Finlandiyada aparılan araşdırma ağacların yeraltı qızıl yataqlarının müəyyən edilməsində təbii göstərici rolunu oynaya biləcəyini üzə çıxarıb. Alimlər qızıl mədəninin yaxınlığında bitən bəzi küknar ağaclarının iynələrində qiymətli metalın mikroskopik hissəciklərini aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Futura” məlumat yayıb.
Araşdırma Oulu Universitetinin və Finlandiya Geoloji Xidmətinin mütəxəssisləri tərəfindən aparılıb. Alimlərin ehtimalına görə, yerin dərin qatlarında olan qızıl birləşmələri qrunt sularına qarışır, daha sonra ağacların kökləri və damar sistemi vasitəsilə iynələrinə qədər çatır. Burada mikroorqanizmlərin təsiri ilə həll olmuş metal bərk nanohissəciklərə çevrilə bilər. Bu proses biominerallaşma adlanır.
Hipotezi yoxlamaq üçün tədqiqatçılar Finlandiyanın Kittilä qızıl mədəni yaxınlığındakı İisokuotko yatağının üzərində bitən 23 Avropa küknarından 138 iynə nümunəsi götürüblər. Laboratoriya analizləri nəticəsində yalnız dörd ağacın nümunəsində qızıl nanohissəcikləri aşkarlanıb. Bu, araşdırılan ağacların 17,4 faizini təşkil edib.
Maraqlı məqamlardan biri də qızıl hissəciklərinin iynələrin hüceyrələri arasında yerləşməsi və bakteriyalarla əhatə olunmasıdır. Tədqiqat zamanı alimlər 998 bakteriya cinsini müəyyənləşdirib, maşın öyrənməsi vasitəsilə qızılın mövcudluğu ilə əlaqəli ola biləcək 18 bakterial taksonu seçiblər.
Bununla belə, tədqiqatçılar bakteriyaların qızıl nanohissəciklərinin yaranmasına birbaşa səbəb olduğunu hələ sübut edə bilməyiblər. Həmçinin hissəciklərin ölçüsü son dərəcə kiçik olduğundan onların ağaclardan çıxarılaraq kommersiya məqsədilə istifadəsi mümkün deyil.
Alimlər hesab edirlər ki, kəşfin əsas əhəmiyyəti geoloji kəşfiyyat işlərində yeni imkanlar yaratmasıdır. Əgər müəyyən bakteriya qruplarının qızıl yataqları ilə əlaqəsi digər ərazilərdə də təsdiqlənərsə, ağacların iynə və yarpaqlarının analizi yeraltı sərvətlərin axtarışını asanlaşdıra bilər.
Lakin bu metodun praktikada tətbiqi üçün müxtəlif bölgələrdə, iqlim şəraitində və fərqli yataq növlərində əlavə araşdırmalar aparılmalıdır.