Meydan TV-də uzun müddətdir davam edən daxili qarşıdurma açıq qalmaqala çevrilib. Həbsdə olan üç jurnalist telekanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb. Onlar rəhbərliyi özbaşınalıqda, qeyri-şəffaf idarəçilikdə, əməkdaşlara psixoloji təzyiq göstərməkdə, jurnalistləri istefaya məcbur etməkdə və həbsdəki həmkarlarının taleyinə laqeyd yanaşmaqda ittiham ediblər.
Musavat.com xəbər verir ki, bəyanatı Meydan TV-nin həbsdə olan əməkdaşları Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Ümüdova imzalayıblar. Sənədi mühacir jurnalist, Meydan TV-nin Bakı ofisinin keçmiş rəhbəri Əfqan Muxtarlı öz sosial şəbəkə səhifəsində ictimailəşdirib.
“Menecer gəldi, özünü direktor və tək söz sahibi elan etdi”
Bəyanatda əsas ittihamlar Meydan TV-nin Berlindəki idarəçiləri Matt Kasper və baş redaktor vəzifəsini müvəqqəti icra edən Sevda Səmədovaya yönəlib.
Jurnalistlərin bildirdiyinə görə, əvvəlcə menecer kimi fəaliyyətə başlayan Matt Kasper sonradan özünü direktor və təşkilatın yeganə qərarvericisi elan edib.
Onlar Kasperin telekanalı qeyri-demokratik və qeyri-şəffaf idarə etdiyini, jurnalistlərə sərt iyerarxiya tətbiq etdiyini və qərarlarını müzakirəsiz qəbul etdirməyə çalışdığını iddia edirlər.
Sevda Səmədova isə əməkdaşlara qarşı mobbinq, psixoloji təzyiq və zorbalıqda ittiham olunur.
Bəyanatda onun “işçi haqları tanımıram” dediyi və redaksiyanın daxili strukturunun seçki yolu ilə formalaşdırılmasına qarşı çıxdığı bildirilir.
“23 aydır həbsdəyik, rəhbərliyin ciddi dəstəyini görməmişik”
Bəyanatın ən sərt hissəsi həbsdəki jurnalistlərə münasibətlə bağlıdır.
Müəlliflər iddia edirlər ki, həbsdə olduqları 23 ay ərzində rəhbərlik onların müdafiəsi üçün təsirli kampaniya təşkil etməyib, müraciətlərini cavabsız qoyub və fəaliyyətinə dair hesabat verməyib.
Onların sözlərinə görə, həbsxanadan göndərdikləri məqalələrin dərc edilməsi süni şəkildə gecikdirilib, məhkəmə prosesləri kifayət qədər geniş işıqlandırılmayıb.
Jurnalistlər yazırlar ki, bu məsələlərə etiraz etdikdə rəhbərlikdən belə cavab alıblar:
“Nəyi, necə, nə vaxt etmək lazım olduğunu biz bilirik”.
Bəyanat müəllifləri hesab edirlər ki, həbsdə olan Bakı komandasının mövqeyi və peşəkar fəaliyyəti faktiki olaraq diqqətdən kənarda saxlanılıb.
İstefalar, işdən çıxarılmalar və redaksiyada böhran
Meydan TV-də qarşıdurmanın yalnız həbsdəki əməkdaşlarla məhdudlaşmadığı bildirilir.
Əfqan Muxtarlının açıqlamasına görə, uzun illər telekanalda çalışmış Orxan Məmməd istefa verib. Həyatlarına təhlükə yarandığı üçün Almaniyaya aparılmış iki əməkdaş isə işdən kənarlaşdırılıb.
Həbsdəki jurnalistlər də redaksiyada yaradıcı azadlığın məhdudlaşdırıldığını, rəhbərliyin qərarlarına etiraz edən əməkdaşların ardıcıl şəkildə istefaya məcbur edildiyini bildirirlər.
Onlar Meydan TV-nin jurnalistikanın əsas prinsiplərindən uzaqlaşdığını, Azərbaycan auditoriyasına ünvanlanan peşəkar materialların yerini məhdud mövzuların və xarici kontentin tutduğunu iddia edirlər.
Əfqan Muxtarlı: “Meydan kiminsə kooperativi deyil!”
Bəyanatı yayan Əfqan Muxtarlı da mövcud rəhbərliyə qarşı olduqca sərt mövqe nümayiş etdirib.
O, Meydan TV-nin yaradılmasında birbaşa iştirak etdiyini, Bakı ofisini qurduğunu və onun ilk rəhbəri olduğunu xatırladıb.
Muxtarlı bildirib ki, telekanalın formalaşması üçün çoxsaylı jurnalistlər özlərinin və ailələrinin təhlükəsizliyini riskə atıblar. Buna görə də xaricdəki idarəçilərin həmin əməkdaşlara qarşı məsuliyyətsiz davranmağa mənəvi haqları yoxdur.
“Berlində isti evində oturub Meydana ‘rəhbərlik’ edən heç kəsin, özünü və ailəsini təhlükəyə atan jurnalistlərə qarşı ağalıq etməsinə haqları yoxdur”.
Muxtarlı rəhbərlikdəki bəzi şəxslərin Meydan TV-yə yalnız yüksək maaşlı iş yeri kimi baxdığını iddia edib.
“Meydan kiminsə kooperativi deyil. İctimai ehtiyaclardan yaranan kollektiv media qurumudur”.
O, Meydan TV işi üzrə 12 jurnalistin həbsdə olduğunu, onların ailələrinin də ciddi çətinliklərlə üzləşdiyini bildirib.
Muxtarlı xəbərdarlıq edib ki, rəhbərliyin fəaliyyətinə dair narazılıqların “daxili məsələ” adı altında ört-basdır edilməsinə imkan verilməyəcək.
Həbsdəki jurnalistlər rəhbərliyin istefasını tələb edirlər
Bəyanatı imzalayan jurnalistlər Matt Kasper və Sevda Səmədovanın rəhbərlikdən uzaqlaşdırılmasını, Meydan TV-də demokratik idarəetmənin və şəffaflığın bərpasını tələb edirlər.
Onlar hazırkı rəhbərliyi tanımadıqlarını və tələbləri yerinə yetirilənədək onun qərarlarını dəstəkləməyəcəklərini açıqlayıblar.
Bəyanatın sonunda belə deyilir:
“Yoxluğumuzu fürsət bilib mediamızı ələ keçirən, kürsüyə yapışan idarəçilər bilsin ki, Meydan TV azad jurnalistlərin ixtiyarına geri veriləcək”.
Müraciət #BuraSizinMeydanınızDeyil həştəqi ilə yekunlaşır.