Rusiya prezidenti Vladimir Putin bildirib ki, müasir silahlarla rusların zehninə təsir etmək cəhdləri 3-cü Reyxin təbliğat naziri Yozef Göbbelsin istifadə etdiyi metodlara bənzəyir və Rusiya hakimiyyətinin dərhal reaksiya verməsi vacibdir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezidentin “Hər şey Qələbə üçün!” forumuna səfəri zamanı 1-ci kanalın hərbi müxbiri İrina Kuksenkova informasiya müharibəsinin hazırda aktiv fazada olduğunu, düşmənin rusların zehni uğrunda mübarizə apardığını bildirib.
“Bu zehnə təsir etmək cəhdi müasir bir silahdı. Bu, uzun müddətdir istifadə olunur. Hamımız Göbbelsin dediklərini bilirik: “Yalan nə qədər inanılmaz olarsa, ona bir o qədər tez inanılacaq”, – deyə Putin bildirib.
Dövlət başçısı qeyd edib ki, hətta bu cür silahlar da yeni texnoloji səviyyəyə qaldırılır. Putin qeyd edib ki, bu məsələyə vaxtında cavab verilməsə, nəticələr çox ciddi ola bilər.
Qeyd edək ki, Ukrayna tərəfi də Rusiyanın təbliğat maşınını Y.Göbbelsin metodlarından istifadə etməkdə suçlayır.