00:00 · 02.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama“Köhnə maşınlardan qurtulmaq üçün 1500 manat kifayət etmir…” – EkspertAzərbaycanda xərçənglə mübarizənin sirri – dəyişməyən reallıqLaçında itkin düşən hərbi qulluqçu Ermənistanda saxlanılıbKirayə evdə qalanlar bu pulu da ÖDƏMƏLİDİR – Məbləğ açıqlandıAzərbaycanda deputatın mandatı LƏĞV EDİLDİOktyabrda 9 gün iş olmayacaq – TarixlərPaşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldıQar və şaxta xəbərdarlığı – qarşıdakı qış necə keçəcək?Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama“Köhnə maşınlardan qurtulmaq üçün 1500 manat kifayət etmir…” – EkspertAzərbaycanda xərçənglə mübarizənin sirri – dəyişməyən reallıqLaçında itkin düşən hərbi qulluqçu Ermənistanda saxlanılıbKirayə evdə qalanlar bu pulu da ÖDƏMƏLİDİR – Məbləğ açıqlandıAzərbaycanda deputatın mandatı LƏĞV EDİLDİOktyabrda 9 gün iş olmayacaq – TarixlərPaşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldıQar və şaxta xəbərdarlığı – qarşıdakı qış necə keçəcək?
Türk Dünyası

Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablar

Tarixin asta-asta axdığı bu coğrafiyada nə vaxt başımız dara düşsə, gözlərimiz həmişə o biri tərəfə çevrilir. Bilirik ki, orada, uzaqlarda bir yerdə bizimlə eyni dildə dua edən, eyni mahnı ilə ağlayan, eyni qələbə ilə qürurlanan öz qardaşımız var.

Musavat.com-un məlumatına görə, bu fikirlər İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma Dərnəyi sədri, əslən İrəvandan olan tədqiqatçı, yazıçı, hər zanan yorulmadan Türkiyə-Azərbaycan, bütövlükdə Türk dünyası naminə çalışan Ziya Zakir Acara məxsusdur.

Son zamanlar Türkiyədən bəzi çevrələrin Azərbaycan əleyhinə kampaniya aparmasına reaksiyası zamanı Ziya Zakir Acar bildirib:

““Bir millət, iki dövlət” sözü sadəcə siyasi ifadə deyil; Şuşanın azadlığı uğrunda atılan hər addımda, Türkiyənin və Türk dünyasının hər guşəsində, İğdırda, İstiqlal küçəsində yüksələn hər duada təcəssüm edən bir ruhun adıdır. Lakin xəritənin bu qədim guşəsində bu sarsılmaz bağın kölgəsindən belə narahat olanlar var. Dostluğun, çiyin-çiyinə dayanmağın və birlikdə böyüməyin nə demək olduğunu bilməyən soyuq dairələrin hesablanmış planları aramıza sızır. Bəzən bir xəritə xəttində, bəzən bir ticarət yolunda, bəzən də ekranların arxasında gizlənmiş zəhərli bir cümlədə bu qardaşlığı sınağa çəkmək istəyirlər. Şüurlara bir pıçıltı yaymaq, məzhəbləri, şivələri, incə fərqləri qabardaraq araya soyuq məsafə qoya biləcəklərini düşünürlər. Halbuki bilmirlər ki, eyni kökdən qidalanan iki çinarın budaqlarını heç bir külək qopara bilməz. Onlar Zəngəzurdan keçəcək bir dəhlizin yalnız yolları birləşdirəcəyini düşünürlər. Halbuki həmin yol əsrlərdir həsrətlə gözləyən könüllərin, bir-birinə uzanan əllərin yoludur. Onlar boru kəmərlərindən keçən qazın hesabını aparırlar. Halbuki oradan axan, taleyi bir yazılmış iki xalqın gələcəyə olan sarsılmaz inamıdır. Nə sosial şəbəkələrdəki saxta hesabların qurduğu tələlər, nə də masa arxasında cızılan soyuq geosiyasi planlar bu ruhu zədələyə bilər. Çünki bu bağ diplomatik mətnlərin çox-çox fövqündədir; xalqın yaddaşında, şəhidlərin son nəfəsində və uşaqların gözlərindəki o məsum gələcəkdə möhürlənib. Qoy masa arxasında xəritələr çəkənlər, bağlı qapılar arxasında planlar quranlar öz incə hesablarının içində boğulsunlar. Onlar tarixi kağızdan, qardaşlığı isə yalnız mənafedən ibarət sanırlar. Halbuki bilmirlər ki, bu bağ soyuq müqavilələrlə deyil, al-qırmızı bayraqla yaşıl-qırmızı-mavi ay-ulduzlu bayrağın bir-birinə qarışdığı cəbhələrdə qanla və canla möhürlənib”.

