00:00 · 08.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Müsavat Partiyası İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edib- FOTOLARMoskvada genişmiqyaslı REYD: 300 yeniyetmə saxlanıldı – Çağırış vərəqələri PAYLANDIPrezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idiTəhlükəli virusla bağlı XƏBƏRDARLIQ! Adi soyuqdəyməyə bənzəyir, amma…Bu gün dualarımızda onlar var… – FotolarTraktorun kapitanı : “Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir”Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – VİDEO8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməyin məşəqqəti…“Ata, mən gəldim…” – Şəhidlərin övladlarına əmanət etdiyi Zəfər- TƏSİRLİ VİDEOƏrdoğan Azərbaycana səfərə gəldiBakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq“İmişli” “Sumqayıt”a, “Şamaxı” “Sabah”a qarşıMüsavat Partiyası İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edib- FOTOLARMoskvada genişmiqyaslı REYD: 300 yeniyetmə saxlanıldı – Çağırış vərəqələri PAYLANDIPrezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idiTəhlükəli virusla bağlı XƏBƏRDARLIQ! Adi soyuqdəyməyə bənzəyir, amma…Bu gün dualarımızda onlar var… – FotolarTraktorun kapitanı : “Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir”Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – VİDEO8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməyin məşəqqəti…“Ata, mən gəldim…” – Şəhidlərin övladlarına əmanət etdiyi Zəfər- TƏSİRLİ VİDEOƏrdoğan Azərbaycana səfərə gəldiBakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq“İmişli” “Sumqayıt”a, “Şamaxı” “Sabah”a qarşı
Cəmiyyət

8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməyin məşəqqəti…

6 il öncəyə qədər xalqımızın qəlbində 8 may yarası vardı. 1992-ci ildən bəri o yara qövr eləyir, qaysaqlanmırdı. Mayın 8-də əlimizdən çıxmış Şuşanın ağrı-acısı ildən-ilə daha şiddətli olurdu.

6 il əvvəli isə 8 may yarasına 8 noyabr məlhəmi çəkildi, xalq özünə gəldi, qəddi dikəldi, gözü güldü, dili açıldı.

8 may itkisi hərbi məğlubiyyətimizin rəmzi idi. Biz Şuşanı itirəndə, əslində Qarabağın dağlıq hissəsinə nəzarəti itirmişdik, düzən Qarabağda düşmənə müqavimət göstərməklə məşğul idik.

8 noyabr qələbəsi isə bütün Qarabağa nəzarəti bərpa etməyimiz demək idi. Ona görə də rəsmən 10 noyabrda (2020-ci il) başa çatmış müharibədəki qələbəmizin 8 noyabrda qeyd edilməsi tam yerindədir. (Bunun böyük dövlət xadimi, marşal Mustafa Kamal Atatürkün vəfat günüylə eyni günə düşməməsi üçün edilməsi isə ayrıca bir vəfa, ehtiram məsələsidir).

Şuşanın işğaldan azad edilməsindən sonra Xankəndinin ovuc içindəymiş kimi görünməsi o demək idi ki, 32 ildən bəri Qarabağda terror rüzgarı əsdirən ermənilərin bu mahalda mövcudluğu özlərindən yox, tam olaraq Azərbaycandan və ermənilərin baş havadarından asılıdır.

2020-ci ilin 8 noyabrından sonra onların ötkəm-ötkəm danışmaq, hədə biçmək, “istəsək, elə edərik, belə edərik”, “öz müqəddaratını təyin etmək hüququmuz var” demək lüksü qalmamışdı. Sadəcə, yadelli hərbi kontingentin, Kremlin kölgəsinə sığınıb vaxt uzadırdılar.

Dron və güllə səsi qulaqlarından çəkiləndən sonra ağlı ötən illərə gedən rubenlər arada yenə köhnə ritorika ilə, təhdid diliylə danışmağa cəhd göstərdilər, amma həm situasiyanı, həm də öz güclərini düzgün hesablaya bilmədilər. Ona görə də onlar hazırda Bakıda cəza çəkir, böyük dövlətlərdən, beynəlxalq təşkilatlardan mədəd umurlar.

Hər il 8 mayda “qələbə təntənələti” təşkil edən, Xankəndi və İrəvanda mitinq keçirən, “qəhrəman zinvorların şücaəti nəticəsində işğaldan azad edilən Şuşi”yə dair şeirlər deyən, nəğmələr oxuyan, çıxışlar edən başqa “lider”lər də indi boynu buruq şəkildə oturub həyatlarının şokunu yaşayırlar.

