Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri bazar ertəsi Birləşmiş Krallığın parçalanması prosesinə başlamaq məqsədi daşıyan razılaşmanı imzalamaq üçün bir araya gələcəklər.
Qaynarinfo “The Telegraph”a istinadən xəbər verir ki, Kardiffdə keçiriləcək və analoqu olmayan sammitdə üç ölkənin birinci naziri müstəqillik referendumlarının keçirilməsi hüququnu tələb edən birgə bəyannaməyə imza atacaq.
Görüş Endi Börnhemin parlamentdə Şotlandiyada yeni müstəqillik referendumunun keçirilməsinə “aydın konsensus” olduğu halda icazə verəcəyini bildirməsindən sonra keçirilir.
Sammit Donald Trampın vahid İrlandiyanı “görməyi çox istədiyini” bəyan etməsindən iki gün sonraya təsadüf edir. ABŞ prezidenti şənbə günü Dublinə səfəri zamanı Şimali İrlandiyanın İrlandiya Respublikasına qoşulmasının “möhtəşəm bir şey” olacağını deyib və “Bunun nəyi pis ola bilər?” sualını verib.
Trampın müdaxiləsi millətçi liderlərin baş nazirə təzyiqi artırdığı bir vaxtda baş verib. Börnhem isə İngiltərədə hakimiyyətin bölüşdürülməsini öz siyasi gündəminin əsas istiqamətlərindən birinə çevirib.
Şotlandiya Milli Partiyasının (SNP) lideri və Şotlandiyanın birinci naziri Con Svinni Börnhemin “Birləşmiş Krallığın sonuncu baş naziri kimi tarixə düşəcəyi” fikri ilə üzləşdiyini bildirib.
May ayında Uelsdə keçirilən seçkilərdə Leyboristlər Partiyasının ağır məğlubiyyəti nəticəsində ilk dəfə olaraq üç muxtar ölkənin hamısında müstəqillik tərəfdarı partiyalar hakimiyyətə gəlib.
“Pleyid Kymru” Kardiff Seneddində ən böyük siyasi qüvvəyə çevrilib və partiyanın lideri Rən ap İorvert may ayında Uelsin birinci naziri vəzifəsini tutub.
Bu arada SNP Şotlandiyada dominant siyasi qüvvə mövqeyini qoruyub. Partiya Holirud parlamentində altı mandat itirsə də, “Reform” və Yaşıllar Partiyası mövqelərini gücləndirib.
“Şinn Feyn” 2022-ci ildə Stormont seçkilərində qalib gəlib. Lakin Demokratik Birlik Partiyasının (DUP) parlamenti boykot etməsi səbəbindən Mişel O’Nil yalnız 2024-cü ildə birinci nazir vəzifəsinə keçə bilib. Gələn il keçiriləcək seçkilərdə “Şinn Feyn”in hakimiyyəti qoruyacağı gözlənilir.
Mişel O’Nil danışıqlarda “Şinn Feyn”in prezidenti və İrlandiya parlamentinin müxalifət lideri Meri Lu Makdonaldla birlikdə iştirak edəcək.
Üç lider Kardiff körfəzinə baxan beşulduzlu “St David’s Hotel”də bir araya gələrək yeni müstəqillik təşəbbüsündə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Mövcud vəziyyət “davamlı deyil”
Svinni bazar günü deyib:
“İlk dəfədir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın hər üçünə müstəqillik tərəfdarı birinci nazirlər rəhbərlik edir. Bu, mövcud vəziyyətin davamlı olmadığına və Vestminsterin Birləşmiş Krallıqdan sonrakı gələcəyə hazırlaşmalı olduğuna bundan daha aydın işarə ola bilməz.
“Ciddi konstitusiya dəyişikliklərinə dəstək danılmazdır. Endi Börnhem artıq Birləşmiş Krallığın sonuncu baş naziri kimi tarixə düşəcəyi fikri ilə üzləşməlidir.
“Sabah Kardiffdə adaların müxtəlif yerlərindən olan tərəfdaşlarla daha yaxşı gələcəyi müzakirə etməyi səbirsizliklə gözləyirəm. Bu gələcək isə yalnız müstəqilliklə bağlı yeni başlanğıcla mümkündür.”
Məlumata görə, üç birinci nazir sammit zamanı öz ölkələrinin öz müqəddəratını təyin etmək hüququnu təsdiqləyən birgə bəyannamə imzalayacaq.
Mənbələr “The Telegraph”a bildiriblər ki, məqsəd Börnhemə təzyiqi artırmaqdır. Baş nazir çərşənbə günü parlamentdə keçirilən sual-cavab sessiyasında ictimaiyyətin dəstəklədiyi halda Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendumun keçirilə biləcəyini deyib.
Baş nazir İcmalar Palatasında bildirib ki, ayrılma ilə bağlı səsvermənin keçirilməsi üçün Şotlandiyada tətbiq olunacaq meyar Şimali İrlandiyadakı vəziyyətlə “tamamilə eynidir”.
“Yaxşı Cümə razılaşması”nın şərtlərinə əsasən, İrlandiyanın birləşdirilməsi ilə bağlı referendumun keçirilməsi üçün potensial mexanizm mövcuddur. Sənəddə deyilir ki, Şimali İrlandiya əhalisinin əksəriyyətinin Birləşmiş Krallıqdan ayrılmağa səs verəcəyinin “ehtimal olunduğu” təqdirdə referendum keçirilməlidir.
