ABŞ Senatının üç üzvü Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsini tələb edib.
Demokrat senatorlar Peter Welch və Tim Kaine, həmçinin respublikaçı senator Thom Tillis sentyabrın 25-də ABŞ dövlət katibi Marko Rubioya məktub göndərərək, Azərbaycanda siyasi motivlərlə həbs edildiyini bildirdikləri şəxslərin azad olunmasını ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığının əsas şərtlərindən biri kimi irəli sürüblər.
Senatorlar məktubda Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu bildirir və ABŞ administrasiyasını onların azad edilməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırırlar.
Məktubda xüsusilə 8 şəxsin dərhal azad edilməsi tələb olunur:
Əli Kərimli – AXCP sədri;
Ələsgər Məmmədli – media hüquqşünası, Toplum TV-nin həmtəsisçisi;
Anar Məmmədli – hüquq müdafiəçisi;
Qubad İbadoğlu – iqtisadçı və alim;
Fərid Mehralızadə – jurnalist və iqtisadçı;
Rüfət Səfərov – hüquq müdafiəçisi, keçmiş prokuror;
Tofiq Yaqublu – müxalif siyasətçi;
Ülviyyə Quliyeva (Ülviyyə Əli) – “Amerikanın Səsi”nin keçmiş Azərbaycan müxbiri.
Senatorlar qeyd edirlər ki, bu şəxslərin azad edilməsi ilə yanaşı, siyasi motivli ittihamlar və səyahət məhdudiyyətləri də aradan qaldırılmalı, saxlanılan şəxslərin ailələri, vəkilləri və tibbi yardımla əlaqəsi təmin edilməlidir.
Məktubda ayrı-ayrı şəxslərin həbsi və məhkumluğu ilə bağlı konkret hallar da sadalanır. Senatorlar həmçinin bəzi məhbusların səhhəti, həbsxana şəraiti və hüquqlarının pozulması barədə məlumatları diqqətə çatdırırlar.
ABŞ senatorlarının təşəbbüsünün diqqət çəkən tərəflərindən biri onun iki partiyalı olmasıdır. Məktuba həm demokrat, həm də respublikaçı senator imza atıb.
Senatorlar ABŞ administrasiyasını Azərbaycanla münasibətlərin inkişafı prosesində insan hüquqları məsələsini əsas gündəmlərdən biri kimi saxlamağa çağırıblar.
Məktubun tam mətni ABŞ senatoru Peter Welch-in rəsmi saytında dərc olunub.