Vaşinqtondakı Ukrayna səfirliyində gözlənilməz istefa baş verib.
Musavat.com xəbər verir ki, Financial Times-ın yaydığı məlumata görə, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanışina ailəsinin bazar qiymətindən xeyli ucuz mənzil alması ilə bağlı qalmaqaldan sonra vəzifəsindən öz istəyi ilə ayrılmaq qərarı verib.
Olqa Stefanışina 2025-ci ilin avqust ayının sonunda ABŞ-də səfir vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl o, Ukraynanın baş nazir müavini və ədliyyə naziri olub.
Financial Times-ın məlumatına görə, onun yerinə Ukraynanın sabiq baş naziri Yuliya Sviridenkonun təyin oluna biləcəyi ehtimal edilir.
Qalmaqal Hromadske nəşrinin araşdırmasından sonra başlayıb. Araşdırmada bildirilir ki, Stefanışinanın anası Nadejda Kravets 2022-ci ilin payızında Kiyevdə yerləşən “Lvivska Ploşa” yaşayış kompleksində sahəsi təxminən 100 kvadratmetr olan üçotaqlı mənzili təxminən 83 min dollara alıb.
Həmin dövrdə tikinti şirkəti eyni tip mənzilləri təxminən 300 min dollara satırdı.
Bundan əlavə, sözügedən mənzil Stefanışinanın gəlir bəyannaməsində göstərilməyib. O, yalnız anasına məxsus başqa bir daşınmaz əmlakı bəyan edib.