“Mən ittifaq tərəfdarı olsaydım, çox narahat olardım”
Svinniyə yaxın mənbə Börnhemi sərt şəkildə tənqid edib:
“O, Şimali İrlandiya məsələsində Şotlandiya ilə bağlı arqumentdən istifadə etməklə səhvə yol verdi, sonra bu həftə Şotlandiya məsələsində Şimali İrlandiya ilə bağlı arqumentdən istifadə edərək yenidən səhvə yol verdi.
“Börnhem öz brifinq materiallarını oxumayıb və görünür, Birləşmiş Krallıq hökumətinin ittifaqla bağlı mövqeyinin əsaslarını bilmir. Mən ittifaq tərəfdarı olsaydım, çox narahat olardım.”
Danışıqlardan sonra tərəflər əməkdaşlıq öhdəliyini nəzərdə tutan anlaşma memorandumunu imzalayacaq və birinci nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Razılaşma dörd əsas sahəni əhatə edəcək: iqtisadiyyat, enerji, Avropa, beynəlxalq əməkdaşlıq və öz müqəddəratını təyin etmək hüququ.
Hər üç siyasi qüvvə öz ölkələrinin Avropa İttifaqının tərkibində olması barədə razılığa gələcək. Şotlandiya və Uels Aİ-yə yeni üzvlər kimi qoşulmalı, Şimali İrlandiya isə İrlandiya Respublikasının tərkibində olmalıdır.
Məlumata görə, anlaşma memorandumu müstəqilliyə hazırlıq çərçivəsində Avropadakı “qonşularla” münasibətlərin gücləndirilməsini də nəzərdə tutacaq.
Razılaşmanın iqtisadiyyatla bağlı hissəsində Birləşmiş Krallığın iqtisadi modelinin Şotlandiya, Uels və Şimali İrlandiya sakinlərinin maraqlarına cavab vermədiyi vurğulanacaq.
“Pleyid Kymru” görüşdən Uels hökumətinə vergi və xərclər üzərində daha geniş səlahiyyətlərin verilməsi üçün Börnhemə təzyiq göstərmək məqsədilə istifadə etməyi planlaşdırır. Partiya hazırda Xəzinədarlığa gedən Krallıq Əmlakının gəlirlərinin, o cümlədən dənizdə külək elektrik stansiyalarının qurulduğu dəniz dibindən əldə olunan gəlirlərin Uelsə verilməsini tələb edir.
Partiya həmçinin Leyboristlərdən Barnett formulunu daha əlverişli maliyyə razılaşması ilə əvəz etməyi, polis və dəmir yolu maliyyələşdirilməsi kimi sahələr üzrə əlavə səlahiyyətlərin Uelsə verilməsini istəyir.
“Pleyid Kymru” mənbəsi bildirib ki, enerji, iqtisadiyyat və Avropa ilə münasibətlər, eləcə də ölkələrin üzləşdiyi daha geniş siyasi və konstitusiya məsələləri və öz müqəddəratını təyin etmək hüququ ilə bağlı “praktiki siyasi əməkdaşlıq üçün güclü əsaslar var”.
Mənbə əlavə edib: “Ortaq maraqlarımızın olduğu və əməkdaşlığın təmsil etdiyimiz insanların həyatını yaxşılaşdıra biləcəyi məsələlərdə tərəfdaş və bərabərhüquqlu şəkildə birgə fəaliyyət göstərmək partiyalarımıza böyük fayda verə bilər.”
İrlandiyanın birliyi “uzaq perspektiv deyil”
“Şinn Feyn” mənbəsi bildirib ki, liderlər “hər bir xalqın öz gələcəyini xalqın iradəsinə əsaslanaraq demokratik yollarla müəyyən etmək hüququnun” necə həyata keçirilə biləcəyini müzakirə edəcəklər.
“Yaxşı Cümə razılaşması bizə bu qərarı vermək üçün demokratik vasitə təqdim edir və indi həmin seçimə ciddi şəkildə hazırlaşmağın vaxtıdır”, – mənbə bildirib.
“İrlandiyanın birliyi uzaq perspektiv deyil. Yeni İrlandiyanın qurulması ilə bağlı işə elə indi başlanmalıdır.”
Bununla belə, Börnhem cümə axşamı Svinniyə göndərdiyi məktubda növbəti parlament seçkilərinə qədər Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinin “mümkün olmadığını” bildirib.
Baş nazir Şotlandiyada müstəqillik referendumunun keçirilməsi üçün “konsensus olmadığını”, həmçinin hazırda Şimali İrlandiya əhalisinin əksəriyyətinin Birləşmiş Krallıqdan ayrılmaq istədiyini göstərən “aydın əsasın mövcud olmadığını” vurğulayıb.
Börnhem yazıb: “Leyboristlərin parlament çoxluğunu qazandığı 2024-cü il seçki proqramında bu məsələ birmənalı şəkildə ifadə olunmuşdu: “Leyboristlər müstəqilliyi və başqa bir referendumu dəstəkləmir. Bu yaxınlarda Qlazqoda görüşümüz zamanı sizə şəxsən bildirdiyim kimi, müstəqillik və referendum gündəmdən kənardır. Çünki bu məsələ diqqətimizi iqtisadiyyatın böyüdülməsindən və ailələrə yaşayış xərclərinin öhdəsindən gəlməkdə kömək göstərilməsindən yayındırardı”.
Aydın