Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi ekoloji problemə çevrilib.
Uluyol.info xəbər verir ki, son onilliklərdə müşahidə olunan dayazlaşma sahil xəttinin nəzərəçarpacaq dərəcədə dəyişməsinə səbəb olub. Xəzər dənizinin səviyyəsi son 48 ilin minimum göstəricisinə düşüb.
Məlumata görə, son 30 ildə dənizin səviyyəsi təxminən 2,5 metr aşağı enib. Dayaz sahələrdə suyun geri çəkilməsi daha aydın görünür və sahil xəttində ciddi dəyişikliklər qeydə alınır.
Mütəxəssislər Xəzərin dayazlaşmasının əsas səbəbləri sırasında iqlim dəyişikliklərini, qlobal istiləşməni, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasını, eləcə də dənizə daxil olan çay sularının həcminin dəyişməsini göstərirlər. Xəzərin su balansında Volqa çayı xüsusilə böyük rol oynayır.
Proqnozlara görə, Xəzərin səviyyəsi Baltik yüksəklik sisteminə əsasən mənfi 30 metr həddinə qədər enərsə, Azərbaycanın bəzi dayaz sahillərində dəniz xətti indiki mövqeyindən kilometrlərlə uzaqlaşa bilər. Ayrı-ayrı ərazilər üzrə geri çəkilmənin 12 kilometrə qədər çata biləcəyi bildirilir.
Belə davamlı azalma limanların fəaliyyəti, gəmiçilik, sahilyanı infrastruktur və Xəzərin ekosistemi üçün də ciddi nəticələr yarada bilər. //musavat.com