Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması barədə təklifinə Kremldən ilk reaksiya gəlib. Moskva belə bir iştirakın məqsədəuyğun ola biləcəyini bildirib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov «Vedomosti» nəşrinin sualını cavablandırarkən danışıb.
Peskovun sözlərinə görə, Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakı məntiqli və məqsədəuyğun olardı.
O bildirib ki, Moskva hələlik təşkilata qoşulmaqla bağlı rəsmi dəvət almayıb. Bununla belə, məsələ Qazaxıstanla keçiriləcək danışıqlarda müzakirə oluna bilər.
«Bildiyiniz kimi, Rusiyada xalqları tarixi mənşəyinə görə türk olan bir sıra regionlar mövcuddur», – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov xüsusi olaraq qeyd edib ki, söhbət Rusiyanın ayrı-ayrı regionlarının deyil, Rusiya Federasiyasının bütövlükdə təşkilatın fəaliyyətinə qoşulmasından getməlidir.
Xatırladaq ki, oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın da bu birliyə daxil edilməsini təklif edib.
Beləliklə, Kreml Tokayevin təşəbbüsünə müsbət münasibət bildirsə də, Rusiyanın təşkilata üzvlüyü ilə bağlı hələlik rəsmi prosesin başlandığı açıqlanmayıb.