Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciəti zamanı hərbçiləri gələcəyin münaqişələrinə hazırlaşmağa və hazırkı münaqişələrdə qələbəni təmin etməyə çağırıb.
Oxu.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
“Biz gələcəyin müharibələrinə hazırlaşmalıyıq. Lakin həmin müharibələri aparmaq qabiliyyətimiz bu gün nə dərəcədə etibarlı olmağımızdan asılı olacaq. Məhz bugünkü müharibələrdə qalib gəlməliyik. Gücümüz Ukrayna cəbhəsində mövqelərimizi qoruyub saxlamağımızda, tərəfdaşlarımızın bizi gözlədiyi Yaxın və Orta Şərqdə onların yanında olmağımızda, eləcə də Afrikada özümüzü nəzərdə tutduğumuz tərəfdaş kimi qalmaq bacarığımızdadır. Hind-Sakit okean regionunda mövqelərimizi qoruyub saxlamaq qabiliyyətimiz 2030-cu ilin çağırışlarının öhdəsindən gəlib-gəlməyəcəyimizi müəyyən edəcək”, – deyə Makron bildirib.
O əlavə edib ki, yaxın vaxtlarda qarşıdakı 10 il üçün milli müdafiə ilə bağlı proqramını təqdim edəcək.
Fransa prezidenti çıxışı zamanı Paris və Londonun təşəbbüsü ilə Rusiyaya qarşı münaqişədə Kiyevə dəstək məqsədilə yaradılmış “Könüllülər koalisiyası”na da xüsusi diqqət ayırıb və bu birliyi avropalıların talelərini öz əllərinə almaq qabiliyyətinin təcəssümü adlandırıb.
Makron bildirib ki, Avropa dövlətlərin suveren qərarlarına söykənərək öz müdafiəsinə görə məsuliyyəti üzərinə götürən bir gücə çevrilir.