ABŞ-ın sabi prezidenti Barak Obamanın 2026-cı il 3 noyabr aralıq seçkiləri kampaniyasında fəal iştirakı Demokratlar Partiyasının seçki nəticələrinə təsir edə bilən mühüm siyasi amillərdən biri kimi qeyd olunur.
Musavat.com bildirir ki, ABŞ mediası və siyasi ekspertləri Obamanın kampaniyada aktiv fəaliyyətinin Demokratların qələbəsində ciddi rol oynadığından yazır. Obama bu kampaniyada sadəcə keçmiş prezident kimi çıxış etmirdi. O, Demokratların seçicilərlə ünsiyyətində, partiyanın siyasi mesajlarının yayılmasında və xüsusilə tərəddüd edən seçicilərə müraciətində mühüm simalardan biri idi. ABŞ mediasının seçkiqabağı məlumatları onun fəallığının kifayət qədər geniş olduğunu göstərir. Obama seçki kampaniyasında Demokratlar üçün 13,6 milyon dollardan çox vəsaitin toplanmasına kömək edib. Demokrat namizədlər üçün təxminən onlarla reklam çarxında iştirak edib, Corciya, Texas, Ohayo və Miçiqan kimi siyasi baxımdan əhəmiyyətli ştatlarda mitinqlərə qatılıb. Onun çıxışları xüsusilə gəncləri, afroamerikalı seçiciləri və ənənəvi Demokrat elektoratını səsverməyə həvəsləndirib. NBC-nin sentyabr sorğusunda respondentlərin 43 faizi Obamanın dəstəklədiyi namizədə səs verməyə daha meyilli olduğunu, 37 faizi isə bunun əksini bildirmişdi. Bu, Obamanın siyasi nüfuzunun hələ də əhəmiyyətli olduğunu göstərən göstəricilərdən biridir.
Obama kampaniyada inflyasiya, yaşayış xərcləri, müharibə və administrasiyanın qərarlarını tənqid edən mesajları ön plana çıxarıb, müxtəlif ideoloji mövqelərdə olan Demokrat seçiciləri vahid siyasi məqsəd ətrafında səfərbər etmək üçün çalışıb.
Seçkilər göstərdi ki, ABŞ tarixində ilk qara dərili sabiq prezident Barak Obama prezidentlikdən getdikdən sonra da Demokratlar üçün ciddi siyasi resurs olaraq qalır. 2026-cı il seçki kampaniyası isə göstərdi ki, Obama yalnız keçmişin siyasi lideri deyil, həm də indiki siyasi proseslərə təsir göstərmək imkanına malik fiqurdur.
Ancaq şübhəsiz ki, Demokratların parlaq qələbəsini yalnız Barak Obamanın aktiv fəaliyyəti ilə bağlamaq düzgün olmazdı. Obama Demokratların qələbəsinin yeganə səbəbi deyil, lakin seçki kampaniyasının ən mühüm siyasi səfərbərlik simalarından biri olub. Bu nəticə onun 2028-ci il prezident seçkiləri ərəfəsində Demokratlar daxilində siyasi nüfuzunun və təsir imkanlarının qorunduğunu da göstərir.
Etibar Seyidağa, musavat.com