Bu axşam Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının bağlanış konserti baş tutub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər.
Festivalın bağlanış konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə keçirilən konsertdə violin ifaçısı Elisso Gogibedashvili solist qismində çıxış edib. Konsert proqramına A. Məlikovun “Nağıl” simfonik poeması, A. Qlazunovun violin və orkestr üçün a-moll konserti, op. 82, eləcə də O. Respighinin “Romanın şam ağacları” simfonik poeması daxil edilib.
Qeyd edək ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-də başlayıb. Festivalın açılış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. Üzeyir Hacıbəylinin adını daşıyan ənənəvi festival bu il 18-ci dəfə keçirilib. Sentyabrın 18-dən 30-dək davam edən festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri təşkil olunub.
Lamiyə Məmmədova




