Laçın istiqamətində xidmət edən Azərbaycan Ordusunun əsgəri Nəsimi Rasim oğlu Musayev Ermənistan ərazisində saxlanılıb. Hərbçinin sərhədi azaraq keçdiyi, yoxsa xidmət yerini bilərək tərk etdiyi hələlik məlum deyil.
Musavat.com xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğunun məlumatına əsasən, Nəsimi Musayevin sentyabrın 26-da xidmət yerində olmadığı müəyyən edilib. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvələri onun axtarışına cəlb olunub, faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında isə bildirilir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 29-da qarşı tərəfə hərbçinin naməlum şəraitdə xidmət yerini tərk etməsi və Ermənistan ərazisinə keçə biləcəyi barədə məlumat verib. Aparılan axtarışlardan sonra Nəsimi Musayev oktyabrın 1-də Zəngəzur mahalının Sisian bölgəsindəki Şəki kəndində saxlanılıb. Hadisənin təfərrüatlarının Azərbaycan tərəfinə təqdim olunduğu bildirilir.

Ermənistan tərəfi əsgərin Şəki kəndində bir evə daxil olduğunu və ev sahibəsini ayağından yaraladığını iddia edir. Hadisənin bu hissəsi Azərbaycan dövlət qurumları tərəfindən hələlik təsdiqlənməyib. Ermənistan məhkəməsi hərbçi barəsində həbs qətimkan tədbiri seçib.
Tanınmış hüquqçu, media hüququ üzrə mütəxəssis Rəşid Hacılı hadisəyə münasibət bildirərək diqqəti Azərbaycan və Ermənistanın səlahiyyətli qurumları arasında yaranmış əməkdaşlığa çəkib.

Rəşid Hacılı
Onun sözlərinə görə, müsbət məqam odur ki, Azərbaycan tərəfi hərbçinin itkin düşməsi və Ermənistan ərazisinə keçə bilməsi barədə əvvəlcədən məlumat verib, Ermənistan qurumları isə onu taparaq saxlayıb:
“Yaxşı olan odur ki, Ermənistan və Azərbaycanın dövlət qurumları işbirliyindədirlər. Azərbaycan əsgərin itdiyini xəbər verib, Ermənistana keçə biləcəyini deyib. Ermənistan tapıb, saxlayıb. Birgə araşdırıb qərar verəcəklər”.
Azərbaycan əsgərinin saxlanıldığı Şəki kəndinin özünün də olduqca maraqlı və ağrılı tarixi var.

Şəki kəndi tarixi Zəngəzur mahalında, indiki Sisian şəhərindən təxminən 5–6 kilometr məsafədə yerləşir. Kəndin adı hələ 1728-ci ildə tərtib olunan “İrəvan əyalətinin icmal dəftəri”ndə “Şəki” formasında qeydə alınıb.
Rəşid Hacılının paylaşdığı statistikaya əsasən, kənddə:
* 1831-ci ildə 148 nəfər;
* 1873-cü ildə 445 nəfər;
* 1886-cı ildə 657 nəfər;
* 1897-ci ildə 1191 nəfər;
* 1908-ci ildə 1605 nəfər;
* 1914-cü ildə 1584 nəfər azərbaycanlı yaşayıb.
1918-ci ilin avqustunda kəndin türk-müsəlman əhalisi silahlı erməni dəstələrinin hücumuna məruz qalıb. Əhalinin bir hissəsi öldürülüb, sağ qalanlar kənddən deportasiya edilib. Sonradan xaricdən köçürülən ermənilər Şəkidə yerləşdirilib.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlıların yalnız bir hissəsi doğma kəndinə qayıda bilib. Paylaşımda göstərilən rəqəmlərə görə, 1922-ci ildə Şəkidə 282 azərbaycanlı və 12 erməni yaşayırdı. 1926-cı ildə azərbaycanlıların sayı 385, ermənilərin sayı 407, 1931-ci ildə isə müvafiq olaraq 557 və 510 nəfər olub.

1988-ci ilin noyabrında kəndin azərbaycanlı əhalisi yenidən öz doğma yurdundan qovulub. Hazırda Şəkidə yalnız ermənilər yaşayır.
Beləliklə, Laçında xidmət yerindən itkin düşən Azərbaycan əsgərinin gedib çatdığı kənd adi yaşayış məntəqəsi deyil. Şəki Zəngəzurun azərbaycanlı əhalisinin iki dəfə deportasiya olunduğu, tarixi izləri və yaddaşı bu gün də yaşayan qədim kəndlərindən biridir.