Çay dəmləmək üçün istifadə olunan plastik paketlər içkiyə mikroskopik plastik hissəciklərin keçməsinə səbəb ola bilər. Yeni araşdırma paket çayla açıq yarpaq çayı arasında çirklənmə baxımından ciddi fərq olduğunu üzə çıxarıb.
Uluyol.info xəbər verir ki, Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin alimləri 14 paket çay və 14 açıq yarpaq çayı markasını araşdırıblar. Təcrübə zamanı çay 95 dərəcə temperaturda üç dəqiqə dəmlənib. Nəticələrə görə, plastik çay paketləri bir fincana 555–2498 mikroplastik hissəcik buraxıb. Açıq yarpaq çayında isə bu göstərici cəmi 0,3–2,4 hissəcik təşkil edib. Tədqiqatçılar paketlərdən ayrılan hissəciklərlə yanaşı, bisfenol A və ftalat efirlərinin də içkiyə keçməsini yoxlayıblar. Bu maddələr plastik materialların tərkibində istifadə olunur və qida ilə təmas zamanı məhsula miqrasiya edə bilir.
Araşdırmada ümumi kimyəvi təsir riskini qiymətləndirən göstəricilərin müəyyən edilmiş təhlükəsizlik həddini aşmadığı bildirilib. Bununla belə, paket çaydan alınan bisfenol A miqdarının Avropa Qida Təhlükəsizliyi Təşkilatının müəyyən etdiyi gündəlik dözümlü qəbul normasının 21,7 faizinə çatdığı hesablanıb. Alimlər plastik paketlərdən istifadə zamanı mikroplastik və kimyəvi maddələrin içkiyə keçməsi ehtimalına diqqət çəkərək açıq yarpaq çayına üstünlük verilməsini tövsiyə edirlər.\\Foodinfo.az