Oktyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Tamaşadan öncə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Xalq artisti Nurəddin Mehdixanlı, Xalq artisti, professor Bəsti Cəfərova çıxış edərək görkəmli yazıçının Azərbaycanın ictimai-siyasi həyatında, milli mədəniyyəti və ədəbiyyatında əvəzsiz xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan dramaturgiyasında psixoloji dərinliyi, insan mənəviyyatını və mürəkkəb xarakterləri ön plana çıxarması ilə seçilir.
Dramaturqun əsərləri uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında mühüm yer tutub, aktyor və rejissorların yaradıcılıq imkanlarının genişlənməsinə, səhnə obrazlarının psixoloji dərinliyinin artmasına böyük təsir göstərib.
Xalq yazıçısı İlyas Əfəndiyevin anım gününə həsr olunmuş “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
