Uluyol.info xəbər verir ki, London Kral Kollecinin alimləri nar, qoz və bəzi giləmeyvələrin qəbulundan sonra orqanizmdə yaranan urolitin A maddəsinin ürəyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini müəyyən ediblər.
“Science Advances” jurnalında dərc olunan araşdırmada ürəyin qanı normal pompaladığı, lakin əzələnin sərtləşməsi səbəbindən rahatlamasının çətinləşdiyi ürək çatışmazlığının bir növü araşdırılıb.
Heyvanlar üzərində aparılan təcrübələrdə urolitin A ürək toxumasının rahatlamasına kömək edib, çapıqlaşmanı azaldıb və ürəyin fəaliyyət göstəricilərini nəzarət qrupundakı modellərlə müqayisədə 80 faizə qədər yaxşılaşdırıb.
Alimlər bu təsirin ürək əzələsinin rahatlamasında və damarların fəaliyyətində iştirak edən PKG1α zülalı ilə əlaqəli olduğunu bildiriblər. Maddənin insan ürək toxumasının laboratoriya modelində də ürəyin rahatlama qabiliyyətini yaxşılaşdırdığı müşahidə edilib.
Bununla belə, tədqiqatçılar nəticələrin insanlarda ürək çatışmazlığının müalicəsi üçün narın istifadəsini tövsiyə etmək üçün hələ kifayət etmədiyini vurğulayıblar. Bu məqsədlə klinik sınaqların keçirilməsinə ehtiyac var.//tribuna.az