOL.İNFO