O məşəqqətli illərdə biz də uzun çəkən şoka girmişdik, amma bu şokdan çıxacağımıza inam ölməmişdi. Bilirdik ki, təməlini Pənahəli xanın qoyduğu, tarixi boyunca Azərbaycan şəhəri olmuş, uzağı, qalaya pənah gətirmiş bir neçə yüz erməniyə sığınacaq vermiş şəhər bizimdir, bizim olmalıdır.

Hər il mayın 8-də çoşka kababından yeyərək, tut arağı. Hadrut çaxırı sümürərək, qızışan, axırda “Kalaşnikov”ların götürürək Bakı səmtinə işıqlı güllələrlə yaylım atəşi açan erməni hərbçilər isə elə bilirdilər ki, məsələ bitib, rəsmi Bakı əvvəl-axır Şuşanın itirilməsi gerçəyi ilə barışacaq.

Amma Bakı barışmırdı, barışmayacaqdı. Şuşa azərbaycanlılar üçün Qüdsə çevrilmişdi. Əsas məsələ də bu idi: şəhərin itkisi ilə barışmamaq, onu düşmənə bağışlamamaq, həlledici döyüşə hazırlaşmaq.

Bu arada Moskvadan Parisə, Brüsseldən Vaşinqtona qədər qüdrətli paytaxtlarda Şuşanın ermənilər üçün sənədləşdirilməsi proseduru aparılırdı. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin (ABŞ, Rusiya və Fransa) üçü də Şuşanı Azərbaycanın xəritəsindən silmiş, “müstəqil şəhər” etmişdilər, var qüvvələri ilə onun Ermənistanın yeni xəritəsinə yazmağa çalışırdılar.

Onlar niyyətlərini birbaşa, açıq-açıq demirdilər, amma “özünüz görürsünüz, başqa çıxış yolunuz yoxdur” deyirdilər.

Başqa çıxış yolu isə vardı. Bunu onlar da bilirdilər, ona görə də o çıxış yoluna da blok-post qoyurdular: “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”.

Axırda necə oldu? Məlum oldu ki, Qarabağ münaqişəsinin həlli yalnız hərbi yoldaymış. Danışıqlara qalsa, yəqin ki, son altı ildə də saysız-hesabsız görüşlər, danışıqlar olacaqdı. Erməni liderlər yenə “biz Qarabağı qan töküb almışıq” deyəcəkdilər, danışıqlar hər dəfə fiasko ilə nəticələnəcəkdi.

Ermənilər isə axırda qan gördülər, 44 günün içində qanları heç vaxt olmadığı qədər axdı və ağlaya-ağlaya məğlubiyyətlə barışdılar, əllərində heç olmasa köhnə vilayəti saxlamaq istədilər, amma ona da mənəvi haqlarının qalmadığını bilirdilər.

2023-cü ilin sentyabrında keçirilən 1 sutkalıq əməliyyatdan sonra heç bir qırğın, zorla deportasiya təhdidi olmadığı halda ermənilərin kütləvi şəkildə Qarabağdan köçməsi məhz onların bu mahalda yaşamaq üçün mənəvi haqlarını itirmələrini anlamaları ilə bağlıdır. Yoxsa rəsmi Bakı beynəlxalq qanunlara tam riayət edəcək, Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşamaq istəyən dinc ermənilərin təhlükəsizliyini və yaşamını təmin edəcəkdi. Çətin olacaqdı, gərginliklər yaşanacaqdı, amma Azərbaycan dövləti bunu edəcəkdi.

8 mayla 8 noyabrın arası o başdan (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) da altı aydır, bu başdan (noyabr, dekabr, yanvar, fevral, mart, aprel) da. Amma bu zaman kəsiyini biz 28 ilə keçdik, ədaləti bərpa etməyimiz, Şuşadan durub Xankəndiyə baxmaq imkanı qazanmağımız bu qədər çəkdi. Aradakı bu 28 ili ermənilər Azərbaycan xalqının ömründən oğurladılar. On minlərlə insan “Şuşa“, “Qarabağ” deyə-deyə həyatdan nisgilli köçdü.

Ona görə də 8 noyabrda bizə Zəfər hissi yaşadan bütün hərbçilərimizə – başda baş komandan İlham Əliyev olmaqla, əlinə yenicə silah götürmüş sonuncu əsgərə qədər, hər kəsə əbədi minnətdarlıq düşür.

Xalid KAZIMLI

(musavat.com)