Azərbaycanda avtomobil parkının yenilənməsi məsələsi uzun müddətdir gündəmdə olsa da, yollarda köhnə və istismar müddəti çoxdan keçmiş avtomobillərin sayı hələ də diqqət çəkir. Belə avtomobillərin istifadəsi təkcə nəqliyyat sıxlığı ilə yox, həm də yol təhlükəsizliyi, texniki nasazlıqlar, ehtiyat hissələrinin bahalaşması və avtomobil sahibinin xərcləri ilə bağlı problemlər yaradır. Digər tərəfdən, yeni avtomobil almaq bir çox ailə üçün ciddi maliyyə yüküdür.
Bəs Azərbaycanda avtomobil parkının yenilənməsi niyə ləng gedir? Köhnə avtomobillərin yaratdığı riskləri azaltmaq üçün hansı addımlar atılmalıdır və vətəndaş üçün daha əlçatan alternativ nə ola bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanda avtomobil parkının yenilənməsi ilə bağlı dörd il əvvəl qanunvericiliyə dəyişiklik edildi. Ölkəyə idxal olunan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri müəyyən rüsumlardan, həmçinin, hibrid avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad olundu. Bu, vətəndaşlar üçün yeni avtomobil almağa həvəsləndirici bir addım idi. Sahibkarlar da bu cür avtomobilləri daha çox gətirməyə başladılar və ölkədə avtomobil parkının yenilənməsi prosesi sürətləndi. ƏDV-dən azad olunma qiymətlərin nisbətən ucuzlaşmasına şərait yaratdı.
Paralel olaraq, könüllü utilizasiya proqramı da işə salındı. Vətəndaş köhnə minik avtomobilini təhvil verərək 1500 manat dəyərində vauçer ala bilir (yük avtomobilləri və avtobuslar üçün bu məbləğ daha yüksəkdir). Lakin utilizasiya prosesində dövlətin təklif etdiyi məbləğ aşağı olduğundan vətəndaşlar avtomobillərini təhvil verməyə o qədər də həvəs göstərmirlər. Nəticədə proses gözlənilən səviyyədə getmir. Vauçerin məbləği daha yüksək olsaydı, nəticə də fərqli olardı”.
Ekspert qeyd edib ki, köhnə avtomobilini təhvil verən vətəndaş yeni avtomobil almaqda çətinlik çəkir: “2016-cı il devalvasiyasından sonra manatın dəyərsizləşməsi nəticəsində əvvəllər 18 min manata satılan avtomobilin qiyməti 30 min manata yüksəldi. Bu səbəbdən yeni avtomobil almaq istəyənlər köhnə maşınlara üstünlük verməli oldular və avtomobil parkı uzun müddət köhnə olaraq qaldı. Hətta xarici ölkələrdə taksi fəaliyyətində istismar olunmuş, sıradan çıxmış avtomobillər ölkəyə gətirilərək istifadə edildi.
Dörd il əvvəl qəbul edilmiş güzəştlər parkın yenilənməsinə müsbət təsir etsə də, bu güzəştlərin müddəti artıq bu il başa çatdı. Nəticədə vətəndaşlar yenidən köhnə maşınlara meyl edirlər. İnsanların yeni avtomobil almasını stimullaşdırmaq üçün yeni addımlara ehtiyac var. Rüsumların azaldılması, güzəştlərin uzadılması və kredit şərtlərinin sadələşdirilməsi nəzərdən keçirilməlidir. Hazırda banklar avtomobil kreditlərini çox çətinliklə və yüksək əməkhaqqı tələbi ilə verirlər. Bu səbəbdən vətəndaşlar əllərindəki büdcəyə uyğun köhnə avtomobillərə üstünlük verirlər.
Yol qaranlıqdırsa, çala-çuxurdursa, təbii ki, orada qəza olacaq. Sürücü yol hərəkəti qaydalarını bilmirsə, avtomobili normal idarə edə bilmirsə, əlbəttə ki, qəza qaçılmazdır. Etiraf edək ki, digər ölkələrlə müqayisədə avtomobil sürmə bacarıqlarımız çox zəifdir. Sürücülərin bir qismi qaydaları ümumiyyətlə bilmir, avtomobili də birtəhər idarə edir. Çox vaxt maşını “Allah ümidinə” sürürlər, biz də buna hər gün şahid oluruq. Məsələ də məhz buradadır”.
Eldəniz Cəfərova görə, yollardakı risklər əsasən köhnə maşınlardan qaynaqlanmır:
“Yollardakı risklər avtomobili idarə edən sürücülərdən, bəzən də yol infrastrukturu və yolların tənzimlənməsi ilə nizamlanmasından qaynaqlanır. Biz köhnə maşınların yaratdığı riskləri deyil, qaydaları bilməyən sürücülərin törətdiyi və yollardakı problemlərdən yaranan riskləri azaltmaq barədə düşünsək, o zaman məqsədimizə nail ola bilərik. Belə olduqda qəzaların və yol-nəqliyyat hadisələrinin də sayı azalar. Köhnə maşınların dövriyyədən çıxarılmasını sürətləndirmək üçün utilizasiya proqramı çərçivəsində vətəndaşa təklif olunan məbləğ ən azı 3-4 dəfə artırılmalıdır ki, insanlar köhnə avtomobillərini həvəslə təhvil versinlər. Bununla yanaşı, kredit şərtləri də sadələşdirilməlidir ki, vətəndaş gedib özünə yeni maşın ala bilsin”.