IMG_1510.jpeg (81 KB)

Acar ardınca tarixə ekskurs edib:

“Tarix unutmur… Çanaqqalanın o cəhənnəm istisində, güllələrin havada toqquşduğu o palçıqlı səngərlərdə yan-yana yatan övladları unutmur. Gəncədən, Bakıdan, Qarabağdan qopub gələn azərbaycanlı igidlər “Anadolu bizim də ocağımızdır” deyərək gözlərini belə qırpmadan atəşə atıldılar. Analarının duaları ilə yola çıxan o gənclər Çanaqqala torpağına qanlarını qarışdırarkən arxalarında heç bir tərəddüd buraxmadılar. Bu gün Geliboludakı məzar daşlarında yazılan o adlar sadəcə bir ad deyil; sarsılmaz tale birliyinin əbədi abidələridir. Zaman keçdi, Anadolu bu dəfə Qurtuluş savaşının o zülmət günlərinə oyandı. Yoxsulluq və imkansızlıqlar içində bir millət varolma mübarizəsi apararkən yenə Xəzərin sahilindən tanış və isti bir səs yüksəldi. Nəriman Nərimanovun Qazi Mustafa Kamal Paşaya göndərdiyi tarixi məktubdakı cümlələr hələ də qulaqlarımızda səslənir: “Paşam, qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar.” Azərbaycan xalqı barmağındakı üzükdən, qulağındakı sırğaya qədər nəyi vardısa satıb Anadoluya neft, qızıl və ən əsası, tükənməz bir ümid göndərdi. O çətin günlərdə göndərilən hər damla neft türk ordusunun damarlarındakı inama çevrildi. Və 1918-ci ilin o alovlar içindəki günləri… Bakı daşnak və bolşevik dəstələrinin zülmü altında inləyərkən Qafqaz İslam Ordusunun başında gənc bir komandan – Nuru Paşa meydana çıxdı. Anadolu özü də yaralı olduğu halda qardaşının köməyinə çatmaqda bir an belə tərəddüd etmədi. Nuru Paşa və aslan nəfərləri dağları aşaraq atəş halqasının ortasından Bakıya daxil olduqda yalnız bir şəhəri xilas etmədilər; iki xalqın ruhunu bir daha ayrılmamaq şərtilə bir-birinə bağladılar. Bakı küçələrində yüksələn o sevinc göz yaşları türkün türkə duyduğu əbədi sevginin ən canlı şahidi idi. Məhz buna görə qoy içəridə və xaricdə nifaq toxumu səpmək istəyənlər əlləşib-vuruşsunlar. Çanaqqalada eyni torpaqda qucaq-qucağa yatanların, Qurtuluş savaşında çörəyini bölüşənlərin, Bakıda eyni sancaq altında şəhid olanların nəvələrini heç bir qüvvə ayıra bilməz. Bizim qardaşlığımız ani həvəslərin deyil, əsrlik vəfanın, silinməz yaddaşın əsəridir”.

Türk ziyalısı Şuşa Bəyannaməsinin bu birliyi daha da möhkəmləndirdiyini qeyd edib:

“2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mədəni və mənəvi bağları rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldərək bu qardaşlığı hüquqi və strateji baxımdan daha da möhkəmləndirib. Qarabağ zəfərinin və qardaşlığın rəmzi şəhəri Şuşada atılan bu imza iki ölkənin ortaq keçmişinə verilən söz və gələcəyinə cızılan müştərək baxışdır”.

Ziya Zakir Acar böyük türk liderlərinin məşhur ifadələrini bir daha xatırladıb:

“Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” anlayışı ilə Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi Şuşa Bəyannaməsi ilə gələcəyə daşınan silinməz bir əhdə çevrilmişdir. Qoy hesab aparanlar öz planlarını davam etdirsin, öz dərdləri ilə yansınlar. Xəzərin dalğaları Türkiyənin sahillərinə vurmağa, Ağrının kölgəsi Azərbaycanın bərəkətli torpaqlarını qorumağa davam etdikcə, bu torpaqlarda qardaşlıqdan daha böyük bir güc, dostluqdan daha uca bir həqiqət olmayacaq”.

Elşad Paşasoy,
Musavat.com