Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının qəbuluna müxalifətin dəstək verməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib.
Uluyol.info xəbər verir ki, bu barədə Kremlə bağlı Ermənistan mətbuatında məlumat yayılıb.
Məlumata görə, Paşinyan yeni Konstitusiyadan 1915-ci il hadisələrinin erməni soyqırımı kimi təqdim edilməsinə dair istinadları çıxarmaq istəyir.
Bununla yanaşı, baş nazir Konstitusiyadan Qarabağla bağlı Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların da çıxarılmasını planlaşdırır. Azərbaycan və Türkiyə məhz bu müddəaların aradan qaldırılmasını tələb edir.
Konstitusiyanın dəyişdirilməsi üçün parlamentdə deputatların üçdəikisinin dəstəyi lazımdır. Məlumatda bunun üçün 70 səsin tələb olunduğu bildirilir. Hazırda Paşinyanın rəhbərlik etdiyi partiyanın 105 yerlik parlamentdə 64 mandatı var.
Lakin müxalifətdəki “Güclü Ermənistan” və “Ermənistan” blokları bu təşəbbüsü dəstəkləməkdən imtina ediblər.
Yaranmış vəziyyətdə Paşinyanın iki variantı nəzərdən keçirdiyi bildirilir. Bunlardan biri müxalifət deputatlarının bir hissəsinin dəstəyini qazanmaq, digəri isə növbədənkənar parlament seçkiləri keçirərək 70-dən çox mandat əldə etməyə çalışmaqdır. //musavat.com