00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Təhsil

Vahid məktəbli forması ilə bağlı YENİ QAYDALAR – Ekspert danışdı

Məktəblərdə vahid geyim formasına dair tələblərlə bağlı yeni qaydalar müəyyənləşdirilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Eyni zamanda, milli-mədəni tədbirlər zamanı Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onun elementlərindən istifadə mümkün olacaq.

Bəs vahid məktəbli forması məktəblərdə bərabər və sağlam təhsil mühitinin formalaşmasına nə dərəcədə təsir edir və yeni tələblərin tətbiqində əsas diqqət nəyə yönələcək?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a mövzunu belə şərh edib: “Məktəblərdə vahid geyim formasının tətbiqi müasir pedaqogika, təhsil sosiologiyası və idarəetmə fəlsəfəsinin ən çox müzakirə edilən, eyni zamanda fundamental mövzularından biridir.

Nazirlər Kabinetinin təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə mühüm və strateji dəyişikliklər təsdiqlənib. Dəyişikliyə əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Eyni zamanda, qərarda valideynlərin üzərinə övladlarının məktəbli forması ilə bağlı tələblərə riayət etməsini təmin etmək birbaşa vəzifə olaraq qoyulub.

Hesab edirəm ki, bu normativ hüquqi tənzimləmə təhsil müəssisələrində institusional nizam-intizamın gücləndirilməsi ilə yanaşı, inklüziv və bərabərhüquqlu akademik mühitin formalaşdırılmasına xidmət edən olduqca vacib və doğru yanaşmadır. Vahid məktəbli forması təhsil müəssisəsində səliqəli və yüksək estetik görünüş mədəniyyətini təşviq etməklə yanaşı, rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasına birbaşa xidmət edir. Çünki məktəbli geyimi həm də təhsil fəlsəfəsi, elmi pedaqogika və şagirdlərin sosial adaptasiyası kimi fundamental məqamları özündə birləşdirir”.
Fəlsəfə doktoru qeyd edib ki, pedaqoji psixologiyada zehni diqqətin tam cəmlənməsi və effektiv öyrənmə mühitinin formalaşdırılması tədrisin uğuru üçün ilkin şərtdir: “Diqqəti yayındıran amilləri və geyim üzərindən yaranan süni rəqabəti ortadan qaldıran standart geyim şagirdlərin diqqətini vizual faktorlardan tamamilə akademik fəaliyyətə yönəldir.

Təhsil sosiologiyası sahəsində genişmiqyaslı araşdırmalar aparmış tanınmış alimlərdir. En Bodin, professorlar Devid Brunsma və Virciniya Drautinin elmi tədqiqatları sübut edir ki, vahid məktəbli forması şagirdlərin diqqətinin yayınmasını və sosial bərabərsizliyi aradan qaldırmaqla təlimin nəticələrini və akademik nailiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Beynəlxalq elmi jurnallarda dərc olunan təhlillər və sahəvi araşdırmalar göstərir ki, məktəbli formasının tətbiqi sinif daxilində bullinq hallarını orta hesabla 60% azaldır, şagirdlərin akademik dərslərə fokuslanma səviyyəsini isə 55%-dək yüksəldir. Bu, pedaqoji nöqteyi-nəzərdən daxili motivasiyanın yüksəlməsinə və tədris prosesində şagirdlərin bərabər şərtlərlə elmi biliklərə yiyələnməsinə şərait yaradır.

Eyni zamanda, bu forma şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinə, onlarda daxili nizam-intizam məsuliyyətinin artmasına olduqca müsbət təsir göstərir”. Müsahibimizə görə, uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların qarşılıqlı münasibətində, eləcə də sinif otaqlarında real sosial bərabərliyin bərqərar olmasında mühüm pedaqoji rol oynayır: “Bu yanaşma şagirdlər arasında sosial-iqtisadi fərqlərin sinif otağına daşınmasının qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Təhsil sosiologiyası və müasir təlim metodikası sahəsində aparılan elmi tədqiqatların, xüsusən Stenford Universitetinin fəxri professoru və təhsil sosiologiyasında təhsil müəssisələrinin strukturunun, nizam-intizamının və vahid standartlarının cəmiyyətdə bərabərlik yaratma funksiyasını araşdıran ən nüfuzlu alimlərdən biri professor Con Meyerin araşdırmalarının ümumi qənaəti göstərir ki, məktəb mühitində xarici görünüşün standartlaşdırılması müəllim-şagird qarşılıqlı əlaqəsini daha sağlam zəminə daşıyır.

Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir. Sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya digər mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması pedaqogikanın təməl prinsipidir. Dövlət təhsil sisteminin dünyəvilik prinsipi də məktəbin bütün şagirdlər üçün tamamilə neytral və inklüziv bir mühit olmasını tələb edir”.
İlqar Orucova görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərar şagirdlər arasında məhz bu sosial bərabərliyin və standart məktəb mühitinin təmin olunmasına xidmət edərək dövlətin təhsil siyasətini uğurla reallaşdırır, tədris prosesinin keyfiyyətinə birbaşa dəstək verən əvəzsiz bir vasitə kimi özünü təsdiq edir: “Dünya miqyasında yüksək təhsiltutumlu və intizamlı sistemləri ilə tanınan, beynəlxalq pedaqoji standartlara önəm verən qabaqcıl ölkələrin təcrübəsi də vahid məktəbli formasının tətbiqinin nə qədər doğru bir strategiya olduğunu təsdiqləyir.

Dünyanın ən qabaqcıl təhsil sistemlərindən birinə malik olan Çin Xalq Respublikasında məktəbli formaları üçün dövlət səviyyəsində çox ciddi milli standartlar (GB/T 31888) tətbiq olunur. Çin Təhsil Nazirliyi geyimlərin funksionallığını, sosial təbəqələşmənin qarşısını almasını və yerli istehsalın şəffaflığını xüsusi tənzimləyir.

Avropada isə Fransa son illərdə şagirdlər arasında vizual bərabərliyi təmin etmək, ailələrin geyim xərclərini azaltmaq və dünyəvilik prinsipini qorumaq məqsədilə dövlət məktəblərində genişmiqyaslı vahid forma eksperimentləri həyata keçirmişdir.

Bənzər şəkildə İsveçrənin bəzi kantonlarında da xarici görünüş fərqini azaltmaq üçün məktəbli formalarının tətbiqi ictimaiyyət və təhsil idarəçiləri tərəfindən ciddi şəkildə dəstəklənir.

Almaniya, İsveç və Niderland kimi daha liberal təhsil fəlsəfəsinə malik ölkələrdə rəsmi uniforma məcburi olmasa da, son illərdə məktəblərdə iddialı brend yarışlarının və geyimə görə qruplaşmaların kəskinləşməsi səbəbindən həmin dövlətlərdə də vahid geyim kodeksinin tətbiqi və üzərində məktəb loqosu olan sadə geyimlərin təşviqi istiqamətində pedaqoji müzakirələr sürətlə artmaqdadır.
Böyük Britaniya, Yaponiya və ABŞ kimi nəhəng təhsil sistemləri isə artıq onilliklərdir ki, uniformanı məktəb təhlükəsizliyinin və akademik nizamın ayrılmaz bir elementi hesab edirlər.

Fikrimcə, yeni qaydaların ölkəmizdə uğurla mənimsənilməsi və cəmiyyət tərəfindən dəstəklənməsi üçün məktəbli forması tədris prosesinə, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilmişdir. Fəsillərin iqlim şəraitinə uyğunluğu, keyfiyyətli materiallardan istifadə uşaqların fiziki rifahı, daxili rahatlığı və sağlam inkişafı üçün əsas şərtdir”.

Ekspert onu da qeyd edib ki, geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə və məsuliyyətin bölüşdürülməsinə töhfə verir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət olunması bütün şagird və valideynlər üçün eyni dərəcədə məcburidir və burada hansısa istisnalar mövcud deyil.

Hökumətin qərarında əks olunan milli geyim elementlərinin milli-mədəni tədbirlər zamanı Pedaqoji Şuranın qərarı ilə istifadəsi istisnası isə qaydanın sərt və güzəştsiz deyil, mədəni dəyərlərə inteqrasiya olunmuş inklüziv, humanist və zəngin xarakterini nümayiş etdirir.

Düşünürəm ki, məktəbli geyimləri ilə bağlı yeni dəyişikliklər təhsil müəssisəsində sağlam və keyfiyyətli öyrətmə mühiti yaratmağa xidmət edən, akademik keyfiyyət ruhu və tam sosial bərabərlik mühiti formalaşdıran, eyni zamanda şagirdlərdə gənc yaşlarından estetik zövq və peşəkar nizam tərbiyə edən fundamental, strateji bir qərardır”.