00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
Cəmiyyət

Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun törətdiyi qanlı qətliam Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsini qırmağa hesablanmışdı. Lakin həmin gecə tökülən qan, xalqın mübarizə əzmini sarsıtmaq əvəzinə, müstəqillik istəyini daha da gücləndirdi.

20 Yanvar faciəsi Azərbaycan tarixində yalnız bir gecənin hadisəsi deyildi. Bu faciənin ağrısı sonrakı günlərdə də davam etdi. Sovet hakimiyyəti xalqın milli azadlıq hərəkatını boğmaq, insanları qorxu altında saxlamaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində də təzyiq və zorakılıqlara əl atdı. Cəlilabad, Neftçala və Lənkəranda yaşanan hadisələr bunun acı nümunələrindən idi.

Neftçalada qanlı yanvarın davamı

1990-cı il yanvarın 25-də sovet ordusunun hərbi texnikası – tanklar, zirehli texnikalar, əsgərləri daşıyan maşınlar və döyüş helikopterləri Neftçalaya yeridildi.

Milli Azadlıq Hərəkatının fəal mərkəzlərindən biri olan Neftçalada əsas hədəflərdən biri Azərbaycan Xalq Cəbhəsinin yerli qərargahı idi. Qərargah və ətraf binalar atəşə tutuldu, dinc əhali vahimə və dəhşət içərisində qaldı. Hətta 20 Yanvar şəhidlərinin xatirəsinə qurulmuş yas çadırları belə atəşdən kənarda qalmadı.

Hadisələr zamanı AXC-nin fəallarından və yerli sakinlərdən təxminən 50 nəfər həbs edildi. İki nəfər həyatını itirdi, yeddi nəfər yaralandı.

Həbs edilənlər əvvəlcə Bankə qəsəbəsində yerləşən hərbi hissəyə aparıldılar. Həmin günlərin şahidlərinin danışdıqlarına görə, saxlanılanlara verilən işgəncələrin səsləri eşidilməsin deyə hərbi texnikanın mühərrikləri işlək vəziyyətdə saxlanılırdı.

Bu, yalnız bir rayonun siyasi fəallarına qarşı həyata keçirilən əməliyyat deyildi. Bu, azadlıq istəyən bütöv bir cəmiyyətə qarşı yönəlmiş qorxutma və repressiya siyasətinin davamı idi.

Bir uşağın yaddaşına həkk olunan qorxu

Rayon mərkəzində baş verənlərin xəbəri qısa müddətdə kəndlərə də yayıldı. Aşağı Qaramanlı kəndində insanlar təşviş və qeyri-müəyyənlik içərisində idilər. Tankların gurultusu, alçaqdan uçan helikopterlərin səsi, insanların narahat söhbətləri kəndin üzərinə ağır bir qorxu kölgəsi salmışdı.

Həmin vaxt cəmi doqquz yaşı olan İbrahim də bu hadisələrin təsirindən kənarda qala bilmədi.

Milli Azadlıq Hərəkatının fəal ailəsində böyüyən İbrahim küçədə Qədimkənd məscidindən gələn insanlarla qonşuların söhbətinə şahid olur. Söhbət zamanı “cəbhəçiləri tuturlar, öldürürlər” sözlərini eşidir.

Uşağın zehnində isə bir fikir dolaşmağa başlayır: atası da həmin insanların arasında ola bilər.

İbrahim ağlayaraq təkrar edir:

“Atamı öldürəcəklər, atamı öldürəcəklər…“

Doqquz yaşlı bir uşağın bu sözlərindəki qorxu və çarəsizliyi təsəvvür etmək belə ağırdır. Onun üçün ata yalnız ailənin başçısı deyil, güvənc yeri, qoruyucusu və bütün dünyası idi. İndi isə həmin dünyanı itirmək qorxusu ilə üz-üzə qalmışdı.

Qısa müddət sonra İbrahimdə narahatlıq və halsızlıq əlamətləri meydana çıxır. Həkim müayinələrindən sonra ona qan xərçəngi diaqnozu qoyulur.

Yarımçıq qalan doqquz yaşlı ömür

İbrahim 11 ay müalicə alır. Ailəsi onun sağalacağına ümid edir. Lakin bütün səylərə baxmayaraq, İbrahimin həyatını xilas etmək mümkün olmur.

1990-cı il noyabrın 14-də İbrahim bu dünyaya gözlərini əbədi yumur.

İbrahimin taleyi 20 Yanvarın yalnız küçələrdə, meydanlarda və hərbi əməliyyatlar zamanı deyil, insanların ailə həyatında, uşaqların yaddaşında və gələcək talelərində də dərin izlər buraxdığını xatırladır.

Bəzən tarix kitablarında yalnız rəqəmlər, hadisələr və siyasi qərarlar yer alır. Amma həmin rəqəmlərin arxasında talelər, yarımçıq qalmış ömürlər, gözü yolda qalan analar, övladını itirən ailələr və uşaqlıq xatirələri qorxu ilə əvəzlənmiş balaca uşaqlar-insanlar dayanır.

İbrahim də həmin unudulmamalı talelərdən biridir.

20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın milli yaddaşında əbədi yaşayacaq. Həmin günlərin və sonrakı repressiyaların bütün qurbanlarını da xatırlamaq, onların talelərini gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur.

Azərbaycanın varlığı, azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış, bu yolda həyatını itirmiş, adı bilinən və bilinməyən, silahlı və silahsız bütün şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Ruhunuz şad, məkanınız cənnət olsun!

Uluyol.info

Tural İntiqam